Böyük qayıdış üçün - Repatriasiya haqqında qanun qəbul olunacaq

Böyük qayıdış üçün “Repatriasiya haqqında” qanun qəbul olunacaq

 Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında zəfər yürüşünü qələbə ilə başa vuracaq və respublikamızın ərazi bütövlüyü təmin ediləcək. Məhz bundan sonra qaçqın və məcburi köçkünlərin öz yurdlarına köçürülüməsilə bağlı böyük qayıdış üçün ikinci mərhələ başlayacaq. Bunun üçün beynəlxalq hüquqa söykənən “Repatriasiya haqqında” qanun qəbul olunacaq.

 

“Könlü istəyən vətəndaş işğaldan azad edilmiş torpaqlarda yaşayacaq, iş quracaq”

 

Bu barədə danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, insanların öz torpaqlarına qayıdışı bir günün içində həll ediləcək məsələ deyil:

“Bu, illərlə davam edən bir proses olacaq. Digər tərəfdən, İlham Əliyevin idarəçilik məktəbinin istiqaməti proqramlarla idarəetmədir. Cənab Prezidentin hələ 2004-cü ildən bəri ilk fərmanı “Regionların sosial-iqtisadi inkişafı” ilə bağlı dövlət proqramı olub. Bundan sonra isə hər növbəti beş il üçün dövlət proqramı qəbul olunub. İşğaldan azad olunmuş torpaqlarımıza qayıdış da dövlət başçısının rəhbərliyi, müxtəlif dövlət qurumları cəlb olunmaqla proqramlar çəçivəsində icra ediləcək.

Eyni zamanda, dünya təcrübəsində var ki, belə proseslərə dünyanın müxtəlif qurumları - BMT, UNİCEF və s. təşkilatlar da qoşulur. Amma hesab edirəm ki, bütün bu işləri Azərbaycan özü görmək iqtidarındadır. Şübhəsiz ki, torpaqların minalardan təmizlənməsi, əraziyə dəyən maddi, ekoloji ziyanın miqdarını müəyyənləşəndən, ərazidə yaşamağın mümkünlüyü, hər cür təhlükəsizliyi təmin olunandan sonra biz ərazidə yaşayış evləri, infrastruktur da yaradacağıq, iş yerləri də açacağıq. Məhz bundan sonra vətəndaşlarımızın həmin torpaqlara köçməsi təmin olunacaq. Proqramda hansı kənddən, rayondan neçə nəfər, neçə ailə köçübsə, o qədər də evlər tikiləcək. Amma Azərbaycanın işğaldan azad edilmiş yerlərinə köçmək istəyində olacaq vətəndaşlar olacaqsa, təbii ki, bu, istisna edilmir, düşünürəm ki, onlara da lazımi şərait yaradılacaq. İstəyən şəxs işğaldan azad edilmiş torpaqlara köçə, orada özünə ev tikə və iş qura da bilər. “Repatriasiya haqqında” qanuna əsasən, bu işlər addım-addım həyata keçirilə bilər. İndiki məqamda əsas hədəfimiz torpaqlarımızın tam olaraq işğaldan azad edilməsidir. İnşallah, yaxın günlərdə sərhədlərimiz bərpa edildikdən sonra, düşünürəm ki, qalanları vaxta, maddiyyata bağlı və həll edilə biləcək işlərdir”.

 


Erməni siyasi dairələrinin düşmənçilik siyasəti

 

Komitə sədri qayıdışdan sonra icmaların birgə yaşayış məsələsinə də münasibət bildirib:

“Cənab Prezident xalqa son müraciətində vaxtilə Dağlıq Qarabağda yaşayan erməni vətəndaşlarla bağlı məsələyə də toxundu. O, yenə də humanizm göstərərək dedi ki, erməni xalqı ilə birlikdə əvvəllərdə olduğu kimi, birgə yaşaya bilərik. İndinin özündə Gürcüstanda, Rusiyada ermənilərlə azərbaycanlılar birgə yaşayırlar. Dünyada elə millətlər yoxdur ki, onların genetik düşmənçiliyi olsun. Ermənilərlə azərbaycanlılar arasındakı bu düşmənçilik erməni siyasi dairələri tərəfindən yaradılıb. Dağlıq Qarabağda yaşayan erməni əhali isə onların girovlarına çevirilmişdi. Kimlər ki, əlinə silah alıb Azırbaycana qarşı təxribat törədibsə, qanunla öz cəzasına çatacaq”.

 

“Qayıdışdan sonra bölgə mərkəzləri yaradılacaq”

 

M.Quliyev deyib ki, böyük qayıdışdan sonra illərdir həllini tapmayan bəzi problemlər də tədricən aradan qalaxacaq:

“Biz azad edilmiş torpaqlarımızda təkcə infrastruktur və yaşayış evləri tikməyəcəyik. Qayıdışdan sonra bölgə mərkəzləri yaradılacaq. Təhsil müəssisələri, institutlar, kolleclər, ali məktəblər də inşa olunacaq. Yəni söhbət rayonlardakı həyatın əvvəlki qaydada bərpasından getmir. Böyük universitetlərimizi, tibb müəssisələrimizi, mədəniyyət mərkəzlərini həmin rayonlara, şəhərlərə köçürə bilərik, yeni ali məktəblər yarada bilərik. Bunların hamısı dövlətin hazırlayacağı proqramda öz əksini tapacaq”. Modern.az

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !