Petkim şirkəti ilə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub -

Petkim şirkəti ilə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

“SOCAR TurkeyEnergy” şirkətinin Baş icraçı direktoru və Petkim şirkətinin İdarəetmə Şurasının üzvü cənab Kənan Yavuz Bakı Ali Neft Məktəbində (BANM) olub və Elmi Şuranın üzvləri ilə görüşüb.

Elmi Şuranın sədri, BANM-in rektoru Elmar Qasımov qonağı salamlayaraq ali təhsil müəssisəsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” çağırışının reallaşmasına yönəlmiş əhəmiyyətli bir layihə olduğunu qeyd edərək onun yaranma tarixi, qarşısında duran vəzifələri, 3 illik fəaliyyətində mütəxəssis hazırlığında əldə olunmuş nailiyyətləri haqqında qonağa məlumat verib. Rektor tədris prosesinin ingilis dilində, müasir proqramlar və texnologiyalar əsasında və istehsalla sıx əlaqədə həyata keçirildiyinibildirmiş və Türkiyədə inşa edilən müasir tipli sənaye müəssisəsi olan Petkim şirkəti ilə əməkdaşlıq əlaqələrinin Ali Məktəb üçün böyük maraq kəsb etdiyini vurğulayıb.

Kənan Yavuz Azərbaycanın təhsil müəssisəsindəolmasından məmnunluq hissi keçirdiyini qeyd edib. Azərbaycan və Türkiyə xalqlarının çoxəsrlik dostluq münasibətindən, Azərbaycanın müstəqillik əldə etdikdən sonra iki qardaş xalqın və dövlətin bir çox dünya miqyaslı layihələrə imza atmasından, Petkim-in bu layihələrin sırasında ən önəmli yerlərdən birini tutmasından və hər iki ölkənin rəhbərlərinin diqqət mərkəzində olmasından danışıb. Cənab Yavuz Petkim-in yaranması və inkişafı ilə bağlı Elmi Şuranın üzvlərini məlumatlandırıb, BANM ilə mütəxəssis hazırlığında əməkdaşlığa hazır olduğunu bildirib. O, tədris prosesində gənclərə təkcə mühəndis-texniki biliklərin verilməsini yox, həm də onlara vətənpərvərlik, dövlətçilik, ümumxalq marağına xidmət, ənənələrə hörmət hislərinin aşılanmasının vacibliyini vurğulayıb.

Daha sonra Petkim şirkəti ilə BANM arasında əməkdaşlığın perspektiv istiqamətləri vurğulanıb.

Görüşün sonunda qonağa Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” diplomu təqdim edilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !