Azərbaycan Respublikasının nümayəndə heyəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 71-ci sessiyasında iştirak edir - - FOTO

Azərbaycan Respublikasının nümayəndə heyəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 71-ci sessiyasında iştirak edir - FOTO

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun rəhbərlik etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti 5 oktyabr 2020-ci il tarixindən başlayan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) İcraiyyə Komitəsinin 71-ci sessiyasında iştirak edir. Oktyabrın 9-dək davam edəcək sessiyanın ilk günündə Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri qismində video formatda çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov əvvəlcə diqqəti ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ regionunda baş verən hadisələrə çəkib. Qeyd edib ki, beynəlxalq ictimaiyyət pandemiya ilə mübarizə apardığı bir dövrdə Ermənistan öz ənənəvi təcavüzkar siyasətindən əl çəkməyərək, Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini ağır artilleriya qurğularından atəşə tutub. Nəticədə üçü azyaşlı olmaqla 27 mülki şəxs həlak olub. Vüsal Hüseynov bildirib ki, son vaxtlar müntəzəm xarakter alan bu hərbi təxribatlara cavab olaraq, Azərbaycan erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi, beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin bərpası, eləcə də mülki şəxslərin təhlükəsizliyinin təmin olunması, qaçqın və məcburi köçkünlərin öz yurdlarına geri qayıtmaq hüquqlarının bərpası məqsədilə əks-hücum tədbirləri həyata keçirir.



Xidmət rəisi Ermənistanın beynəlxalq himayə sisteminin əsas prinsiplərini istismar etdiyini, beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozduğunu sessiya iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, Ermənistan ermənilərin, üçüncü ölkələrdən olan erməni mənşəli, eləcə də sığınacaq axtaran şəxslərin, muzdluların Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşmasını həyata keçirməklə Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik vəziyyəti dəyişməyi hədəfləyir.



Daha sonra V.Hüseynov ölkəmizdə COVİD-19 pandemiyası ilə əlaqədar həssas kateqoriyadan olan şəxslər üçün həyata keçirilmiş sosial layihələr,  Azərbaycan Respublikasında qaçqın statusunun müəyyənləşdirilməsi prosedurunda əldə olunmuş irəliləyişlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası 2019-cu ildə keçirilmiş Qlobal Qaçqın Forumunda və Vətəndaşsızlığa dair Yüksək Səviyyəli Seqmentdə götürdüyü öhdəliklərin icrası ilə bağlı müvafiq tədbirlər görüb. Belə ki, BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin himayəsində olan şəxslərin tibbi sığorta sisteminə daxil edilməsi təmin edilib, həmçinin onların qanuni əmək fəaliyyəti və əmək bazarlarına çıxışları sadələşdirilib. Bununla yanaşı, qaçqın tələbələrin ali təhsil almalarına dəstək məqsədilə də müvafiq tədbirlər görülməkdədir.
 


Xidməti rəisi qeyd edib ki, 2020-ci ilin yanvar ayından Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərin sərbəst hərəkət azadlığını təmin etmək üçün yol sənədlərinin rəsmiləşdirilməsinə başlanılıb. Görülmüş tədbirlərin qaçqınların müdafiəsi ilə məhdudlaşmadığını, eyni zamanda ölkədə vətəndaşsızlığın aradan qaldırılması istiqamətində də konkret addımların atıldığı bildirib. V.Hüseynov ötən sessiyadan etibarən Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin bir qisminin artıq Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə vətəndaşlığa qəbul edildiyini, həmçinin bu kateqoriyadan olan çoxsaylı müraciətlərin də baxılma mərhələsində olduğunu diqqətə çatdırıb.



Çıxışının yekununda Xidmət rəisi bir daha beynəlxalq ictimaiyyətin diqqətinin Dağlıq Qarabağ münaqişəsinə cəlb edilməsinin və regionda sülhün bərqərar olması üçün erməni işğalına son qoyulmasının vacibliyini vurğulayıb.
 


Xatırladaq ki, İcraiyyə Komitəsi BMT QAK-ın ali idarəedici orqanı olmaqla təşkilatın iki illik proqramını, büdcəsini təsdiqləmək, həmçinin beynəlxalq himayə sahəsində qlobal səviyyədə tövsiyələr vermək üçün illik əsasda Cenevrə şəhərində toplaşır. BMT Baş Assambleyasına yardımçı orqan kimi fəaliyyət göstərən İcraiyyə Komitəsinin builki sessiyasında Komitəyə üzv bir sıra dövlətlər baş nazirlər, baş nazirin müavinləri və digər yüksək vəzifəli şəxslər səviyyəsində təmsil olunurlar.
 


Sessiyada Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqovun rəhbərliyi ilə Nümayəndələyimizin əməkdaşları, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak edirlər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !