Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinın bəyanatı -

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinın bəyanatı

Kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindəki qondarma separatçı rejimin “özünüidarə orqanları”na sentyabrın 13-də qanunsuz “seçkilər” keçiriləcək.

Bu fikir Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən AZƏRTAC-a daxil olmuş bəyanatda yer alıb.

Bəyanatda deyilir ki, Xarici İşlər Nazirliyi Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin təcavüzün və irqi ayrı-seçkiliyin mütləq nəticəsi olduğunu bir daha vurğulayır. Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il 16 iyun tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə çıxardığı qərarında da təsdiq edildiyi kimi, bu rejim Ermənistanın idarəçiliyi və nəzarəti altındadır. O, Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində öz mövcudluğunu davam etdirir.

Ermənistanın Azərbaycana qarşı müharibəyə başladığı, zordan istifadə edərək Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi, bir milyondan çox azərbaycanlını öz doğma torpaqlarından didərgin salaraq etnik təmizləmə həyata keçirdiyi və digər ağır cinayətlər törətdiyi hamıya yaxşı məlumdur. BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində təsbit olunduğu kimi, beynəlxalq ictimaiyyət Azərbaycana qarşı zor tətbiq edilməsi və bunun nəticəsində Azərbaycan ərazilərinin işğalını kəskin şəkildə pisləyib, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozan istənilən əməlləri rədd edərək, bu əməllərin nəticəsində yaradılmış vəziyyətin qanuniliyinin tanınmaqdan imtina edib.

Qondarma “seçkilər”in keçirilməsi niyyəti bir daha aydın şəkildə göstərir ki, status-kvonun saxlanılması, işğalçı siyasətin və ilhaq niyyətinin möhkəmləndirilməsi üçün davamlı addımlar atan Ermənistan silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı deyil, əksinə, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutub.

Azərbaycan ərazilərinin hərbi işğalının və etnik təmizləmə siyasətinin davam etdiyi şəraitdə qondarma rejimin “özünüidarə orqanları”na qanunsuz “seçkilər” keçirilməsi Azərbaycan Respublikası Konstitusiyasının, beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır, buna görə də bu “seçkilər”in heç bir hüquqi qüvvəsi ola bilməz.

Ermənistan Azərbaycanın işğal altında saxladığı ərazilərini ilhaq etməyə müyəssər ola bilməz. Davamlı və uzunmüddətli nizamlanmaya nail olunmasının yeganə yolu BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd edilən qətnamələrində də tələb olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionundan və işğal olunmuş digər ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına və mülkiyyətlərinə qayıtmaları hüquqlarının təmin edilməsidir. Bu münaqişə yalnız Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyü əsasında həll edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasını pozan və beynəlxalq hüquqla uyğun olmayan fəaliyyət münaqişənin həlli yolu ola bilməz. Güc tətbiq etməklə ərazinin işğalı beynəlxalq ictimaiyyət tərəfindən heç zaman qanuni tanına bilməz. Azərbaycan heç zaman öz ərazilərinin işğalı ilə barışmayacaq. Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç zaman Ermənistanın arzuladığı siyasi nəticəni verə bilməz.

Azərbaycan Respublikası dünya ictimaiyyətinin bütün üzvlərini beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə uyğun olaraq, Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımamağa, bu vəziyyətin saxlanılmasına yardım və kömək göstərməməyə, bu istiqamətdə təsirli tədbirlər görməyə çağırır.

Ermənistan öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməli, ilhaqçılıq və etnik təmizləmə siyasətinə son qoymalı, münaqişənin nizamlanması prosesində konstruktiv şəkildə iştirak etməli, beynəlxalq öhdəliklərini yerinə yetirməlidir.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğunun davam etməsi və işğal altındakı ərazilərdə qanunsuz fəaliyyətlərlə əlaqədar beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün Azərbaycan Respublikasının atmaq məcburiyyətində qala biləcəyi addımların istənilən nəticələrinin məsuliyyəti tam şəkildə Ermənistan Respublikasının üzərinə düşəcək.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !