Bakıda Anaları göstərək mövzusunda fotosərgi açılmışdır -

Bakıda “Anaları göstərək” mövzusunda fotosərgi açılmışdır

Oktyabrın 16-da Azərbaycanda Fransız İnstitutunda “Anaları göstərək” mövzusunda fotosərgi açılmışdır.
AzərTAc xəbər verir ki, Fransanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimində mədəniyyət və incəsənət nümayəndələri iştirak etmişlər.
Mərasimdə Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu, fransız və İran mənşəli artist Roşanak Ostad çıxış edərək sərgi haqqında məlumat vermişlər.
Bildirilmişdir ki, dünyada hər 90 saniyədə bir qadının hamiləlik və ya doğuş zamanı vəfat etdiyi yaddan çıxarılmamalıdır. Dünyanın hər yerində diqqətəlayiq olan anaları cəmiyyətə göstərməyin vaxtı gəlib çatmışdır. “Anaları göstərək” sərgisinin məqsədi fotoşəkillər vasitəsilə diqqəti anaların müqəddəsliyinə və cəmiyyətdə oynadıqları rola yönəltməkdir.
Qeyd edilmişdir ki, bu sərgi Los-Anceles Beynəlxalq Qadınlar Muzeyi, Təhlükəsiz Analıq naminə Ağ lent Alyansı və könüllü fotoqrafların birgə təşəbbüsü olan “Anaları göstərək” qlobal incəsənət layihəsinin davamıdır. Sərgi artıq ABŞ, İspaniya, Nigeriya, Kamerun, Ukrayna və Kanadada nümayiş olunmuşdur.
Açılışdan sonra sərgiyə baxış keçirilmişdir.
Sərgidə on üç azərbaycanlı fotoqrafın ana və ailə mövzusunda çəkdikləri ağ-qara fotolar nümayiş etdirilir. Hər fotodan ana olmağın çətinliyini və sevincini yaşayan, körpə təbəssümünün işığında dünyadakı bütün qara rəngləri və kədərləri unudan, həyata övlad gətirən varlıqlar boylanır. Bu insanlar uşaqlarının qayğısını çəkən və onlara həyat verən, qəlblərdə çox yüksək yeri olan analardır.
Analığın məsuliyyətini və mərhəmət hissi olduğunu diqqətə çatdıran sərgi oktyabrın sonunadək davam edəcəkdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !