Lada Repinanın Krallıq adlı kukla sərgisi FOTO(YENİLƏNDİ)

Lada Repinanın “Krallıq” adlı kukla sərgisi FOTO(YENİLƏNDİ)

2014-cü il aprelin 23-də Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində sankt-peterburqlu məşhur kukla ustası Lada Repinanın yeni işlərinin sərgisi açılmışdır.
AZpress xəbər verir ki, Bakıda “Kukla” adlı ilk profil art-qalereya Düz bir il bundan əvvəl - 2013-cü il aprelin 23-də açılmışdı. Qalereyanın təşkilatçıları budəfəki ekspozisiyanı məhz bu əlamətdar hadisəyə həsr etmişdilər.
Lada Repinanın kuklaları bakılı tamaşaçıya artıq tanışdır. Bu işlərin bir qismi “Kukla” qalereyasının kolleksiyasında saxlanılır.
“Kukla” qalereyasının direktoru Lalə Kazımova ekspozisiyanın müəllifini tamaşaçılara təqdim edərək bildirmişdir ki, Lada Repina ümumi adı “Krallıq” olan unikal kuklalar seriyasını məxsusi Bakı qalereyası üçün yaratmışdır.
Müəllif əvvəlki işlərində vaxtaşırı bu mövzuya toxunurdu. Bu, Repinanın silsilə işləri ilə yanaşı ayrı-ayrı kuklalara da aiddir. “Liliputiya kralı” və “Qırmızıtoxmaq qadın” işlərində müəllif bu mövzunu qrotesk tərzində açıqlayır.
Əvvəlki işləri tamamlayan bu seriya sənətkarın böyük zəhmətinin məhsulu kimi onun “Krallığı”nın sərhədlərini xeyli genişləndirərək yüksək sənət səviyyəsinə çatdırır.
Lada Repinanın işlərini art-obyekt kimi səciyyələndirmək olar. Lakin müəllif məhdud profilli məna effekti ardınca qaçmır, daha çox vizual bədii estetikaya meyl edir. Onun müəyyən mövzu ətrafında yaratdığı işlər adətən seriya şəklində sərgilənir.
Hər obyektin bənzərsiz mənası vardır. Repinanın işlərində rəng xüsusi yer tutur. Müəllif eyni seriyaya aid işləri vahid rəng qamması ilə birləşdirməyə çalışmır, əksinə, personajların forma və xarakterini dəyişməklə bu effekti tamamlamağa nail olur. Onun işləri musiqi notlarına oxşayır. Burada tamaşaçı musiqini öz səs duyumuna uyğun şəkildə yaradır.
Lada Repina “Ədəbi və teatral personajlar kuklalarda” (Musiqi Muzeyi, Şeremetyev sarayı), “Milad sərgisi” (“Rosvuzdizayn” qalereyası), “İncəsənətdə ölüm obrazı” (rəssam Mixail Şemyakinin fondu), “Monstrlar. Mifoloji varlıqlar” (rəssam Mixail Şemyakinin fondu), “Kukla sənəti” (Mərkəzi sərgi zalı, Moskva Maneji), “İncəsənətdə başmaq” (rəssam Mixail Şemyakinin fondu)və başqa əlamətdar sərgilərin iştirakçısı olmuşdur.
N.K.Rerix adına Sankt-Peterburq Rəssamlıq Məktəbinin məzunu olan Lada Repinanın işləri Rusiya, Azərbaycan, İspaniya, ABŞ və İsraildəki fərdi kolleksiyalarda saxlanılır.
Sərgi çərçivəsində müəllifin daha üç işi nümayiş etdiriləcəkdir. Bu əsərlər Svetlana Pçelnikovanın (Moskva) “Kuklalar məkanı” adlı şəxsi kolleksiyasından götürülmüşdür.
Sərgi aprelin 29-dək davam edəcəkdir.

FOTOREPORTAJ: Rüstəm FƏRMAN 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]