Məşhur erməni rejissordan Azərbaycanla bağlı SENSASİON ETİRAFLAR: - Ermənistanı itirməmək barədə...

Məşhur erməni rejissordan Azərbaycanla bağlı SENSASİON ETİRAFLAR: Ermənistanı itirməmək barədə...

 “Artıq qəbul etmək lazımdır. Qarabağ uğrunda mübarizədə erməni rəhbərliyi Ermənistanı itirməmək barədə də düşünməlidir. Bu, kifayət qədər çətin vəziyyətdir”.

Bu sözləri Rossiya-1 telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişinin efirində erməni əsilli rusiyalı kinorejissor, Rusiyanın Xalq Artisti Karen Şahnazarov deyib.

O, çıxışında Ermənistan rəhbərliyini reallığa uyğun addımlar atmamaqda, illuziyalara qapılmaqda və vəziyyəti düzgün qiymətləndirməməkdə günahlandırıb. Həmçinin kinorejissor Ermənistanın Azərbaycanın ərazi bütövlüyü məsələsini diqqətə almalı olduğunu vurğulayıb.

"Təəssüf ki, bütün bu baş verənlər Ermənistan rəhbərliyinin düşünülməmiş atılan addımlarının nəticəsidir. Vəziyyət elədir ki, istər-istəməz Azərbaycanın ərazi bütövlüyü məsələsini qəbul etmək və hər hansı bir status üçün imkan axtarmaq lazımdır. Hansı ki, erməni əhalinin bu bölgədə təhlükəsizliyini, yaşayışını və mədəni inkişafını təmin eləsin. Başqa çıxış yolu yoxdur. Ermənistan cəmiyyətində hökm sürən bəzi illuziyalar var, məsələn “Biz İsrailik” illuziyası. İsraildə tamam başqa vəziyyətdir. Birincisi İsrail qat-qat güclüdür. İkincisi yəhudi diasporu erməni diasporundan qat-qat nüfuzludur", - deyə Şahnazarov qeyd edib.

Tanınmış rejissor həmçinin qeyd edib ki, Rusiyanın hazırkı münaqişəyə müdaxilə etməyə heç bir əsası yoxdur:

“Dediyim odur ki, Qarabağı Abxaziya, Cənubi Osetiya və Donbassla müqayisə etmək olmaz. Onlar Rusiya ilə sərhəddirlər. Qarabağ Azərbaycan ərazisində yerləşir. Bundan əlavə sözügedən 2 rayon da Azərbaycana aiddir. Hər halda 7 rayon qaytarılsa Qarabağ nə edəcək?! Bu gün Rusiyanın bu məsələyə qarışması üçün heç bir real hüquqi imkanı yoxdur”.

Vladimir Solovyov çıxışın bu hissəsinə müdaxilə edərək Şahnazarovun sözünə dəstək olaraq, bu məsələdə heç bir “soyqırımı” təhlükəsinin olmadığını da vurğulayıb.

Karen Şahnazarov Azərbaycan Prezidenti İlham Əliyevin münaqişə ilə bağlı çıxışlarına da toxunub: “Necə yanaşmanızdan asılı olmayaraq Azərbaycan Prezidenti çox qətiyyətli çıxış edir! O, daim ermənilər və azərbaycanlıların birlikdə yaşayacağını deyir.

Bilirsiniz, situasiyanı qiymətləndirəndə onu reallığa uyğun qiymətləndirməlisiniz. Özünüzü aldatmaq lazım deyil. Aydındır ki, Qarabağın müstəqilliyini heç kəs tanımayacaq”.(Qafqazinfo)

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !