Ağcabədinin yaşayış məntəqələri artilleriya atəşinə tutulub - -FOTO=15+VİDEO

Ağcabədinin yaşayış məntəqələri artilleriya atəşinə tutulub -FOTO=15+VİDEO

Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun cəbhə xəttinə yaxın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Nəticədə yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ziyan dəyir.

Ağcabədi rayonunun düşmənin artilleriya atəşinə məruz qalan yaşayış məntəqələrindən biri Yuxarı Qiyaməddinli kəndidir. Sentyabrın 27-dən indiyədək kənddə 12 ev tamamilə dağılıb, 44 evə ziyan dəyib. 56 baş xırdabuynuzlu, 30 baş iribuynuzlu heyvan, 200 baş ev quşları, 12 arı ailəsi tələf olub, 1000 ədəd ot bağlaması yanıb. Erməni hərbçiləri bu gecə və səhər saatlarında növbəti dəfə kəndi atəşə tutublar.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri Yuxarı Qiyaməddinli kəndinə gedərək, qəhrəman kənd sakinləri ilə həmsöhbət olub. Ağalar İsgəndərov düşmənin mütəmadi olaraq kəndi atəşə tutduğunu bildirib: "Axşam mərmilərdən biri oğlumun həyətinə düşüb. Evə, təndirxanaya ziyan dəyib. Lakin biz kəndimizi tərk etmirik. Ordumuza, Prezidentimizə güvənirik. Xüsusən Prezidentin çıxışları bizə böyük ruh yüksəkliyi verir".

Digər sakin Nurəli İsgəndərov isə deyib: "Səhər düşmən yenə kəndi atəşə tutmağa başladı. Həmin vaxt həyətdə idim. Mərmilərdən biri evimi dağıtdı. Evin içərisindəki əşyalar da yararsız hala düşüb. Bundan başqa bir inək, eləcə də toyuq-cücə tələf olub. Buna baxmayaraq, öz torpağımızda möhkəm dayanmışıq. Əminik ki, tezliklə qələbə qazanacağıq".

Qeyd edək ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı ən çox zərər çəkən, ağrı-acı yaşayan yaşayış məntəqələrindən biridir. Təmas xəttinə yaxın məsafədə yerləşən bu kəndi 1993-cü və 1994-cü illərdə Ermənistan silahlı birləşmələri iki dəfə işğal etsə də, Azərbaycan Ordusu tərəfindən düşməndən azad olunub. Kəndi tərk etməyə məcbur qalan ermənilər evləri yandıraraq, hər tərəfə mina basdırıblar. Öz doğma yurdlarına qayıdan kənd sakinləri ötən dövr ərzində həm ermənilərin basdırdığı minalardan, həm də atəşkəsi tez-tez pozmasından əziyyət çəkirlər. Lakin kənddə həyat hər zaman öz axarı ilə davam edir. Kənd sakinləri gündəlik qayğıları ilə məşğul olur, əkib-biçirlər. Buna səbəb isə kəndin dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunması, əhalinin yurda, torpağa bağlılığı, Azərbaycan Ordusuna və Ali Baş Komandana olan böyük inamıdır. 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !