Qarabağ – mədəniyyətimizin beşiyi : Xurşidbanu Natəvanın evi muzeyi -

“Qarabağ – mədəniyyətimizin beşiyi”: Xurşidbanu Natəvanın evi muzeyi

 Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən "Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

Azərbaycanın görkəmli şairəsi, "Xan qızı” adı ilə el arasında tanınan Xurşidbanu Natəvana məxsus ikimərtəbəli ev Şuşa şəhərində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsidir.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti material Xurşidbanu Natəvanın evi muzeyində həszr olunub.

1930-cu illərin əvvəllərində Azərbaycan vokal sənətinin banisi Bülbülün təşəbbüsü ilə Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi Məktəbi bu binada fəaliyyətə başlamışdır. 1984-cü ildən məktəb Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbi adlandırılıb.

1987-ci ildə binada əsaslı təmir və bərpa işləri aparıldıqdan sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialı burada fəaliyyətə başlayıb.

1992-ci ilin may ayının 8-də Şuşa şəhəri Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra muzeydə toplanmış yüzlərlə nadir sənət incisi, rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları, arxeologiya nümunələri işğalçılar tərəfindən dağıdılaraq qəsb edilib.

Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.azerbaijan-news.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !