ADTGT Azərbaycanda Şərq Tərəfdaşlığı Gənclər Forumu keçirəcək -

ADTGT Azərbaycanda Şərq Tərəfdaşlığı Gənclər Forumu keçirəcək

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) ölkə gənclərinin inteqrasiyası, beynəlxalq əlaqələrinin genişləndirilməsi, əcnəbi gənclərin respublikamız haqqında məlumat səviyyələrinin yüksəldilməsi, regional məsələlərdə birgə əməkdaşlıq, təcrübə, informasiya mübadiləsi sahələrində uğurlu fəaliyyətini davam etdirməkdədir. Bu məqsədlə ADTGT 2013-cü ilin may ayından 3 ay müddətində davam edəcək “Şərq Tərəfdaşlığı Gənclər Şəbəkəsi” – Regional Platforma Modeli adlı birgə əməkdaşlıq və əcnəbi gənclərin azərbaycanlı həmkarları ilə təcrübə, informasiya mübadiləsi və vahid Platformada iştirakını nəzərdə tutan layihənin icrasına başlayıb. Artıq İcra Planına uyğun bütün hazırlıqlar həyata keçirilmiş, əcnəbi və yerli iştirakçıların sayı dəqiqləşmiş, tədbirlərin proqram və gündəliyi müəyyənləşmişdir.

Layihə Azərbaycanın da fəal şəkildə qoşulduğu Avropa İttifaqının Şərq Tərəfdaşlığı Platformasına daxil olan 5 ölkə - Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus (Ermənistan istisna olmaqla) və eləcə də İsveç, Almaniya, Polşa, Bolqarıstan, Litva, Latviya və Rumıniya gənclərinin iştirakı ilə Beynəlxalq Forumun və təlim kursunun keçirilməsini, ŞT Platforması çərçivəsində gənclərin birgə əməkdaşlıq Şəbəkəsinin qurulmasını, davamlı fəaliyyətini, Masallı Bəyannaməsinin qəbulunu, çap materiallarının nəşrini, yayımını və geniş profilli PR fəaliyyətini nəzərdə tutur.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə 11 ölkədən olan partnyor gənclər təşkilatları ilə birgə həyata keçiriləcəkdir.

Layihə çərçivəsində iyunun 18 – 24 tarixlərində Bakı və Masallı şəhərlərində 11 ölkədən 23 əcnəbi gəncin və eləcədə Azərbaycanı təmsil edən yerli gənc liderlərin və fəalların iştirakı ilə Beynəlxalq Forumun (Şərq Tərəfdaşlığı Gənclər Forumu) və təlim kursunun keçirilməsi nəzərdə tutulur. Masallıdakı tədbirlərdən əvvəl əcnəbi qonaqlar Bakıda Prezident Administrasiyasında, Gənclər və İdman Nazirliyində və Gənclər Fondunda görüşlərdə iştirak edəcək, Fəxri Xiyabanda və Şəhidlər Xiyabanında Ulu Öndər Heydər Əliyevin məzarını və şəhidlərimizi ziyarət edəcəklər.

Masallıda keçiriləcək Beynəlxalq Forumun rəsmi açılışında hökumət rəsmilərinin, diplomatik korpuslarının təmsilçiləri, beynəlxalq təşkilatların, Avropa İttifaqının Bakı ofisinin nümayəndələri, gənclər təşkilatları, QHT və KİV əməkdaşlarının iştirakı nəzərdə tutulub. Layihə çərçivəsində əcnəbi gənc liderlərlərin Azərbaycanın müxtəlif hökumət strukturlarında və gənclər təşkilatlarında görüş və müzakirələri də təşkil olunacaqdır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !