ADU-da Yay semestri təşkil olunub -

ADU-da Yay semestri təşkil olunub

Azərbaycan Dillər Universitetində (ADU) tələbələr üçün yay semestri təşkil olunub. Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov ADU-da 2013-2014-cü tədris ilinin yay semestrinin təşkil və idarə olunması haqqında 21 iyun 2014-cü il tarixində 53 saylı əmr imzalayıb. Əmrdə deyilir ki, yay semestri 5 tədris həftəsindən və 1 həftə imtahan sessiyasından ibarət olmaqla 14 iyul 2014-cü il tarixindən 25 avqust 2014-cü il tarixinədək keçirilsin. Əmrə əsasən, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev 2013-2014-cü tədris ilinin yay semestrinin rəhbəri təyin olunub. Yay semestrinin müvafiq qaydalara uyğun təşkil olunması, tədrisin keyfiyyətinə nəzarət, tədris olunan fənlər üzrə imtahanların keçirilməsi və bu zaman şəffaflığın, obyektivliyin təmin olunması üçün müvafiq tədbirlərin görülməsi ona həvalə edilib. Təhsil qanunvericiliyinin tələblərinə uyğun olaraq təşkil edilən intensiv yay kursları vasitəsilə tələbələrə müvafiq kreditlərin toplanması üçün şərait yaradılması məqsədi daşıyır. Yay semestrinin təşkili məqsədilə müvafiq kafedralar və müəllimlər tərəfindən sillabus və proqramlar hazırlanib və 14 iyul tarixindən etibarən tədrisin təşkilinə başlanılıb.
Yay semestrinin rəhbəri Anar Nağıyevin verdiyi məlumata əsasən, yay semestrində dərslər ümumilikdə 32 fənn üzrə aparılır. Fənləri tədris etmək üçün universitetin 24 nəfər peşəkar müəllimləri yay semestrinə cəlb olunub. Anar Nağıyev yay semestrinin qısa vaxt çərçivəsində tələbələrə maksimal dərəcədə bilik vermək və imtahanlardan uğurla keçmək üçün onları yüksək səviyyəli dərs proqramı ilə təmin etmək məqsədi daşıdığını dedi. Ümumilikdə 294 nəfər tələbənin iştirak etdiyi yay semestrinin artıq bir həftəsini geridə qoyduqlarını söyləyən yay semestrinin rəhbəri bu prosesin gərgin olmasına baxmayaraq, tələbə və müəllimlərin dərsə davamiyyətindən ümumilikdə razılığını bildirdi.
Yay semestrində universitetin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsi üzrə 74, Pedaqoji fakültə üzrə 58, Filologiya və Jurnalistika fakültəsi üzrə 148 və Tərcümə fakültəsi üzrə isə 14 nəfər tələbə qeydiyyatdan keçərək təhsil alırlar.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !