Moskvada Azərbaycan – tolerantlıq məkanı sərgisi açılıb - FOTO

Moskvada “Azərbaycan – tolerantlıq məkanı” sərgisi açılıb FOTO

Aprelin 3-də Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfirliyinin, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan – tolerantlıq məkanı” sərgisi açılıb.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın tanınmış siyasi və mədəniyyət xadimləri, Azərbaycan səfirliyinin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Yəhudi İcmaları Federasiyasının prezidenti, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin baş direktoru Aleksandr Boroda Azərbaycanın tarixən bütün millətlərin nümayəndələri üçün qonaqpərvər ev olduğunu bildirdi, yəhudi icmasının da Azərbaycanda bütün xalqlarla sülh şəraitində yaşadığını və yaşamağa davam etdiyini söylədi.

Daha sonra Leyla Əliyeva mərasimdə çıxış etdi:

- Bu gün biz sizə tanınmış fotoqraf Rza Deqatinin müasir dünyanın ən aktual mövzularından birinə - tolerantlıq mövzusuna dair işlərini təqdim edirik. Bu işlər fotoqrafın Azərbaycanda tolerantlıq ruhuna səmimi və obyektiv baxışıdır. Onun əsərlərinin qəhrəmanları xristianlar, yəhudilər və müsəlmanlardır. Onlar birlikdə çoxmədəniyyətli, müasir, çoxşaxəli Azərbaycan adlı vahid mənzərə yaradırlar. Azərbaycanda – bu qədim torpaqda həmişə müxtəlif millətlərə, mədəniyyət və ənənələrə məxsus insanlar yaşamışlar. Onların hər biri öz töhfəsini vermiş və tarixdə öz izini qoymuşdur. Bu gün ölkəmizdə xristianlar, müsəlmanlar və yəhudilər sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Tolerantlıq anlayışı xalqımız üçün hər hansı nailiyyət deyildir: bu, normadır, bu, həyat tərzidir, biz heç vaxt başqa cür yaşamamışıq. Azərbaycanda yəhudiliyin 2400 il tarixi vardır, halbuki bu torpaqda ilk kilsə IV əsrdə, ən qədim məscid isə VIII əsrdə yaranmışdır.

Xristianlar, müsəlmanlar və yəhudilər bu qədim diyarı öz Vətəni sayırlar. Bu gün ölkəmizdə sinaqoqlar, məscidlər, pravoslav və katolik kilsələri, habelə atəşpərəst məbədləri görmək olar. Azərbaycanda 21 qeyri-müsəlman icması mövcuddur. Tolerantlıq, qonaqpərvərlik, dözümlülük ənənələri xalqımız tərəfindən qayğı ilə qorunub saxlanılır, daha doğrusu, bu, Azərbaycan xalqının ən böyük sərvətidir. Azərbaycan beynəlxalq dialoqu, mədəni dialoqu dəstəkləyir. Artıq bir neçə ildir ölkəmizdə dünyanın hər yerindən qonaqların bir araya gəldiyi Beynəlxalq Humanitar Forum, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə idman yarışları, elmi diskussiyalar, yaradıcılıq tədbirləri keçirilir. Heydər Əliyev Fondu bu mövzuya böyük diqqət yetirir. Fondun səyləri ilə Azərbaycanda 20-ə yaxın məscid, sinaqoq və kilsə təmir olunmuşdur. Fond təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də belə fəaliyyətlə məşğuldur. Heydər Əliyev Fondu Fransada X əsrə aid kilsəni təmir etmişdir. Bundan əlavə, Strasburq, Versal və Vatikanda abidələrin, kilsələrin bərpasına kömək etmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu yaxınlarda Həştərxanda müqəddəs knyaz Vladimirə abidə qoyulmuşdur.

Bu gün biz Rusiyanın paytaxtı Moskvada belə bir tədbir keçiririk. Rusiya çoxmillətli ölkədir. Burada təqribən yüz xalqın nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayır və müxtəlif dinlərə etiqad edirlər. Azərbaycan və Rusiyanı uzun illər dostluq və mehriban qonşuluq münasibətləri bağlayır. Ümumi tariximiz var və biz bir-birimizi yaxşı anlamağı öyrənmişik. Bu gün dünyada multikulturalizm anlayışı, təəssüf ki, şübhə altına alınır. Bir çox münaqişələr bəzən bir-birini anlamaqdan və başa düşməkdən imtina etmək səbəbindən baş verir. Odur ki, inam, anlayış, ehtiram və sevgini qoruyub saxlamaq bu gün çox vacibdir.

Sonra qonaqlar sərgi ilə tanış oldular.

Sərgidə dünya şöhrətli fotojurnalist Reza Deqatinin 26 foto əsəri nümayiş olunur. Fotolar əsrlər boyu Azərbaycan torpağında dinc yanaşı yaşamış müsəlman, xristian və yəhudi icmalarının həyatından bəhs edir.

Sərgi aprelin 13-dək davam edəcək. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !