Bu günün (4 noyabr) XRONİKASI - - CƏBHƏ XƏBƏRLƏRİ

Bu günün (4 noyabr) XRONİKASI - CƏBHƏ XƏBƏRLƏRİ

=======================================

MƏLUMAT  6 - (14:06) 

Azərbaycan Müdafiə Nazirliyi: “Azərbaycan Ordusunun hərbi qulluqçuları mülki əhali ilə davranış qaydalarına əməl edir”

Hər gün döyüşlərdə üzləşdiyi uğursuzluqlar, verdiyi çoxlu sayda itkilər və itirdiyi vacib mövqelər düşməni müxtəlif üsullara əl atmağa vadar edir. “Müharibədə bütün vasitələr yaxşıdır” prinsipindən irəli gələrək düşmən artıq Azərbaycan Ordusunun hərbi qulluqçularına qarşı böhtan və qarayaxama kampaniyasına başlayıb.

Ermənistan tərəfinin guya Azərbaycan hərbçilərinin Xocavənd rayonunun Tuğ kəndində hərbi cinayətlər törətməsi barədə iddiaları iftiradan başqa bir şey deyil.

Ali Baş Komandanın da vurğuladığı kimi “Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq”. Məhz Ermənistan Gəncə və Bərdə şəhərlərinin dinc sakinlərini vəhşicəsinə raket atəşinə tutmaqla özünün əsl müharibə cinayəti törətdiyini bir daha sübut etdi.

Bildiririk ki, Azərbaycan Ordusunun şəxsi heyəti Beynəlxalq humanitar hüququn əsası hesab edilən Cenevrə konvensiyası və digər normativ-hüquqi sənədlərinin tələblərinə riayət edir. Bu isə o deməkdir ki, döyüşlərdə iştirak edən hərbi qulluqçularımız mülki əhali ilə davranış qaydalarına əməl edir.

=======================================

MƏLUMAT  5 - (14:06) 

Azərbaycan Müdafiə Nazirliyi: “Cəbhənin Ağdərə istiqamətində düşmənin UAZ-ı sıradan çıxarılıb”

Cəbhənin Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının bölmələrinə vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.

UAZ markalı hərbi avtomobilin sıradan çıxarılması nəticəsində məhv edilən şəxsi heyətlə arasında hərbi hissənin zabiti kapitan Ando Qrikoryan da olub.

=======================================

MƏLUMAT  4 - (12:17) 

Zenit qurğusu sıradan çıxarılıb - *VİDEO*

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hərbi texnikalarının sıradan çıxarılması üzrə fəaliyyətlər davam etdirilir.

Noyabrın 3-də günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətindəki yüksəkliklərdən birinə çıxarılmış Ermənistan silahlı qüvvələrinin 1 ədəd “M-55” zenit qurğusu dəqiq atəşlə məhv edilib.

Qeyd edək ki, 1955-ci ildə istehsal edilmiş, yüngül zirehli çoxməqsədli transportyor üzərində quraşdırılmış 20 mm-lik 3 topdan ibarət zenit qurğusu aşağı hündürlükdə uçan hədəflərini və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub.

 

 

Youtube linki: https://youtu.be/5e1A8yWciKY

=======================================

MƏLUMAT  3 - (10:14) 

Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Noyabrın 4-ü saat 01:08-dən 08:10-dək Ermənistanın Berd rayonu istiqamətindən Azərbaycanın Tovuz və Ağstafa rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən ara-sıra atəşə tutulub.

=======================================

MƏLUMAT  2 - (09:14) 

Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutur

- TƏCİLİ -

Noyabrın 4-ü saat 08.05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur.

Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür.

  =======================================

MƏLUMAT  1 - (08:00)  

 Cəbhədə noyabrın 4-nə olan son vəziyyət

Noyabrın 3-ü gün ərzində və 4-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd D-30 topu, “Zastava M-55” zenit qurğusu, 1 ədəd taktiki PUA-sı, 3 ədəd hərbi yük maşını məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

   =======================================

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !