AZƏRTAC düşmənin hədəfə aldığı Mingəçevirdən xəbər verir VİDEO -

AZƏRTAC düşmənin hədəfə aldığı Mingəçevirdən xəbər verir VİDEO

 Sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

 

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini və kəndlərini mütəmadi atəşə tutmaqla, dinc sakinlərin əmlaklarına və infrastruktura ciddi ziyan vurur.

Ötən gün döyüş əməliyyatlarının aparıldığı bölgədən 100 kilometrdən artıq uzaqlıqda yerləşən Azərbaycanın sənaye şəhəri, 100 mindən çox əhalisi olan Mingəçevirin mülki əhalisinin sıx yaşadığı məntəqələr raket zərbələrinə məruz qalıb.

Xatırladaq ki, Mingəçevirdə su anbarı və istilik elektrik stansiyası yerləşir. Bu şəhərin hədəfə alınması düşmənin niyyətini açıq-aydın göstərir. Artilleriya atəşi nəticəsində sakinlərin evlərinə ziyan dəyib, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

AZƏRTAC-ın çəkiliş qrupu Mingəçevirdə olub, ziyan dəymiş evləri lentə alıb.

Ağdamdan olan məcburi köçkün, evi dağılan Yaqub Bağırov deyib ki, hadisə ötən gün gecə saatlarında baş verib: “Evimizdə televizora baxırdıq. Onda gördüm ki, evə mərmi düşdü. Hadisə nəticəsində evimə ciddi ziyan dəyib, ailə üzvlərimdən bir neçəsi xəsarət alıb. Erməni faşistinin, vandalının əlindən dinc sakini hədəfə almaqdan başqa ayrı heç nə gələ bilməz. Bu isə bizi qəti qorxutmur. Bilirsiniz niyə? Çünki bizim yenilməz, güclü ordumuz var, Ali Baş Komandanımız var. Biz onlara güvənirik. İnşallah, Allahın köməyi ilə torpaqlarımızın hamısı işğaldan azad olunacaq. Evimin dağılması məni sarsıtmır. Əsas odur ki, torpaqlarımız azad olunsun, yurdumuza qayıdaq, orada bundan da yaxşı ev tikib-quracağıq".

Zərərçəkmişin əmisi oğlu, Ağdam rayonundan məcburi köçkün, şəhərin Yeni Həyat qəsəbəsində yaşayan Musa Bağırov bildirib ki, Azərbaycan əsgərindən qorxan düşmən dinc əhalini hədəfə almaqla heyf çıxmaq istəyir. “Düşmən dinc əhaliyə, yaşayış məntəqələrinə qadağan olunmuş silahlardan atəş açır. Bu, bizi qorxutmur. Düşmənin atdığı bu raketlər bizim üçün heç nədir. Təki torpaqlarımızı qaytaraq. Prezidentimizin dediyi kimi, Azərbaycan əsgəri işğalçını iti qovan kimi qovur. Qələbəmiz uzaqda deyil”.

Şəhər sakini Səməndər Verdiyev də əmindir ki, qüdrətli ordumuz tez bir zamanda işğal altında olan torpaqlarımızda Azərbaycan bayrağını dalğalandıracaq.

Qeyd edək ki, sentyabrın 27-si saat səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Dinc sakinlər hədəfə alınıb, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !