Allah Mübariz Mənsimovun qapısını açsın. Hərçənd ki, buna inanmıram...Çox bərk bağlayıblar - -Aqil Abbas yazır

Allah Mübariz Mənsimovun qapısını açsın. Hərçənd ki, buna inanmıram...Çox bərk bağlayıblar -Aqil Abbas yazır

Qardaş Türkiyənin ən məşhur publisistlərindən biri Yılmaz Özdilin «Sözçü» qəzetində çox ciddi bir köşəsini oxudum. Söhbət Türkiyəyə düşməncəsinə münasibət göstərən Yunanıstanın dəniz flotunun yaranması tarixindən və bu günündən gedir. Bütün yazı barədə söhbət açmaq istəmirəm, qısaca faktları sizlərə çatdırmaq niyyətindəyəm.

Deməli, dünya ticarətinin 85 faizi dəniz vasitəsilə daşınır. Və bu daşımaçılığın 20 faizi Yunanıstan gəmiləri vasitəsilə həyata keçirilir və Yunanıstan bu sahədə Yaponiyadan, Çindən, ABŞ-dan, İngiltərədən, Almaniya və Norveçdən irəlidədi.

Dünya dəniz flotunun 16 faizinə sahibidi. Avropa dəniz flotunun isə 40 faizinə. Petrol tankerlərinin yüzdə 23-ü Yunanıstana aiddi.

İran neftini dünyaya 200 tanker daşıyır ki, bunun da 81-i Yunanıstan bayrağı altında üzür. Tankerlərinin tonnaj tutumu Türkiyədən 15 dəfə çoxdur. Eləcə də Türkiyə dəniz daşımaçılığını əsasən Yunanıstan gəmiləri ilə həyata keçirir.

Faktlar çoxdur, hamısını sadalamaq istəmirəm.

Və ağrıya-ağrıya yazır: «İzmirdə yunanları dənizlərə tökdük və dənizləri verdik yunanlara».

Türkiyə üç tərəfdən dənizlə əhatə olunub, bir tərəfdən də düşmənlərlə. Türkiyənin dəniz sərhədləri Yunanıstanın dəniz sərhədlərindən üç dəfə artıqdır. Və Yunanıstanın da qeyri-dəniz sahilləri düşmənlərlə əhatə olunmayıb.

Çox qəribədir ki, dəfələrlə yazmişam və yenə yazıram. Türkiyənin dəniz sərhədləri təxminən 4 min kilometrə yaxın olsa da, hələ bu ölkədən dünya səviyyəli nə bir üzgüçü çıxıb, nə də Olimpiya çempionu. Amma Avstriyanın heç bir dənizi yoxdur, içindən bir-iki çay axır, amma üzgüçülük üzrə nə qədər Olimpiya və dünya çempionu var.

Düzdür, bizim Azərbaycanın da təxminən 650 km. dəniz sərhədi var, üzgüçülük üzrə nəinki olimpiya çempionu, heç respublika çempionu da yoxdu. Nə isə….

Qayıdaq söhbətimizə. Yılmaz Özdil yazır ki, Türkiyədəki bütün dəniz limanları satılıb, özünün bir dəniz limanı yoxdur. Yunanıstanın isə bircə dənə dəniz limanı Çinə satılıb. Və bu alverdən sonra Çinin dövlət başçısı Yunanıstana səfər edib və deyib ki, biz tarixi İpək Yolunu bərpa edirik. Və bu dəniz limanını Yunanıstan Çinə satdığına görə Çin bu ölkə üçün tankerlər tikir.

Nə isə. Qayıdaq geri. Ay mənim canım-gözüm Yılmaz Özdil, bunları yazırsan, çox gözəl. Türkiyə vətəndaşı olan, dünyada dəniz daşımaçılığında xüsusi yeri olan «Palmali» şirkətinin prezidenti Mübariz Mənsimovu tutub qoymusunuz içəri. Və bu şəxs də Türkiyə vətəndaşıdı və onun gəmiləri də dünyada Türk bayrağı ilə üzür. Amma niyə bir dəfə səsinizi çıxarmamısınız ki, bu adamı niyə həbs etmisiniz?
Deməli, belə. Ağcabədidə Nazim adında bir yeməkxana müdiri var. Həm gözəl insandı, həm də dili çox şirindi, «r» hərfini deyə bilmir. Və rayona gələn bütün vəzifəli qonaqlar adətən onun şirin danışığını eşitmək üçün, həm də ləzzətli xörəklərini yemək üçün həmin yeməkxanada qonaqlanırlar.

Dünyanın dağılan vaxtı idi - 90-cı illər idi. Ağcabədi Xalq Cəbhəsinin sədri Məmmədi (Mamed deyirdilər) həbs edirlər və gətirib salırlar Bayıl həbsxanasına.

Nazim də dostluğa sədaqətli, hər həftə Məmmədə «peredaça» gətirir.

Bir dəfə «peredaça» gətirəndə Məmməd pəncərədən Nazimlə danışır və deyir:

- Ə, Nazim, rayonda nə var, nə yox?

Nazim:

- Yayon vay, ə? Yayonun yiyəsin gətiyib qoyublay buyda içəyi, mənnən yayon soyuşuysan?!

Sayın Yılmaz Özdil, indi Türkiyə dəniz flotu istəyirsən. Türkiyənin dəniz flotunun ası Mübariz Məsimovu tutub qoymusuz içəri və Türkiyənin dənizçilikdən yunanlara on beş dəfə uduzmağından yazırsınız.

Və bu günədək nə sizin yazılarınızda, nə də «Sözçü»də Mübariz Mənsimovu müdafiə edəcək bircə cümlə oxumadım.

Ona görə də sayın Yılmaz Özdil, çox da yekə-yekə danışmayın. Yalnız «Oda» TV bircə dəfə Mübariz Mənsimovu müdafiə elədi. O da bircə dəfə.

P.S. Baxıram Azərbaycanda sosial şəbəkələrdə Mübariz Mənsimovu müdafiə edən statuslar paylaşıblar. Ən dəhşətlisi odur ki, bu statusları cəmi üç-dörd nəfər layk edər, uzağı ikicə nəfər də şərh yazar.

Allah Mübariz Mənsimovun qapısını açsın. Hərçənd ki, buna inanmıram. Çünki qapısını bağlayanlar çox bərk bağlayıblar, əstəğfürullah, buna Allahın da gücü çatmır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !