Torpağına baş əyərəm, ey Vətən! -

Torpağına baş əyərəm, ey Vətən!

Vətən hər birimizin müqəddəs səcdəgahı, pənah yeridir. Vətən - doğma diyar, ana yurd... Vətən - babaların, dədələrin əmanəti... Vətən - tariximiz, ənənəmiz, azadlığımızdır... Vətən - bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır. Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır!. Dünyada ən böyük qəhrəmanlıqlar da məhz vətən naminə edilmişdir. Vətən üçün kimlər öz əziz canından keçməyib ki?! Görkəmli şəxsiyyətlər, qorxmaz sərkərdələr, cəsur igidlərin çiynində yüksəlib bu vətən! Ən ülvi duyğudur Vətən sevgisi... Vətən eşqi, müstəqillik əzmi!.. Min illərdir ki, millət olaraq damarlarımızda  axan, qanımızda, canımızda dövr edən həyat qaynağıdır bu sevgi. Yaşatdıqca bizi yaşadan vicdan və amal meyarımızdır. Vətən dünyaya göz açdığımız doğma od-ocaqdan, məndən, səndən, bizdən, elə özümüzdən başlanır. Axı Vətən təkcə yurd deyil. Vətən mənəm, Vətən sənsən, Vətən bizik. Vətən sevgi isə ana laylalarıyla başlayır. Hər bir sevginin təməli ailədə qoyulur, həmçinin, vətən sevgisinin.. Vətənpərvərlik duyğuları, vətənə olan məhəbbət eşqi uşaq yaşlarında formalaşır və bunun təməli də öncə ailədə atılır, daha sonra təhsil müəssisələrində, cəmiyyətdə özülü möhkəmlənir. Şəhidlik zirvəsini ən ali, ən uca zirvələrdən hesab edən bu günün mərd oğul-qızları da elə məhz bu cür vətənpərvər ailələrdə böyüyürlər.


Azərbaycan torpağı müqəddəs torpaqdır. Bu torpağın hər qarışında şəhid qanı var. Ana-bacılarının namusunu, torpaqlarının bütövlüyünü qorumaq üçün bir an belə, tərəddüd etmədən silaha sarılan, bəzən silahlı düşmənin qarşısına silahsız çıxıb sinəsini qabağa verən ərənlərimizin ruhları gəzir bu diyarda. Vətəni sevmək, vətənpərvər olmaq anlayışı tarixi qəhrəmanları tanımaq, onların həyat və döyüş yolu barədə məlumatlı olmaq, hərbi forma geyinib xidmət keçməklə ölçülmür. Vətənpərvər bir mühitin mövcudluğu mükəmməl şəkildə o zaman təzahür edir ki, bu hiss insanların hər hərəkətində, hər sözündə özünü göstərsin. Vətənin sərvətinin, sahibi olduğu milli-mənəvi dəyərlərin qorunması, kəndimizdə, şəhərimizdə, qəsəbəmizdə yaradılmış hansısa infrastrukturun qorunması, mühafizə edilməsi, ağsaqqal-ağbirçəyə hörmətlə yanaşılması, tapşırılan işin layiqincə və vicdanla icra edilməsinin özü belə, vətənpərvərlik nümunəsi hesab olunur. Bizim borcumuz isə bu bəhrələri qorumaq, “mənimdir” deyib əsl vətəndaş kimi bu tərəqqiyə sahib çıxmaqdır. Şair Məmməd Araz demiş: Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı.. Səməd Vurğunun bir kəlamını xatırlayaq: "Mənsub olduğu xalqın varlığı ilə fəxr etməyən, onun eşqini müqəddəs bir məşəl kimi  öz qəlbində yandırmayan bir insan öz vətəndaşlıq hissini dərk edə bilməz, ona vətənpərvər demək də gülünc olar..."


Və bunu da qeyd etmək lazımdır ki, nə vətənsiz bir millət, nə də millətsiz bir vətən ola bilər..
 

Hər kəs öz sevgisi, məhəbbəti, varlığıyla vətənini öz şəxsiyyətində, mənində yaşatmalıdır. Yaşatmalıdır ki, vətən yaşasın!



Cəbiyeva Fatimə,
BDU-nun Şərqşünaslıq fakültəsinin tələbəsi

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !