Azərbaycan qadınları öz azadlığını necə müdafiə edirlər? -

Azərbaycan qadınları öz azadlığını necə müdafiə edirlər?

Azərbaycan kəndi, sakinlərin özlərinin də etirafına görə, müstəqil qadın üçün heç də yaxşı yer deyil. Döyülmə, maliyyə nəzarəti, karyera və nikah məsələlərində şəxsi seçim haqqının olmaması - ucqar yerlər üçün adi bir haldır. Lakin qohumlarının zülmkarlığına və ictimai maneələrə baxmayaraq, sərbəst həyat üçün mübarizə etməyə qərar verən qadınların sayı getdikcə artır.

Tutqun bir oktyabr axşamı Zəhra* kiçik bel çantasını yığıb gizlicə evdən çıxıb. Kəndin kənarında maşınla gözləyən rəfiqələri onu valideynlərindən uzağa - Bakıya aparmalı idi.

"Kəndimiz kiçikdir, hamı bir-birini tanıyır. Onlar bilsəydilər ki, mən qaçıram, valideynlərinə xəbər verərdilər, ya da özləri məni evə qaytarardılar," - Zəhra xatırlayır.

Türkiyədən dünyaya və Azərbaycana yayılan ağ-qara fotolar: siz də iştirak etmisinizmi?
17 yaşında zorla evləndirilmiş, evindən qaçmış qadın:"Əlimdən tutanda iyrənirdim"
Qaçmazdan əvvəl o, oğlunu atasının - keçmiş ərinin yanına göndərir və onun dalınca özü gələcəyini deyərək, uşağı geri göndərməməyi tapşırır.

Daha sonra o, xəlvətcə Facebook-da səhifə açıb və Bakıda məşhur bir ictimai fəala yazaraq xahiş edir ki, onu hər gün döyüldüyü və nəzarət olunduğu evdən aparsınlar.

O öz kəndini bu yerlərdə ən radikal hesab edir və onu "qadın üçün ən pis yer" adlandırır. Zəhranın sözlərinə görə, burada ailə zorakılığı adi bir şeydir: "Mənim anam da buna bir qayda kimi yanaşır, o, kəndi çox nadir hallarda tərk edir və başqa həyat görməyib".

Zəhra həyatını qəti dəyişmək qərarına gələndə onun 22 yaşı olub. Bu, artıq onun ikinci qaçışı idi.

Maneələrlə qaçış


Ənənələrə əsaslanan cəmiyyətdə müvəffəqiyyət və şəxsi müstəqillik yolunda qadın çoxlu çətinlikləri dəf etməli olur, buna görə də Azərbaycan üçün uğurlu qaçış əhvalatı nadir haldır.

Birinci maneə ləyaqətli iş tapmaq imkanlarını artıran təhsilin olmamasıdır. Dünya Bankının məlumatlarına görə, Azərbaycan əhalisinin 20 faizinin ali təhsili var və paytaxtdan uzaqlaşdıqca onların arasında qadınların sayı daha da azalır.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Bakıda tələbələrin yarısı qızlardırsa, bəzi bölgələrdə onlar artıq 40 faiz təşkil edir. Hüquq müdafiəçilərinin sözlərinə görə, mühafizəkar ailələrdə valideynlər bəzən qız uşaqlarına orta təhsil almaq imkanı vermirlər.

"Savadsız insan üçün ənənələrin harada bitib öz hüquqlarının harda başladığını anlamaq çətindir, - Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri Şəhla İsmayıl deyir. - Ona dayanıqlı olmaq çətindir, axı belə adam üçün iş təklifləri bir neçə fiziki və az maaşlı əməklə bağlı peşələrlə məhdudlaşır".

O söyləyir ki, tez-tez rayonlarda hüquqi bərabərlik mövzusunda mühazirə oxuyanda ona deyirdilər: "Siz bizim qadınların gözünü açırsınız," - lakin bu, doğrusu, pis bir şey kimi səslənirdi.

Ermənistanda ailədaxili zorakılığa məruz qalan qadınlar


Şəxsi müstəqillik uğrunda mübarizəyə çox vaxt Zəhranın əhvalatındakı kimi ailə zorakılığı səbəb olur.

"10 il əvvəl bunlar tək-tək təsadüf edən hallar idi və qadınlar müxtəlif ailə dəyərləri səbəbindən qaçmağa cürət etmirdilər, indi isə belə hallar çoxalıb - qadınlar zorakılıq üzündən qaçmağa cəsarət edirlər, - Şəhla İsmayıl deyir. - Belə qadınlar, xüsusilə gənclər arasında çoxdur".

İlk dəfə Zəhra evdən 18 yaşında, valideynlərinin istəyinə rəğmən, ərə getdiyi zaman qaçıb.

"Ancaq mən daha pis vəziyyətə düşdüm və daha güclü - psixoloji, fiziki və cinsi - zorakılıqla üzləşdim, - indi o xatırlayır. - Bu, dörd il davam etdi və mən ümid edirdim ki, hər şey düzələcək, lakin heç nə dəyişmədi".

Ərini tərk edəndə o, valideynlərinin yanına kəndə qayıtmağa məcbur olub, indi isə Zəhra yenidən Bakıya geri dönürdü, harada ki, azadlıq axtarışında olan gənc qadınlara "itmək" və iş tapmaq daha asandır.

İlk vaxtlar o, rəfiqəsinin evində yaşayıb. Zəhra günlərlə şəhəri dolaşır, iş tapmağa çalışırdı. Pulu da qurtarmaqda idi.

Hüquq müdafiəçiləri belə biz vəziyyətdə qadını müdafiə etməyə qadir olan təsisatların Azərbaycanda pis işlədiyini qeyd edirlər. 2014-cü ildə ölkədə qeyri-hökumət təşkilatları (QHT) üzərində nəzarət sərtləşdirilib və onlar bağlanmağa başlayıb. Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin məlumatına görə, hazırda Azərbaycanda qadınlar üçün cəmisi 100 nəfər yerləşdirilə bilən üç sığınacaq fəaliyyət göstərir.

Vəkil xidməti üçün pul çatışmır: hüquq müdafiəçilərinin sözlərinə görə, çox vaxt ailə problemləri ilə bağlı polis qadının tərəfini tutmur, xüsusilə əgər o, cavan və qohumlarından asılıdırsa. Hərdən polis hətta həddi-buluğa çatmış qaçaq qadınları ailəyə qaytarır.

Azərbaycanda qadın məhbusların gigiyenik "vasitə çatışmazlığı"
Eyni zamanda, ölkə konstitusiyası üzə cinslər bərabərliyi və ayrı-seçkiliyin qadağan olunduğu bəyan edilir. "Qadınlar və kişilər arasında bərabər hüquqların zəminliyi haqqında", eləcə də ailədə zorakılığa yol verməmək haqqında qanunlar mövcuddur.

Prezident İlham Əliyev də dəfələrlə gender bərabərliyindən danışıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində qeyd edirlər ki, komitənin nəzdində ailə zorakılığı qurbanları ilə işləyən xüsusi şöbə vardır, rayonlarda isə - "süründürməçiliksiz" yerində yardım göstərməyə qadir olan monitorinq qrupları.

Bundan başqa, dövlət ehtiyacı olan qadını sığınacağa yollamağa həmişə hazırdır, komitənin nümayəndəsi Tural Hüseynov israr edir.

Lakin yerli hüquq müdafiəçiləri qeyd edirlər ki, reallıqda bu qanunlar hakimiyyət orqanları əməkdaşlarının mentaliteti ilə toqquşur.

"Qadın müraciət edərkən, hüquq-mühafizəçiləri onun ərizəsini, bir qayda olaraq, ciddi qəbul etmir, çünki çox vaxt o, ərinin təzyiqi altında səhərisi gəlib ərizəsini geri götürür, - hüquqşünas Samirə Ağayeva deyir. - Elə polis əməkdaşları da "evin sirrini vermə" prinsipinə əsaslanırlar, yəni qadın dözməli və özü öhdəsindən gəlməlidir".
Valideynləri və ya ərinin zorakı "himayəsi" altından çıxmağa nail ola bilən qadınlar söyləyirlər ki, müstəqil həyat qurmaq onlara nə qədər ağır olur və ailə necə sübut etməyə çalışır ki, onlar heç nəyə qabil deyil. Çox vaxt yaxın insanlar düşmənə çevrilir və əlindən gələni edir ki, qaçqın qız pulsuz, mənzilsiz və işsiz qalsın.

Zəhranın keçmiş ərindən aldığı alimentin bir hissəsi kənddə atasında qalıb.

O, anasına zəng edib, pulu göndərməsini istəyib, anası isə cavabında deyib ki, özü də atası kimi qızından üz çevirir və ona qardaşı və bacısı ilə əlaqə saxlamağı qadağan edir.

Zəhra keçmiş ərinin tələbi ilə oğlunu götürüb hətta yaşamaq üçün ev də tapır. Tezliklə əri də ona baş çəkməyə başlayır və hətta iş axtarmaqda öz köməyini təklif edir.

Lakin daha sonra, Zəhranın sözlərinə görə, məlum olub ki, o, sahibkarlara zəng edərək Zəhra haqqında "şayiələr yayırmış". Zəhranın iş tapdığını bildikdən sonra, o, aliment verməkdən imtina etməyə cəhd göstərib.

Ötən il dekabrda Zəhra ilk maaşını alıb və indi jurnalist və rəssam işləyir, lakin koronovirus pandemiyası onun müstəqil statusunun nə dərəcədə qeyri-müəyyən olduğunu göstərdi.

Qadınların yenicə meyl saldığı “təvazökar moda” nədir?
Universitet cehiz üçün


Azərbaycanda gender bərabərliyinə dair BMT araşdırmasında qadınların iqtisadi resurslara çıxışının hələ də kişilərə nisbətən daha az olduğu qeyd olunur. Qadınların istər şəxsi, istərsə də ictimai həyatda imkanları və təcrübəsi daha azdır.

"Genderlə sosial norma və təsisatlar arasında qarşılıqlı əlaqələr də daxil olmaqla, müxtəlif amillərin bir-birinə mürəkkəb təsiri, qadınların yalnız reproduktiv qabiliyyətlərinə görə təqdir olunmaları onları ev təsərrüfatında saxlayır və imkanlarını məhdudlaşdırır," - araşdırmada deyilir.

Vəziyyət ailə vəzifələrinin qeyri-bərabər bölüşdürülməsinə görə şiddətlənir və bir çox qadın həm pul qazanmağa, həm də evdarlıq etməyə məcbur olur.
Dünya İqtisadi Forumunun qlobal gender bərabərliyi indeksində Azərbaycan 153 ölkə arasında 94-cü sıranı tutur - bu, Rusiyadan aşağı, lakin, misal üçün, Ermənistandan yuxarıdır.

Araşdırmada Azərbaycan qadınlarının siyasətdə az təmsil olunması qeyd olunur - bu göstəriciyə görə, ölkə 140-cı yerdədir.

Azərbaycan parlamentində qadın deputatlar 17 faiz təşkil edir (121-dən 21-i), lakin nazirlər arasında qadın yoxdur. Formal olaraq ölkədə ikinci ən yüksək vəzifədə qadındır, lakin bu, I vitse-prezident Mehriban Əliyevadır - ölkə prezidentinin xanımı.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, son yeddi ildə bizneslə məşğul olan qadınların sayı üçqat artaraq, 200 minə çatıb, - lakin qadınlar üçün əvvəlki kimi karyera yollarının hamısı açıq deyil.

Küçədə də, işə qəbul internet saytlarında da tələb olunan işçinin cinsi, yaşı, bəzən hətta boyu və xarici görünüşünü dəqiqləşdirən elanlara rast gəlmək olar.

Məsələn, "Call-center"də operator işləmək üçün mütləq 20-dən 40 yaşadək qadın olmalıdır, yaxşı maaşla supervayzer vəzifəsinə isə 30-50 yaşlarında kişi tələb olunur.

Keçən yay sosial şəbəkələrdə avtoservis inzibatçısı vəzifəsinə namizədin mütləq dikdaban ayaqqabı və qısa ətək geyinməsi tələbi qalmaqal yaratmışdı.

Qanunun formal olaraq ayrı-seçkiliyi qadağan etməsinə baxmayaraq, işdə bunu sübut etmək çətindir.

"Hər şey işəgötürən səviyyəsində həll olunur - mən istəyirəm, ya istəmirəm (o və ya bu namizədi - BBC.), qanun isə bunu tənzimləmir," - "Germes" işə qəbul şirkətinin baş direktoru və əmək hüququ üzrə məsləhətçisi Milana Rəhimova deyir.

Daha bir problem - ixtisasların "gender" əsasında stereotip bölgüsüdür.

Azərbaycanda uşaqların təhsil istiqamətini bir çox hallarda valideyn seçir. BMT sorğularına əsasən, respondentlərin cəmi 4 faizi deyib ki, ailələrində təhsillə bağlı uşaqların özü qərar qəbul edib.

Eyni zamanda kişilərin 70 faizi hesab edir ki, qadınlar ilk növbədə yemək hazırlamalı və uşaqlara baxmalıdırlar, təxminən 60 faizi isə deyir ki, ailədə uşaq doğulandan sonra qadın gərək evdən savayı başqa yerdə işləməsin.


Nəticədə valideynlərin nöqteyi-nəzərincə, qadın üçün ən uyğun həkim ya müəllim peşəsi ola bilər.

Azərbaycanda zarafat edirlər ki, qız üçün təhsil cehiz kimi bir şeydir: təhsil alıb, sonra işləməmək olar.

Dövlət Statistika Komitəsinin məlumatına görə, tələbə qızların təxminən üçdə biri pedaqoji fakültələrdə oxuyur, texniki elmlər üzrə təhsili isə cəmi 11 faiz qadın alır və təhsil sahəsində işləyənlər - əmək bazarında tutulmuş iş yerlərinin cəmi 8 faizini təşkil edir.

"Çox ehtimal ki, bu, qadını buna təhrik edən ailələrdən irəli gəlir, - Rəhimova deyir. - Qeyri-bərabərlik əmək haqqında da öz əksini tapır. Nəticədə qızlar ali məktəbi bitirib deyirlər: biz heç vaxt ixtisasımız üzrə işləməyəcəyik, bizi ora valideynlərimiz düzəldib".

DSK-ya görə, ümumiyyətlə qadınların orta əmək haqqı kişilərinkindən iki dəfə aşağıdır.

Buna ölkədə bu günədək HR-prosedurunun olmaması, ya praktiki olaraq tətbiq edilməməsi də mane olur. O cümlədən, Milana Rəhimova deyir ki, "grading" (əməkdaşların ixtisas səviyyəsinin qiymətləndirilməsi) sistemi də yoxdur.

"Şirkətdə "grading" mövcuddursa, əməkdaşın hansı cinsdən olmasının əhəmiyyəti yoxdur və o, əgər karyera pilləsi ilə qalxırsa, əmək haqqı da ixtisas səviyyəsinə uyğun olaraq dəyişir," - ekspert deyir.

O, ən perspektivli sahə kimi IT sahəsini göstərir. Bu sahədə, onun sözlərinə görə, qadınların sayı getdikcə artır.

Daha əvvəl bir neçə boş yer üçün namizədlərin testlərini yoxlamış iri IT şirkətlərindən birinin əməkdaşı söyləyir ki, o zaman ən yaxşı nəticə göstərənlər arasında bir neçə qız da olub, lakin əyani müsahibə mərhələsində onların son nəfərədək hamısını (yazılı testi müvəffəqiyyətlə keçmiş onlarla qadını) kəsiblər.

"IT-yə, əlbəttə, nisbətən az qız gedir, lakin onlar istedadlıdırlar, - Milana Rəhimova deyir. - Çünki onlar bu işi, valideynlərinin əmri ilə deyil, səmimi ürəkdən seçirlər".

Yuvarlanıb müstəqillik səviyyəsinə enmək
"Əgər qız bütün normal insanlar kimi ərə getmək əvəzinə, Bakıya işləməyə və özbaşına yaşamağa gedirsə, qadınlar üçün bu, alçalmaq kimi bir şeydir," - sevmədiyi oğlanla nişanlanmağa məcbur edildiyinə görə valideynlərindən qaçmış Kamalə* deyir.

Atası qohumlarına Kamaləyə kömək etməyi qadağan edib və o, ilk vaxtlar dostları ilə yaşayaraq, bütün günlərini iş axtarışında keçirib.

"Mən heç nəyə heyfsilənmirəm, nəyə getdiyimi bilirdim - o xatırlayır. - Bilirdim ki, evdə qalsam, məni ərə verəcəklər, mən isə Bakıda qalmaq istəyirdim, işləmək, azad olmaq, ailəmizə və ilk növbədə, özümə sübut etmək ki, mən də nəyəsə qadirəm".

Kamalə birtəhər ev kirayəsini ödəyən cüzi maaşla kassir işindən başlayıb. Beş il keçdikdən sonra o, menecer olub, bu yaxınlarda özü seçdiyi adamla evlənib və yığdığı pulu ilə kiçik toy məclisi qurub.

Kamalənin sözlərinə görə, bundan sonra valideynləri sakitləşib və hətta ona dərin hörmət bəsləməyə başlayıblar: "Onlar özləri mənimlə münasibətləri bərpa etdilər, özləri məni tapdılar. İndi çox yaxşı davranırlar, çünki görürlər ki, mən bacarmışam".

Fidan*, əksinə, sərbəst həyat qurmaq qərarına gəldikdən sonra münasibətləri nə valideynləri, nə də kişilərlə təşəkkül tapıb. "Sən boşanmış qadınsansa, ikinci dəfə ərə getmək olduqca çətindir, kişilər səni asan ələ keçirilən bir-iki gecəlik qadın kimi baxır, - o deyir. - Sən yalnız boşanmış kişi ilə evlənə bilərsən, sizin hər ikinizin üstündə damğa var, sizin təmtəraqlı toyunuz da olmayacaq".

32 yaşında Fidan ikinci dəfə ərə gedib və bu izdivacı da əvvəlki kimi, yanlış hesab edir.

"Mən artıq əvvəlki kimi axmaq deyildim, lakin mənim öz ünsiyyət dairəm, dostlarım var idi və mənə elə gəlir ki, o, sərbəstliyimə tab gətirə bilmədi," - Fidan deyir. Onun sözlərinə görə, onu qohumlarına pul və ya Bakıda əlaqələr lazım olanda yada salırlar.
Bütün bunlara baxmayaraq, iki-üç il əvvəl ölkədə feminist hərəkatı baş qaldırmağa başlayıb.

Bu, ötən il 8 mart günü gözə çarpdı, fəallar ilk dəfə "Ailə zorakılığına - Yox" şüarı ilə küçəyə çıxdılar. Karantinə kimi onlar müntəzəm surətdə küçə aksiyaları təşkil edirdi və arada müxalifətlə də dalaşdılar - müxalifətçi liderlərdən birinin qızı atasını onu döyməkdə günahlandırmışdı.

Feministlərin əsasən Bakıda cəmləşdiyinə baxmayaraq, fəallardan biri Vəfa Nağı hətta doğma kəndində bələdiyyə seçkilərində qalib gəlib. Doğrudur, bu yaxınlarda onu bələdiyyədən kənar ediblər - Vəfa xanımın sözlərinə görə, onun korrupsiyaya qarşı fəaliyyətinə görə...

Qərb dalğası


Oğlu nənəsi üçün darıxmağa başlayanda, Zəhra valideynlərinin razılığı ilə onu kəndə aparıb.

Sabahısı gün karantin elan olunub və Bakıya giriş bağlanıb və valideynlərlə bir neçə gün bir neçə ay uzanıb.

"Avqustun əvvəlində atam anamı döyməyə başladı, etiraz etməyə başlayanda, məni də uşağımın gözü qabağında vurdu," - Zəhra söyləyir. Karantin yumşaldıqdan sonra o, dərhal Bakıya qayıdıb.

"Burada mən özüm üçün narahat olmuram, orada isə bu üç ay ərzində daima gərginlik və depressiya içindəydim, - Zəhra xatırlayır, lakin qeyd edir ki, pandemiya şəraitində yaşamaq çətinləşib. - Vəziyyət elə dəyişib ki, bağçalar bağlıdır, mən də bilmirəm, uşağı harada qoyum. Mən indi yalnız online işləməyə məcburam və ümumiyyətlə, sakitlik olduğuna baxmayaraq, mən yenə də öz gələcəyimə dair arxayın deyiləm".


Ümumiyyətlə, gender bərabərliyi probleminin Azərbaycan üçün aktual qalmasına baxmayaraq, BMT müsbət irəliləyişlər də qeyd edir: son onilliklərdə qadınların ömrü uzanıb və savad səviyyəsi artıb, erkən nikahların və ailədə uşaqların sayı azalıb, qadınlar isə tez-tez evdən kənarda işləyir.

"BMT-qadınlar" məruzəsində qeyd olunduğu kimi, hakimiyyət 2015-ci ildən ailə zorakılığının qarşısının alınması və iqtisadiyyatda qadının rolunu artırmaq üzrə informasiya kampaniyasını aparır.

Sosioloq Humay Axundzadə qeyd edir ki, nisbi mühafizəkarlığa baxmayaraq, son 100 il ərzində Azərbaycan cəmiyyətində - həm ictimai, həm fərdi sahədə - tədricən emansipasiya baş verib.

"Qərb ölkələrindən gələn dalğa bizə də çatır, - Axundzadə deyir. - Və indi insanlar elə şeylərdən danışırlar ki, əvvəllər danışmaq olmazdı".

***Qəhrəmanların adları onların xahişi ilə dəyişdirilib. İllüstrasiyalar Məhərrəm Zeynalovundur. 

Məhərrəm Zeynalov

BBC

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !