"Neftçi" "Cim Bom"u Bakıdan əliboş qaytarmadı - -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

"Neftçi" "Cim Bom"u Bakıdan əliboş qaytarmadı -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

Dünən UEFA bayrağı altında Avropa Liqasının 2-ci təsnifat oyunları keçirilib. Bu turnirdə ölkəmizi təmsil edən və futbolumuzun flaqmanı sayılan "Neftçi" klubu Türkiyənin, eləcə də Avropanın qrandlarından hesab edilən "Qalatasaray" la qarşılaşıb. Bakıdakı Olimpiya Stadionunda baş tutan və taleyi şotlandiyalı referi Kevin Klensiyə həvalə edilən qarşılaşma qonaq komandanın qələbəsi ilə başa qatıb. Qeyd edək ki, matçın favoriti sayılan və özünü heç də qonaq kimi aparmayan "Cim Bom" 90+4 dəqiqə davam edən görüşdə ev sahibini 3 dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Bunun əvəzində öz qapısından cəmi bir qol buraxıb. Matçda ilk qolu 19-cu dəqiqədə Mbaye Dyan vurub və bununla da "sarı-qırmızılar" hesabda irəli çıxıblar - 0:1. Komandalar bu hesabla fasiləyə yollanıblar. Fasilədən dönəndən dərhal sonra - 46-cı dəqiqədə Mamadu Mboc dəqiq zərbəylə "Cim Bom"un qapısına cavab qolu vurur - 1:1. Lakin flaqmanımızın bu qol sevinci uzun sürməyib. 48-ci dəqiqədə hücuma qoşulan qalatasaraylı müdafiəçi Kristian Luindama "Neftçi"nin qapısına yol tapmaqla komandasını hesabda yenidən irəli çıxarıb - 1:2. Lakin bu da oyunda son qol olmayıb. 63-cü dəqiqədə Mbaye Dyan yenidən səhnəyə çıxaraq həm dubl edib, həm də "Cim Bom"a rahatlıq verən 3-cü qola imza atıb - 1:3. Bununla da "Neftçi"nin vidalaşdığı turnirdə "İmperator" ləqəbli baş məşqçi Fatih Terimin komandası 3-cü mərhələyə keçib. Xatırladaq ki, bu turnirə startdan qatılan 3 komandamızın hamısı mübarizəni erkən dayandırıb. Bundan sonra yeganə ümidimiz "Qarabağ"a qalır. Xatırladaq ki, çempion kimi Avrokuboklara UEFA Çempionlar Liqasından qatılan Qurban Qurbanovun yetirmələri turnirin 3-cü təsnifat mərhələsinda "Molde"yə (Norveç) penalti seriyasında uduzub və bundan sonrakı mübarizəni Avropa Liqasında davam etdirmək məcburiyyətində qalıb. Ağdam təmsilçisi bu turnirə isə pley-offdan qatılacaq və bu mərhələdə "Leqiya" (Polşa) - "Drita" (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq. Oyunlar oktyabrın 1-də keçiriləcək.
İNTİQAM Məmmədov  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !