psixoloq İlham Mirzəyev -

psixoloq İlham Mirzəyev

Bu gün tanınmış nəğməkar, şair publisist, tədqiqatçı - psixoloq, populyar teleaparıcı İlham Mirzəyevin şerlərinə bəstələnən mahnılardan ibarət " Mən Tanrıma üz tuturam" adlı yeni audio diski musiqisevərlərə təqdim edilib. Bəstəkarlar Nadir Əzimovla Nailə Mirməmmədlinin bəstələdiyi bu mahnılar Azərbaycanın ən çox tanınan və sevilən görkəmli sənətkarları tərəfindən ifa olunub. İlham Mirzəyevin şeirlərinə yazılan mahnılardan ibarət diskdə Azərbaycan Respublikasının xalq artistləri Mələkxanım Əyyubova, nazpəri Dostəliyeva, Nisə Qasımova, Bilal Əliyev, Brilliant Dadaşova və digər məşhur sənət adamlarının ifası yer alıb. Audodiskdə toplanan mahnılar Azərbaycanın tərənnümünə həsr olunub.

İlham Mirzəyev Əlibayramlı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Daha sonra Azərbaycan Dövlət Teleradio

Şirkətində çalışıb. 2000-ci ildən "Space" Müstəqil Teleradio Şirkətində aparıcı kimi fəaliyyət göstərir. Azərbaycan Milli Elmlər Akademiyasının fəlsəfə, Sosialogiya və Hüquq institutunun "dinşünaslıq və mədəniyyətşünaslığın fəlsəfi problemləri" şöbəsinin böyük elmi işçisi, psixologiya üzrə fəlsəfə doktorudur, beş kitab müəllifidir və 50-dək elmi məqalənin müəllifidir. Azərbaycan Jurnalistlər İttifaqının üzvü olan İlham Mirzəyev "Vətən", "Qızıl qələm", "Humay", Hacı Zeynalabdin Tağıyev adına yaradıcılıq mükafatını, Milli Elmlər Akademiyasının fəxri fərmanına layiq görülüb. İlham Mirzəyev yaradıcı insan və peşəkar psixoloq kimi Azərbaycan hüdudlarından kənarda da çox yaxşı tanınır. Tədiqaqtçı-psixoloq kimi həm kəmiyyət, həm də keyfiyyət baxımından yaradıcı fəallığı ilə seçilən İlham Mirzəyevin bu yaxınlarda növbəti - "Liderlik zirvəsi: siyasətin sosial psixologiyası" adlanan beşinci irihəcmli elmi-praktik monoqrafiyası Türkiyədə İstanbul Kültür Bakanlığının dəstəyi ilə nəfis tərtibatla nəşr edilib. Bu əsərdə ümummilli lider Heydər Əliyevin siyasi irsi, prezident İlham Əliyevin dövlətçilik, idarəçilik fəaliyyəti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti, sosial tarixi və siyasi-psixoloji yanaşma çərçivəsində sistemli şəkildə təhlil olunur.

Ötən gün İlham Mirzəyev "Liderlik zirvəsi: siyasətin sosial psixologiyası" adlı kitabını media nümayəndələrinin ixtiyarına təqdim etdi. Təqdimat mərasimi maraqlı məqamları ilə yadda qaldı. Maraqlı məqamlardan biri də şou-biznes aləmində kifayət qədər tanınan iki bəstəkarın barışığı oldu. İlham Mirzəyev təqdimat mərasimində media nümayəndələrini salamladıqdan sonra böyük bir barışığın təməlini qoydu. Belə ki, onun təşəbbüsü ilə mətbuat konfransında bəstəkarlar Nadir Əzimov və Nailə Mirməmmədli barışdılar. Allah adamı olduğunu deyən İlham Mirzəyev hələ belə barışıqlarının bir neçəsinin də olacağını bəyan etdi. Mətbuat konfransında İlham Mirzəyevi təbrik etmək üçün xalq artistləri Nazpəri Dostəliyeva, Nisə Qasımova da gəlmişdilər. Onlar da çıxış edərək İlham Mirzəyevin şəxsiyyəti, sənəti barədə yüksək fikirlər səsləndirdilər. Mətbuat konfransında İlham Mirzəyevin Naxçıvan səfəri ilə bağlı məlumatlar da açıqlandı. Qeyd edək ki, bu günlərdə İlham Mirzəyevin 45 illik yubileyi qeyd olunub. Mərasimdə bu yubileydən hazırlanan videomaterial da təqdim olundu. Ən maraqlısı odur ki, videogörüntülərdən sonra media nümayəndələrinin maraqlı bir sualı ünvanlandı. Sən demə, İlham Mirzəyevin 45 illik yubileyinə hədiyyə olaraq AST Telman kimi məşhur olan iş adamı qara brilliant göndərib. Deyilənə görə, həmin brilliantın qiyməti olduqca dəyərlidir. Qara brilliantla bağlı sualı cavablandıran İlham Mirzəyev "mənə yubileyimdə bir çox hədiyyələr təqdim olunub. Doğum gününə olan hədiyyənin böyük və kiçikliyi önəm daşımır. Elə Nazpəri xanım da mənə çox bahalı bir hədiyyə təqdim edib. Onun hədiyyəsi mənim üçün bütün hədiyyələrdən dəyərlidir" deyə sualı cavablandırıb.

Mətbuat konfransında o da məlum oldu ki, İlham Mirzəyev bu yaxınlarda analoqu olmayan tibb mərkəzinin açılışına hazırlaşır. Bu barədə də müəyyən açıqlamalar verildi. Sonda isə böyük bir beşlik yarandı. İlham Mirzəyev, Nazpəri Dostəliyeva, Nisə Qasımova, Nailə Mirməmmədli və Nadir Əzimov bir araya gələrək böyük bir tortu kəsdilər.

Tahirə