RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB - (+FOTOLAR)

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Mayın 15-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin
növbəti iclası keçirilib. İlk olaraq ölkə Prezidenti İlham Əliyevin
"Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət
Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında"
Fərmanından danışılıb. AMEA-nın prezidenti, akademik Akif Əlizadə
akademiyanın bir neçə üzvünün komissiya daxil olduğunu diqqətə
çatdırıb. AMEA rəhbəri 2018-ci il üzrə akademiyadan Dövlət Mükafatları
Komissiyasına təqdim olunan əsərlər haqqında məlumat verib.

 

Tədbirdə AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər
doktoru Fətəli Abdullayevin "AMEA-nın Yüksək Texnologiyalar Parkının
fəaliyyəti haqqında" mövzulu məruzəsi dinlənilib.

 

Sonra elmi-təşkilati məsələlərə baxılıb. İlk olaraq AMEA-nın növbəti
Ümumi yığıncağının keçirilməsi haqqında müzakirə aparılıb. Mövzu ilə
bağlı çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev
yığıncağın gündəliyindəki məsələlər barədə məlumat verib. Rəyasət
Heyəti tədbirin bu il iyunun 8-də keçirilməsini qərara alınıb,
gündəliyi təsdiq edib.

 

İclasda AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda Kompüter genomikası
beynəlxalq laboratoriyasının yaradılması məsələsinə baxılıb. Biologiya
və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman
Əmiraslanov bildirib ki, Genetik Ehtiyatlar İnstitutunda Yeni Nəsil
Sekvenserləri (YNS) ilə təchiz olunmuş laboratoriya qurulduqdan sonra
genom səviyyəsində tədqiqatlar sahəsində mühüm nailiyyətlər qazanılıb.
Akademik YNS-dən istifadə etməklə bitki genetik ehtiyatlarının
genotipləşdirilməsi sahəsində dünyanın ən aparıcı elmi mərkəz və
universitetlərində istifadə olunan "sekvens əsasında genotipləşdirmə"
və "çoxpraymerli amplikon sekvensləmə" metodları ilə tədqiqatlara
başlanıldığını, 1000-dən artıq bitki nümunəsinin genotipləşdirildiyini
diqqətə çatdırıb.

 

Natiq vurğulayıb ki, Rəyasət Heyəti tərəfindən maliyyələşdirilən elmi
tədqiqat proqramı çərçivəsində, ilk dəfə olaraq, "Azərbaycan
gülöyşəsi" nar sortunun tam genomunun de-novo oxunması və altı orqanı
üzrə transkriptom analizi yekunlaşdırılıb. Əldə edilən genom
məlumatlarının analizi istiqamətində kompüter genomikası və
bioinformatika sahəsi üzrə ABŞ, Rusiya, Yaponiya, Avstraliya və digər
ölkələrdə fəaliyyət göstərən xarici alimlərlə sıx əməkdaşlıq qurulub.
Ə.Əmiraslanov əlavə edib ki, xaricdə yaşayan azərbaycanlı və əcnəbi
alimlərlə genom tədqiqatları sahəsində aparılan birgə elmi tədqiqat
işlərinin daha da gücləndirilməsi məqsədilə Kompüter genomikası
beynəlxalq laboratoriyasının yaradılmasına ehtiyac var.

 

Rəyasət Heyəti qeyd olunanları və bölmənin vəsatətini nəzərə alaraq,
Genetik Ehtiyatlar İnstitutunun Biotexnologiya şöbəsinin tərkibində
Kompüter genomikası beynəlxalq laboratoriyasının yaradılması haqqında
qərar qəbul edib.

 

Sonra bir sıra struktur dəyişikləri müzakirəyə çıxarılıb. Rəyasət
Heyəti Genetik Ehtiyatlar İnstitutunda İnsan genetikası
laboratoriyasının və Zoologiya İnstitutunun Mingəçevir elmi-təcrübə
dayaq stansiyasının yaradılması, həmçinin Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin strukturunda qismən dəyişiklik edilməsini qərara alıb.

 

Tədbirdə görkəmli tibb alimi, istedadlı pedaqoq və tanınmış cərrah
uroloq, professor, Əməkdar Elm Xadimi, Azərbaycan Tibb Universitetinin
Urologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Sudeif
İmamverdiyevin 80 illik yubileyinin qeyd olunması haqqında qərar qəbul
edilib.

 

Alimin çoxillik məhsuldar və səmərəli elmi fəaliyyətini, ölkəmizdə
tibb elminin inkişafında mühüm xidmətlərini nəzərə alaraq və anadan
olmasının 80 illiyi münasibətilə AMEA-nın Fəxri Fərmanı ilə təltif
edilməsi qərara alınıb. Qərarda yubilyarın Dövlət tərəfindən
mükafatlandırılması haqqında vəsatət qaldırılması, onun "Böyrəklərdə
ikitərəfli mərcanvari daşların diaqnostikası və müalicəsi" elmi
əsərinin AMEA-nın 2018-ci il üzrə nəşriyyat planına salınması da yer
alıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !