Cüdo yığmamız 3 medalla "Böyük Dəbilqə"nin 5-cisi olub - -FOTO=2

Cüdo yığmamız 3 medalla "Böyük Dəbilqə"nin 5-cisi olub -FOTO=2

Dünyanı öz ağuşuna alaraq bir çox sahələri hətta iflic vəziyyətinə salan koronavirus pandemiyası üzündən uzun müddətli fasilədən sonra yenidən yarışlara qatılan cüdo üzrə Azərbaycan komandası Macarıstanın paytaxtında nəyə qadir olduğunu bir daha ortaya qoyub. Söhbət Budapeştdə keçirilən Olimpiya təsnifatlı "Böyük Dəbilqə" turnirindən gedir. Turnirə 3-ü qadın olmaqla 17 cüdoçu ilə qatılan Azərbaycan yığması biri qızı, ikisi bürünc əyarlı olmaqla qazandığı 3 medalla turniri 5-ci pillədə başa vurub. Xorvatiya, Sloveniya, İsveçrə, Monqolıstan. Argentina. Portuqaliya. Braziliya və bu kimi bir çox ölkələri geridə qoyan yığmamız Macarıstan turnirində yalnız Rusiya (5-4-1), Fransa (2-3-2), Türkiyə (2-0-0) və Kanadadan (1-1-0) geri qalıb.

Yığmamızın aktivinə yazılan medallara gəlincə, qızılı millinin və dünya reytinq cədvəlinin lideri olan Rüstəm Orucov (73 kq), bürüncləri isə Orxan Səfərovla (66 kq) Məmmədəli Mehdiyev (90 kq) qazanıb. Bu medallarla yanaşı, Rüstəm reqlamentə uyğun olaraq, aktivinə daha 700, Orxanla Məmmədəli isə hərəyə 350 reytinq xalı yazdırıb. Orucov reytinq cədvəlindəki lider mövqeyini bir qədər də möhkəmləndirib.

İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !