Bərdə rayon Yenidaşkənd orta məktəbində şəhid Yasif Kərimovun büstünün açılışı və onun xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi -

Bərdə rayon Yenidaşkənd orta məktəbində şəhid Yasif Kərimovun büstünün açılışı və onun xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) dəstəyi ilə Bərdə rayon Yenidaşkənd orta məktəbində şəhid Yasif Kərimovun büstünün açılışı və onun xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan BDM-in aparat rəhbəri Samir Adıgözəlli şəhid və tədbirin məqsədi haqqında iştirakçılara məlumat verib. Daha sonra professor Vaqif Arzumanlı, Yazıçılar Birliyinin Qarabağ bölmünün rəhbəri, şair Ənvər Əhməd, BDM-in sədri İsmayıl Ağayev çıxış edərək torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndiriblər. BDM-in dəvətilə Azərbaycanda səfərdə olan ASİMDER-in başqanı Göksel Gülbey də tədbirdə iştirak etmişdir. O, mərasimdə çıxış edərək, ermənilərinin yalan iddialarının heç vaxt qəbul edilməyəcəyini və Azərbayacanın işğaldan azad edilməsi üçün Türkiyənin bu günə qədər verdiyi dəstəyin bundan sonra da davam edəcəyini bildirdi. ASİMDER başqanı çıxışını bu sözlərlə bitirib: “Bu gün Bərdədəyik, sabah Şuşada”. Tədbirdə həmçinin, kənd orta məktəbinin direktoru Gülbəniz Hümbətova çıxış edərək məktəbin adının Yasif Kərimovun adını daşımasından qürur duyduqlarını və şəhidin büstünün hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Mərasimdə Şəhid Yasif Kərimovun böyük qardaşı professor Azər Kərimov çıxış edərək tədbirin təşkilinə və büstün qoyulmasına görə zəhməti keçənlərə və Beynəlxalq Diaspor Mərkəzinə minnətdarlığını bildirib. Büstün lenti professor Azər Kərimov və BDM-in sədri İsmayıl Ağayev tərəfindən kəsildikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonda məktəblilər tərəfindən şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib.
15 sentyabr Bakının qurtuluş günü münasibətilə Beynəlxalq Diaspor Mərkəzinin təmsilçiləri Şamaxıda uyuyan Türk əsgərinin məzarını da ziyarət ediblər. Ziyarətdə ASİMDER-in başqanı Göksel Gülbey də iştirak edib.


BDM mətbuat xidməti