Azərbaycan dili, rus dili və VƏTƏNpərvərlik...

Azərbaycan dili, rus dili və VƏTƏNpərvərlik...

 Tanınmış Azərbaycan jurnalisti, 30 ildən çoxdur ki mərkəzi Rusiya mətbuatında çalışan Azər Mürsəliyev orta və ali təhsilini rusca alıb. Lakin "rusdilli" olsa da, bütün varlığı ilə azərbaycanlı olduğuna görə öz dilimizi mükəmməl olaraq Leninqradda oxuyarkən öyrənmişdi. Və "rusdilli" olsa da, bu gün dilimizi yaxşı bilən, lakin rus dilini bilmədikləri üçün o dilə ikrahla baxan, o dilin ruslardan daha çox bizə gərək və əhəmiyyətli olduğunu anlamayan çox-çox ziyalılarımızdan, o cümlədən bəzi deputatlarımızdan daha çox vətənpərvərdir!
"Rusdilli" olmaq və ya doğma dilimizi zəif bilmək heç də və qətiyyən vətənpərvər olmamaq deyil! Bu cür düşünürük ki, rus dilini kütləvi şəkildə bizlərdən daha yaxşı bilən ermənilər bütün Rusiyada ən mühüm postlardadırlar, bütün TV-ləri zəbt ediblər. Gəlin görək, bu gün bizi Moskva teatr və TV-lərində təmsil edə biləcək nə qədər aktyorlarımız, sənətçilərimiz var? Bütün dünyaya səs salmış Rəşid Behbudovdan, Müslüm Maqomayevdən, Polad Bülbüloğludan, "Qaya" kvartetindən sonra Azərbaycanı Rusiyada, MDB ölkələrində əvvəlki tək yüksək səviyyədə təmsil edə biləcək kimimiz var? Yusif Eyvazovdan başqa təəssüf ki, yoxdur, boşluqdur!
Mənim indi Moskva mətbuatında çalışan çox istedadlı bir jurnalist dostum var - Azər Mürsəliyev. Ali təhsilini Leninqradda alıb. Çox yüksək intellektə malik bir jurnalistdir. Biz onunla "Vışka" qəzetində işləyəndə bir dəfə danışmışdı ki, Leninqradda oxuyarkən azərbaycanlı tələbələrin onunla və bir-biri ilə rusca danışması ona çox ağır gəlmişdi və hamıya demişdi ki, mənimlə öz dilimizdə, azərbaycanca danışın. Və etiraf edir ki, Leninqrada gedənədək yalnız məişət səviyyəsində danışmağı bacarsa da, Azərbaycan dilini mükəmməl olaraq məhz Rusiyada, Leninqradda oxuyarkən öyrənmişdi. Azərbaycan mətbuatının korifeylərindən olan Osman Mirzəyev o zaman "Vışka"nın redaktor müavini idi, Azərlə tez-tez söhbətləri olurdu. Bir dəfə mənə dedi ki, Azərin rusca təhsil almasına baxmayaraq, doğma dilimizi incəliklərinə qədər bilməsi və iliyinə qədər vətənpərvər olması, Azərbaycanı böyük vurğunluqla sevməsi, tariximizi, qədim və müasir ədəbiyyatımızı, incəsənətimizi dərindən bilməsi onda - Osman müəllimdə çox böyük fərəh və qürur hissi doğurmuşdu. Məlumatı olmayanlar üçün onu da xüsusi olaraq yada salım ki, Azər "İzvestiya" qəzetinin xüsusi müxbiri olarkən SSRİ-nin siyasi rəhbərlərindən, o cümlədən B.Yeltsindən, xalqımızın böyük dostu N.Nazarbayevdən və digərlərindən çox maraqlı müsahibələr götürmüş, dünya siyasəti və Qarabağla bağlı mühüm analitik yazılar vermişdi. O, bugünədək də Moskva mətbuatında çalışır. Öz doğma dili ilə yanaşı rus və ingilis dillərini də mükəmməl bilməsi ona nəinki mane olmamış, hətta Rusiya mətbuatının elitasında özünə möhkəm yer tutmasına səbəb olub. O, 2009-cu ilin yanvarından "Kommersant" qəzetinin baş redaktoru və "Kommersant" nəşriyyat Evinin şef-redaktorudur. Fürsətdən istifadə edib, burdan xalqımızın vətənpərvər oğlu Azər Mürsəliyevi ürəkdən salamlayır və ona daha böyük uğular arzulayıram! aze.az Rəhman Orxan

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]