Musiqi məktəbinin binası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib -

Musiqi məktəbinin binası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib

Oktyabrın 10-da Bakı şəhər M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.
AzərTAc xəbər verir ki, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu mədəniyyət ocağının tarixi barədə məlumat verib. Bildirib ki, musiqi məktəbi 1978-ci ildən fəaliyyət göstərir.
Diqqətə çatdırılıb ki, “Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2009-cu il tarixli Sərəncamına uyğun olaraq məktəbə görkəmli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin adı verilib.
Ə.Qarayev Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə məktəbin cari ilin sentyabrından onbirillik təhsil sisteminə keçirildiyini vurğulayıb.
Məktəbin müasir avadanlıqlarla təmin edildiyini söyləyən nazir deyib ki, bu təhsil ocağındakı bütün fortepianolar Qəbələdəki “Beltmann” piano fabrikinin istehsalıdır.
Müslüm Maqomayevin Azərbaycan mədəniyyət tarixinin parlaq simalarından olduğunu bildirən Ə.Qarayev onun yaradıcılıq mühitinin şagirdlərə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək məktəbin təmir və yenidənqurmadan sonra istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirib. Mədəniyyət sahəsinə dövlət qayğısından danışan icra başçısı musiqimizin dünyada tanıdılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.
Xalq Artisti Eldar Quliyev qeyd edib ki, Müslüm Maqomayev təkcə musiqiçi deyil, həm də böyük şəxsiyyət idi. Azərbaycanı böyük məhəbbətlə sevən müğənni musiqimizi dünyada tanıdıb. O, Müslüm Maqomayevin adını daşıyan məktəbin şagirdlərinə yeni-yeni uğurlar arzulayıb.
Musiqi məktəbinin direktoru Gülşən Quliyeva bu təhsil ocağının görkəmli musiqiçinin adını daşımasını həm şətəfli, həm də məsuliyyətli olduğunu söyləyərək, məktəbin yenidən qurulmasına görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Sonra tədbir iştirakçıları musiqi məktəbi ilə tanış olublar.
Üç mərtəbədən və 26 otaqdan ibarət məktəbdə fortepiano, violin, fleyta, klarnet, ksilofon, tar, kamança, saz, kanon, qarmon, nağara, xanəndə ixtisasları üzrə 440 şagird təhsil alır və 104 müəllim çalışır. Məktəbin müəllim və şagirdləri şəhər, respublika və beynəlxalq səviyyəli tədbirlərdə uğurla iştirak edir, yüksək nailiyyətlər qazanırlar.
Tanışlıqdan sonra məktəb şagirdlərinin ifasında konsert proqramı təqdim edilib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !