Müharibə xəbərini eşidəndə qaçıb stolun altına girmişdim - -Vüsalə Məmmədova xatırlayır

Müharibə xəbərini eşidəndə qaçıb stolun altına girmişdim -Vüsalə Məmmədova xatırlayır

Müharibə xəbərini eşidəndə qaçıb stolun altına girmişdim. Stolun altına sığacaq qədər balaca idim yəni...
Heç müharibənin nə olduğunu da düz-əməlli dərk eləmirdim. Filmlərdən elə bilirdim kişilər gülə-gülə harasa uzaqlara gedəcək, kədərli qadınlar qaralara bürünüb poçtalyon yolu gözləyəcək, gələndə isə ondan qaçacaqlar... Uşaqlar isə dizlərindən kukla düzəldib oynayaraq böyüyəcəklər...
Bu müharibədə torpağımı, yurdumu, doğmalarımın məzarını, keçmişimi... arzularımı, gələcəyimi, ümidimi, dəyərlərimi, müqəddəslərimi və ən əsası inamımı... itirəcəyim ağlıma da gəlməzdi...
Hardan bilərdim ki, bütün ömrüm sürətlə məndən uzaqlaşan hədəfə doğru qaçmaqla keçəcək?
İndi geridə darmadağın olan bir ömür var... İrəlidə isə gözlədiyim heç nə... Arzusunu, ümidini və inamını itirən insanı irəlidə nə gözləyə bilər ki?
Bütün bunlara rəğmən hələ də müharibə sözü eşidəndə qaçıb gizlənmək istəyirəm. Baxmayaraq ki, artıq heç bir stolun altına sığmaram...
Yaşadıqlarımı bir silgi ilə silib, sıfırdan başlamağı o qədər arzulamışam ki... Amma bilirəm, mümkün deyil...
Yer üzündə heç bir uşağın müharibə görməsini istəmirəm. Müharibə uşağı olmaq işləmədiyin bir günahın cəzasını ömrü boyu çəkməyə bənzəyir...
Amma bir həqiqət də var... Bu savaşı övladlarımıza qoymamalıyıq. Yoxsa dəyərini, ümidini və inamını itirənlərimizin sayı heç vaxt azalmayacaq...
Tanrı əgər varsa, ordumuzu, əsgərlərimizi qorusun! 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !