Erkən nikah çarə deyil -

Erkən nikah çarə deyil

Erkən nikah problemlərinin aradan qaldırılması ilə bağlı
Masallıda aztəminatlı ailələrə dəstək verilir.


Masallıda fəaliyyət göstərən “Ümidin Sənsən” Sosial İnkişafa Yardım ictimai birliyi son vaxtlar bir çox maraqlı layihələrə imza atıb.
2020-ci ilin sentyabr ayından başlayaraq “Ümidin Sənsən” Sosial İnkişafa Yardım ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə "Aztəminatlı ailələr arasında "Erkən nikah çarə deyil!" adlı fərdi maarifləndirmə işinin aparılması və sosial dəstəyin göstərilməsi" layihəsini reallaşdırır.
Bəs bu layihə necə reallaşacaq? Sualımızı birliyin sədri Fidan Abbaslı cavablandırdı:
- Bəlli olduğu kimi erkən nikah son illər cəmiyyətin baş bəlasına çevrilmişdi. Bu sahədə aparılan səmərəli işlər artıq öz bəhrəsini verməkdədir. Hazırda reallaşdırmağa başladığımız layihə bu işləri daha da möhkəmləndirməyə yönəlib. Biz bu layihədə təkcə sözlə, maarifləndirmə ilə deyil, həm də konkret təhsilə yönəlik həvəsləndirici hədiyyələr də təqdim etməyi nəzərdə tutmuşuq.
Artıq layihənin işçi heyəti ilə müqavilələr bağlanıb. Layihənin strategiyası müzakirə olunub. Bu layihənin icrasına təcrübəli ekspert cəlb olunub. Yaxın günlərdə keçiriləcək fərdi maarifləndirmə işlərinə hazırlıq görülüb. Masallı rayonunun 5 fərqli, müxtəlif istiqamətlərdə yerləşən Ərkivan qəsəbəsi, Hışkədərə, Bədəlan, Çaxırlı, Qızılağac kəndində aztəminatlı və erkən nikahla bağlı risk qrupuna daxil olan cəmi 20 ailə müəyyən edilib. Həmin ailələr, onların ailə vəziyyəti və ehtiyacları araşdırılıb. Aztəminatlı ailədən olan qız övladları ilə fərdi söhbətlər zamanı onlara məktəbli forması və məktəb ləvazimatlarının verilməsi, eləcə də onlara gigiyenik vasitələr kimi tibbi maskalar paylanması nəzərdə tutulmuşdur.
Layihə çərçivəsində Cenub.az saytında multi-medi sistemlərindən istifadə olunmaqla erkən nikahla bağlı materiallar çap olunacaq. Layihə fəaliyyətləri ilə bağlı müvafiq qaydada hazırlanmış press-relizlər internet mediada və facebook sosial şəbəkəsində yayımlanacaqdır.

 

Layihənin həyata keçirilməsində məqsəd vətəndaş məsuliyyətini artırmaqla "Erkən nikah" və onun cəmiyyətdə yaratdığı problemləri minimuma endirmək, eyni zamanda aztəminatlı ailələrdən olan qız övladlarının təhsil almasına marağının artırılmasına dəstək olmaqdan ibarətdir
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !