İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə paytaxtda təşkil edilmiş Gül bayramında iştirak etmişdir -

İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə paytaxtda təşkil edilmiş Gül bayramında iştirak etmişdir

Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Bakıda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda möhtəşəm Gül bayramı təşkil edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında olmuşlar.

Dövlətimizin başçısı və ailə üzvləri ulu öndər Heydər Əliyevin abidəsi önündə xatirə şəkli çəkdirdilər.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezident İlham Əliyevə məlumat verdi ki, paytaxt sakinlərinin və qonaqların sevimli istirahət yeri olan bu ərazi bu gün möcüzəli gül bağına çevrilmişdir.

Xalqımızın Ümummilli Liderinin abidəsinin ucaldığı parkda Gül bayramının təşkil olunması dahi dövlət xadiminin xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, həm də paytaxt sakinlərinin xoş istirahətinin təşkil olunması baxımından da gözəl addımdır.

Parkda müstəqil dövlətimizin qurucusu, xalqımızın dahi oğlu, anadan olmasının 90-cı ildönümünü qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi xüsusilə diqqət çəkir. Abidənin postamenti güllərlə bəzədilmişdir. Əzəmətli kompozisiyalardan biri də Heydər Əliyev Sarayı qarşısında qurulmuşdur. Bu məkanı dağın zirvələri fonunda Ulu Öndərin güllərdən toxunmuş portreti bəzəyir. Parkda müxtəlif çiçəklərdən gül xalıları, maraqlı kompozisiyalar yığılmışdır.

Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi bu bayramda çiçək və bitkilərdən, yarpaqlardan hazırlanan rəngarəng kompozisiyalar görünüşü və ifadəliyi ilə seçilir, gözəlliyin hədsiz imkanlarını nümayiş etdirir, hər kəsdə xoş ovqat yaradır.
Burada rəngbərəng güllərdən hörülən, yazın gəlişinə həsr olunan kompozisiyalar nümayiş etdirilir. Müxtəlif dibçək və kəsilmə güllərdən, qurudulmuş gül və bitki kollarından, göz oxşayan eksponatlardan ibarət sadə və eyni zamanda, orijinal üslublu kompozisiyalar qurulmuşdur. Hər tərəf baharın xoş ovqatına bürünmüşdür. Ümummilli lider Heydər Əliyevin xatirəsinin bahar çiçəkləri ilə anılması əlbəttə ki, Ulu Öndərin xatirəsinə xalqımızın dərin hörmət və ehtiramını nümayiş etdirir.

Builki Gül bayramı daha bir hadisə ilə yadda qalacaqdır. Belə ki, “DufoA” adlı Azərbaycanın Holland Dostları Assosiasiyası yetişdirdikləri xrizantemin (payızgülü) yeni növünə qürurlu, ləyaqətli, cəsarətli olan Azərbaycan xalqının “azeri” adını verməyi qərara almışdır. Bununla bağlı bu gün Gül bayramında xüsusi sertifikatın imzalanma mərasimi keçirilmişdir. Sənədi Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və “DufoA” Assosiasiyasının prezidenti Marion van der Veqt imzaladılar.

Xrizantem gülünün bu növünün yetişdirilməsi üçün beş il vaxt tələb olunur. Beləliklə də, dünyada xalqın adının verildiyi yeganə gül də həyata vəsiqə aldı.

Gül bayramında hər yan göz oxşayır, hər tərəf al-əlvan rəngə bürünmüşdür. Rənglər o qədər gözəldir ki, istər-istəməz insanda xoş ovqat yaradır. Fəvvarələr də güllərlə əhatə olunmuşdur. Yüzlərlə çiçəyin bir arada toplandığı bu məkanda heç nə bir-birini təkrarlamır. Buraya toplaşan uşaqlar da güllər kimi saf və ətirlidir. Onların gülləri xatırladan müxtəlif libaslarda parka gəlmələri bayram ovqatını daha da artırır.

Artıq Bakıda ənənə halını alan Gül bayramı dünyanın ən nadir gözəlliklərini bir arada toplamaqla ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, Ümummilli Liderin doğum gününün bu cür mötəbər formada keçirilməsi ilə yadda qalır.

Dövlətimizin başçısı və xanımı Gül bayramında iştirak edən uşaqlarla səmimi söhbət etdilər, xatirə şəkli çəkdirdilər.

Bu il Gül bayramının daha bir maraqlı məqamı ondan ibarətdir ki, yüzlərlə uşaq Heydər Əliyev Sarayı qarşısında yürüş etdilər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !