AQTİ laboratoriyaları Balda keyfiyyət göstəriciləri üzrə səriştəlilik test proqramında yüksək nəticə göstərib - - FOTO

AQTİ laboratoriyaları “Balda keyfiyyət göstəriciləri” üzrə səriştəlilik test proqramında yüksək nəticə göstərib - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən  Milli Referens Laboratoriyasında bal və arıçılıq məhsullarında keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə orqanoleptik, reduksiyaedici şəkər, suyun kütlə payı, diastaza ədədi, qlükoza, fruktoza, saxarozanın ayrı-ayrılıqda kütlə payı, qlükoza və fruktoza cəmi, elektrik keçiriciliyinin səviyyəsi, hidroksimetilfurfurolun miqdarı (HMF), hidroksimetilfurfurolun keyfiyyət analizi, mexaniki qarışıqlar, qıcqırma əlaməti, sərbəst turşuluq, eyni zamanda təhlükəsizlik göstəricilərindən ağır metallar, radionuklidlər, pestisid qalıqları, antibiotik qalıqları və digər sınaqlar həyata keçirilir.



Sınaqlar ən müasir cihaz və avadanlıqlarla Amerika Kimyaçılar Birliyi Assosiasiyası (AOAC) metodları əsasında aparılır. Belə ki,  balda 200 adda pestisid qalığı və  18 adda antibiotik qalığı İkiqat Kütlə Spektrometrli Maye Xromotoqrafı cihazı (LC-MSMS) vasitəsilə təyin edilir. Balın keyfiyyət göstəriciləri olan  saxaroza, fruktoza və qlükozanın təyini  Randox cihazı ilə həyata keçirilir. Bu cihaz nəticələrin daha qısa zamanda əldə edilməsinə imkan verir. Laboratoriyada saxarozanı spekrtofotometrik metodla da təyin etmək mümkündür.



Sınaq metodlarının düzgünlüyünü və sınaq nəticələrinin etibarlılığını təmin etmək üçün laboratoriyada tətbiq edilən metodlar validasiya edilmiş, həmçinin müayinə zamanı istiifadə edilən sınaq və ölçü vasitələri metroloji baxışdan keçirilmişdir. Cari ildə laboratoriya  bal məhsullarında müayinə parametrləri üzrə  Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditə olunmuşdur. Hazırda  Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyasında balda keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə beynəlxalq akkreditasiyanın alınması üçün Beynəlxalq Akkreditasiya Qurumuna müraciət edilmişdir.


Qeyd etmək lazımdır ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları mütəmadi olaraq personalın səriştəliliyinin artırılması məqsədilə təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik (Proficiency test) sınaqlarında iştirak edir.



Belə ki, cari ilin mart ayında İnstitutun nəzdində fəaliyyət göstərən Milli Referens Laboratoriyası 45-dən çox xarici laboratoriyaların da iştirakçısı olduğu İngiltərənin FAPAS şirkətinin “Balda keyfiyyət göstəriciləri” üzrə təşkil etdiyi səriştəlilik test proqramında (Proficiency test) “Nəmlik, qlükoza, fruktoza, saxaroza, sərbəst turşuluq, HMF və diastaza ədədi” parametrləri üzrə iştirak etmiş və  ən yüksək nəticə göstərən laboratoriyalar sırasında yer almışdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !