ICOM Azərbaycan Milli Komitəsi bəyanat verib -

ICOM Azərbaycan Milli Komitəsi bəyanat verib

Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində tarixi və mədəni irsin qorunması barədə bəyanat verib. Bəyanatda otuz ilə yaxındır ki, Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin qanunsuz işğalını davam etdirdiyi vurğulanıb. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalını pisləməsi və Ermənistanın təcavüzünə qarşı dörd qətnamə (822, 853, 874, 884) qəbul etməsinə baxmayaraq, Ermənistanın bu qətnamələrə əməl etmədiyi diqqətə çatdırılıb. Qarşı tərəfin 1994-cü ildə imzalanmış atəşkəs razılaşmasını pozmaqda davam etdiyi bildirilib.

Qeyd edilib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yüzlərlə mədəniyyət müəssisəsi – yüz mindən çox əsərin saxlanıldığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 700-dən çox tarixi və mədəniyyət abidəsi, o cümlədən, Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri, (VII-XII əsrlər), Kəlbəcərdə Gəncəsar və Xudavənd məbədləri (XIII əsr), Ağdamın Xaçın Türbətli kəndindəki məqbərə (XIV əsr), dünyanın ən qədim yaşayış yerlərindən biri sayılan Füzulidəki Azıx mağarası və Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib.

Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindəki mədəni irs nümunələrinin məhv və təhqir edilməsi yalnız Azərbaycan xalqına deyil, eyni zamanda bütün insanlığa qarşı törədilən vəhşilikdir. Bu vəhşi təcavüzə son qoymaq və daha çox dağıntıların qarşısını almaq yalnız Azərbaycanın deyil, bütün dünyanın narahatlığına səbəb olmalıdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !