Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Sevinc ƏDALƏTQIZI:
Səttarxan nəslinin və ruhunun varisi –

Aprel Şəhidi  Cabbarxan Hacıağayev

     Bu yazı Azərbaycanın ərazi bütövlüyü naminə  gedən Aprel döyüşlərində Lələtəpənin azadlığı uğrunda qəhrəmancasına canından keçmiş Vətən oğlu Cabbarxan Hacıağayevin Şəhadətinin 10-cu ildönümünə və anadan olmasının 30 illik yubileyinə ithaf olunur.
     Vətənin azadlığı, bütövlüyü, varlığı igid qəhrəman oğulların hünəri və qeyrəti sayəsində tanınar. Görkəmli sərkərdə, əfsanəvi xalq qəhrəmanı, təbrizli Səttarxanın nəslinin nümayəndəsi Cabbarxanın da qanına, canına hopmuş şiddətli Vətən sevgisi onun irsindən gələn  mənəvi ali dəyərlərin təzahürüdür. Cabbarxan təkcə Səttarxan nəslinin nümayəndəsi deyil, həm də onun azadlıq, mübarizə və vətənpərvərlik ruhunun layiqli davamçısı idi.     
     Cabbarxanın ömür yolu ilə tanış olduqca haqqında düşündükcə və söz açdıqca onunla bağlı məhz bu insani keyfiyyətləri xatırlayaraq belə bir qənaətə gəlirəm: Simasından nur yağan, çevikliyi, cəsarəti, əzmi və şücaəti ilə seçilən, ömrünü Vətənin azadlığı uğrunda qurban verməyi kişilik borcu bilən vicdanlı vətəndaş, qəhrəman Şəhid! Keşməkeşli tariximizin şanlı səhifələrində mərdliyi ilə iz qoymuş qüdrətli sərkərdə Səttarxanın nəslinin davamçısı  Cabbarxan Hacıağayev Azərbaycan gəncliyi üçün əsl vətənpərvərlik və qəhrəmanlıq nümunəsidir. 
     Cabbarxan İlham oğlu Hacıağayev 1996-cı il avqustun 4-də Bakıda hərbçi ailəsində dünyaya gəlib. Atası İlham müəllim Birinci Qarabağ müharibəsində könüllü batalyon tərkibində döyüşə yollansa da, məğlub əsgər kimi qayıtmışdı. İllər sonra taleyin qəribə gərdişi və hökmü nəticəsində onun keçdiyi şərəfli döyüş yollarının izi ilə böyük oğlu Cabbarxan addımlamalı, atasının məğlubiyyətini qələbə ilə taclandırmalı idi. Təbii ki, uğrunda can qoyub qanını tökdüyü Vətənin şərəfli və igid övladı kimi.
     Qəhrəman Şəhidimiz Cabbarxanın cəmi 19 illik keçdiyi şərəfli ömür yolunun hər səhifəsi onun necə uşaqlıqdan ailəsinə, Vətəninə sadiq, xeyirxah və qeyrətli övlad kimi yetişdiyini aydın şəkildə göstərir.
     Cabbarxan Bakının Yasamal rayonu ərazisində yerləşən 158 saylı orta məktəbin məzunu olmuşdur.  Bununla yanaşı, uşaqlıqdan idmana böyük maraq göstərmiş, müxtəlif olimpiada və yarışlarda birincilik qazanaraq bir sıra fəxri medallara layiq görülmüşdür. O, peşə məktəbində oxuduqdan sonra hərbi xidmətə qürurla yollanmışdır. 
    Belə ki, Cabbarxanın idman yarışlarında başından aldığı çapıq zədəsi onun hərbi xidmətə yollanmasına əngəl törədirdi.  Lakin Cabbarxan başından aldığı zədənin ona mane ola biləcəyini öyrəndikdən sonra, buna baxmayaraq, Vətənə olan oğul borcunu yerinə yetirmək üçün böyük əzmkarlıq göstərərək hərbi xidmətə yollanmağa can atırdı. O, çevikliyi, cəsarəti, idmançı görkəmi və cüssəsi ilə hərbi xidmətdə layiqincə vəzifəsini yerinə yetirmiş, nümunəvi əsgər kimi komandirlərin rəğbətini qazanmışdır. Onu şərəfli döyüş yoluna sövq edən də igid qəhrəmanımızın cəsurluğu və sonsuz Vətən sevgisi idi.
    İgid Cabbarxanı hər zaman narahat edən doğma torpağımız Qarabağın yağı düşmən əlində əsir qalması idi. Cəbhəyə könüllü yollanan yüzlərlə cəsarətli və mərd oğullarla bərabər Cabbarxan da döyüş mövqelərinin ön sırasında yer almaq istəyirdi. O, arzusuna, məqsədinə nail ola bilmişdi. 2016-cı ilin aprelində Cəbrayıl uğrunda döyüşlər başlayarkən Cabbarxan Lələtəpə yüksəkliyi uğrunda aparılan əməliyyatlarda canını qurban verərək Şəhadətə ucaldı. Həmin şiddətli döyüşlərdə mina partlayışı nəticəsində Cabbarxan ayağını itirdi.
    Lələtəpə azad olandan sonra yüksəkliyin ətəyində Cabbarxana rəmzi məzar qazıldı. Cabbarxanın cismi doğulduğu Bakının Xocahəsən kəndində torpağa tapşırılsa da, Lələtəpə yüksəkliyinin ətəyində onun bədəninin bir parçası sayılan ayağı dəfn edildi. Bu səbəbdən Cabbarxan iki məzarlı Şəhidlərimizdən biri sayılır.
     Cabbarxan ailənin beş övladından biri idi. Beləliklə, onlar ailədə üç bacı, iki qardaş olmuşlar. Cabbarxan isə evin ilk böyük oğlu idi. Ailəsinə və bacı-qardaşlarına çox bağlı, sakit təbiətli, zarafatcıl və mehriban bir övlad kimi yetişmişdi.  O, hərbi xidmətdə olduğu müddətdə hər danışığında, hər görüşündə və hər söhbətində özünü Şəhidlik zirvəsinə layiq görür, anasına isə Şəhid anası adını yaraşdırırdı. Cabbarxan anasını əsgər anası kimi deyil, Şəhid anası kimi görmək istəyir, hətta bunu ürəkdən arzulayırdı. Sanki Cabbarxanın Vətən torpağı uğrunda Şəhadətə ucalacağı öncədən ürəyinə dammışdı və bu, onun ən ülvi arzularından biri idi. O hiss edirdi ki, bu arzusunun gerçəkləşməsinin də öz zamanı var. Həmin zaman isə Aprel döyüşlərində yetişdi və  Cabbarxanın arzusu ilə məqsədi Şəhadət zirvəsində qovuşdu. Əslində, Cabbarxan üçün zaman da, həyat da bitmədi. O, ölümsüzlük adlı uca bir zirvədə məskunlaşdı. Əziz xatirəsi, şərəfli məsləki xalqımızın qəlbində və  yaddaşında yaşayır, daim yaşayacaq.
     Bu yazını İkinci Qarabağ müharibəsində qazandığımız möhtəşəm Qələbədən ilhamlanaraq böyük fəxr hissi ilə qələmə aldığım "Xudafərinin Zəfər dastanı" kitabımda Şəhid Cabbarxanın qəhrəmanlığına həsr etdiyim misralarla bitirmək istəyirəm.
Hələ Aprel zəfəri
Tarixdə şanlı addır.
Hərbimin müzəffəri,
Qələbəmə qanaddır.
Gəlir Lələtəpədən
Cabbarxanın sorağı.
Bayrağın kölgəsində,
Günəşin şöləsində,
Dönüb fəxri məzara
Təkcə Şəhid ayağı.
Səttarxan nəticəsi,
Zəfərimin haqq səsi.
Alıb xeyir-duasın
Sərkərdə babasından.
Burda da ayrı deyil,
Elindən, obasından.
Ruhunun məskənidir
Mələklərin fəzası.
Qeyrətdən nişanədir,
Şəhid düşmüş əzası.
    Fəxri məzara dönmüş Şəhid ayağının faciəsi bu misralarda ürək ağrısı ilə xatırlansa da, onun qəhrəmanlığı qürur və şərəf dolu hisslərlə anılır.
    İstər Aprel döyüşlərində, istərsə də İkinci Qarabağ müharibəsi zamanı gənc ömürlərini Vətən uğrunda qurban vermiş qəhrəman Şəhidlərimizin ruhuna xalqımız hər zaman borclu və minnətdardır. Azərbaycanı var edən, Vətənin qeyrət qalası sayılan igid, mərd oğullarımızın əziz xatirəsi heç zaman ürəklərdən silinməyəcək.
     Ulu babası Səttarxan kimi hünərli və qeyrətli olan Aprel Şəhidimiz Cabbarxan Hacıağayev misilsiz fədakarlığı ilə Azərbaycan gəncliyi üçün mərdlik, kişilik, eləcə də əsl qeyrət nümunəsidir. 
     Cabbarxan Hacıağayev göstərdiyi qəhrəmanlıq müqabilində Şəhidliyindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Ruhu şad olsun!
Sevinc ƏDALƏTQIZI

Best coffeeshop in Berlin