Orxan Səfərov "Böyük Dəbilqə"nin üçüncüsü olub - -FOTO=5

Orxan Səfərov "Böyük Dəbilqə"nin üçüncüsü olub -FOTO=5

Bir gün öncə Macarıstanın paytaxtı Budapeştdə kişi və qadın cüdoçular arasında Olimpiya təsnifatlı "Böyük Dəbilqə" turnirinə start verilib. Dünyanı ağuşuna alan koronavirus pandemiyasından sonra keçirilən bu ilk yarışa ölkəmiz 3-ü qadın olmaqla 17 cüdoçu ilə qatılıb. Turnirin ilk gününü Azərbaycan yığması üçün uğurlu hesab etmək olar. Beləki, start günü tatmi üzərinə 4-ü kişi olmaqla 7 cüdoçu çıxıb ki, onlardan biri çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb. Söhbət 66 kq-da mübarizə aparan Orxan Səfərovdan gedir. İlk görüşdə hollandiyalı İvo Verxorstertı, ardından gürcüstanlı Baqrati Ninaşvilini üstələyərək 1\4 finala adlayan Orxan bu mərhələdə isə monqol cüdoçu Erxembayara Batoqtoxomu udaraq yarımfinala çıxıb. Təəssüflər olsun ki, cüdoçumuz finala çıxışda Rusiya təmsilçisi Yakub Şamilovla bacarmayıb və nəticədə özbəkistanlı Sardor Nurullayevlə bürünc medal uğrunda güləşməli olub. Səfərov bu dəfə də tatmidə qalib gəlməklə turnirin bürünc medalına layiq görülüb. O, həm də aktivinə 350 reytinq xalı yazdıra bilib.


Təəssüflər olsun ki, Səfərovla eyni gündə mübarizəyə qatılan digər cüdoçularımız ya ilk, ya da ikinci görüşdə məğlubiyyətlə üzləşərək turnirlə erkən və əliboş vidalaşıblar. 60 kq-da Kəramət Hüseynov startda, Davud Məmmədsoysa ikinci, 66 kq-da Nicat Şıxəlizadə startda, Leyla Əliyeva (48 kq) ikinci, Ayişə Qurbanlı (48 kq) birinci, ilk iki görüşünü udan Gültac Məmmədəliyeva (52 kq) isə 1\4-də, daha sonra da təsəlli görüşlərində uduzub.


Turnirin 24 oktyabra təsadüf edən ikinci günü isə daha 4 cüdoçumuz mübarizəyə qatılıb ki, onlardan da yalnız biri - 73 kq çəkidə mübarizə aparan Rüstəm Orucov uğurlu çıxışı ilə yadda qalıb. Bütün görüşlərində reytinq-favorit olan Orucov startda Anxzaya Lavjarqalı (Monqolıstan), ardından bolqarıstanlı Mark Xristovu və rusiyalı olimpiya çempionu Musu Moquşkovu məğlub edərək yarımfinala çıxıb. Bu mərhələdə isə o, isveçli Tommi Masiası udaraq finala çıxıb. Bununla da özünə ən pis halda turnirin gümüş medalını təmin edən Orucov həlledici finalda isveçrəli Nils Stampla üzləşməli olacaq.


Qeyd edək ki, Orucovla eyni gündə mübarizəyə qatılan digər cüdoçularımız - Telman Vəliyev (73 ka), Hidayət Heydərov və Murad Fətiyev (hər ikisi 81 kq) turnirlə erkən vidalaşıb.
Turnirin üçüncü - son günü isə çəkisi 90, 10 və +100 kq olan cüdoçular mübarizə aparacaqlar.


İNTİQAM Məmmədov  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !