Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə paytaxtda təşkil edilmiş Gül bayramında iştirak etmişdir - FOTO

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə paytaxtda təşkil edilmiş Gül bayramında iştirak etmişdir FOTO

Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Heydər Əliyev Sarayının qarşısındakı parkda və sarayın arxasındakı Şəhər Mərkəzi Parkında Gül bayramı keçirilmişdir.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında iştirak etmişlər.

Heydər Əliyev Sarayının qarşısındakı park və sarayın arxasında yerləşən Şəhər Mərkəzi parkı öz görkəmini tam dəyişmiş, paytaxt sakinləri və qonaqların sevimli istirahət yeri olan bu ərazi bu gün möcüzəli gül bağına çevrilmişdi. Hər il məhz Heydər Əliyev Sarayının qarşısındakı parkda təşkil olunan gül bayramı bu il də ənənəvi təntənəsini yaşadı və öz ərazisini daha da genişləndirdi.

Mayın 10-da Gül bayramına Heydər Əliyev Sarayının arxasında yerləşən Şəhər Mərkəzi Parkı da qoşuldu, ərazi güllərdən ibarət olan maraqlı kompozisiyalarla bəzədildi. Paytaxt sakinlərinin, şəhərimizin qonaqlarının sevimli bayramlarından olan Gül bayramı həm ənənə üzrə ən sevimli istirahət məkanlarından birində baş tutur. Parkda müxtəlif çiçəklərdən gül xalıları, maraqlı kompozisiyalar yığılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi bu bayramda çiçək və bitkilərdən, yarpaqlardan hazırlanan rəngarəng kompozisiyalar görünüşü və ifadəliyi ilə seçilir, gözəlliyin hədsiz imkanlarını nümayiş etdirir, hər kəsdə xoş ovqat yaradır.

Burada diqqəti Parkın mərkəzində müstəqil dövlətimizin qurucusu, xalqımızın dahi oğlu, anadan olmasının 91-cı ildönümünü qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin ucalan əzəmətli abidəsi cəlb edir. Abidənin postamenti güllərlə bəzədilmişdir. Xalqımızın Ümummilli Liderinin abidəsinin ucaldığı parkda Gül bayramının təşkil olunması dahi Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, həm də paytaxt sakinlərinin xoş istirahətinin təşkili baxımından da gözəl addımdır.

Parkda rəngbərəng güllərdən hörülən, yazın gəlişinə həsr olunan kompozisiyalar nümayiş etdirilir. Gül bayramında hər yan göz oxşayır, hər tərəf al-əlvan rəngə bürünmüşdür. Rənglər o qədər əlvandır ki, istər-istəməz insanda xoş ovqat yaradır. Fəvvarələr də güllərlə əhatə olunmuşdur. Minlərlə çiçəyin, gülün bir arada toplandığı bu məkanda heç nə bir-birini təkrarlamır. Elə buraya toplaşan uşaqlar da güllər kimi saf və ətirlidir. Onların gülləri xatırladan müxtəlif libaslarda bayrama təşrif buyurması bu gözəl gündə insanların ovqatını daha da artırır.

Əzəmətli kompozisiyalardan biri də Heydər Əliyev Sarayı qarşısında qurulmuşdur. Bu kompozisiyanı Ulu Öndərin portreti bəzəyir.

Dövlət başçısı, xanımı və ailə üzvləri parka toplaşan uşaqlarla səmimi söhbət etdilər, xatirə şəkli çəkdirdilər.

Bu il Gül bayramının daha bir maraqlı məqamı ondan ibarət oldu ki, yüzlərlə uşaq bu ərazidə yürüş etdilər.
Prezident İlham Əliyev Bakının müxtəlif ərazilərində yaradılacaq müvəqqəti avtomobil duracaqlarının sxemi ilə tanış oldu. Bildirildi ki, Dövlət Yol Polisi və Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin birgə işi nəticəsində müəyyən olunmuş küçələrin sağ və sol hissələrində avtomobillər üçün bircərgəli dayanacaqlar yaradılacaqdır. Ödəniş etmək üçün dayanacaqlarda xüsusi bankomatlar quraşdırılacaqdır. Bu sistem şəhərdə tıxacların qarşısının alınmasına xidmət edəcəkdir.

Ümummilli lider Heydər Əliyevin xatirəsinin bahar çiçəkləri ilə anılması əlbəttə ki, Ulu Öndərə xalqımızın dərin hörmət və ehtiramını nümayiş etdirir. Parkda müxtəlif dibçək və kəsilmə güllərindən, qurudulmuş gül və bitki kollarından, göz oxşayan eksponatlardan ibarət sadə və eyni zamanda, orijinal üslublu kompozisiyalar qurulmuşdur. Hər tərəf baharın xoş ovqatına bürünmüşdür.

Artıq Bakıda ənənə halı alan Gül bayramı dünyanın ən nadir gözəlliklərini bir arada toplamaqla ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, Ümummilli Liderin doğum gününün bu cür möhtəşəm formada qeyd olunması ilə yadda qalır, özü də ən xoş hisslərlə.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !