Ekspert: Doğulanların sayına koronavirusun təsir etdiyi haqda fikirlər yanlışdır - -FOTO=2

Ekspert: “Doğulanların sayına koronavirusun təsir etdiyi haqda fikirlər yanlışdır” -FOTO=2

 2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda doğum ötən ilin eyni dövrünə nəzərən 12,9 faiz, nikah 42,6 faiz, boşanma 17,6 faiz azalıb, ölüm halları 10,3 faiz artıb. Dövlət Statistika Komitəsi bildirir ki, 2019-cu ilin yeddi ayı ilə müqayisədə əhalinin təbii artımı (doğulanlar və daimi yaşamaq üçün gələnlərlə ölənlər və ölkəni tərk edənlərin nisbəti) üzrə 29,6 faiz geriləmə var.
Hesabata görə, Azərbaycan əhalisinin sayı avqustun 1-nə 10 milyon 100 min 622 nəfərə çatıb: “Yanvar-iyul aylarında 70390 doğulan körpə qeydə alınıb, onların 53,3 faizi oğlan, 46,7 faizi qız uşaqlarıdır. Ölkədə 37426 ölüm halı, 20611 nikah, 8285 boşanma rəsmiləşib, daimi yaşamaq üçün 947 nəfər gələn, 397 nəfər gedən qeydə alınıb”.
Ötən ilə nisbətən yeni doğulanların sayının azalması və ölənlərin sayının artmasına gəldikdə isə bir çox ekspertlər qeyd edir ki, bu məsələ təkcə ölkəmizdə deyil, bütün dünya ölkələrində müşahidə edilir.
Məsələn, Yaponiya rəsmilərinin məlumatına görə, ölkədə 2019-cu ildə 865 min 234 uşaq doğulub ki, bu da əvvəlki illə müqayisədə 53 min 166 nəfər azdır. Bu, eyni zamanda həmin müşahidənin tarixi boyunca ən aşağı göstəricidir. Bununla yanaşı, hesabat ilində vəfat edənlərin sayı 1 milyon 381 min 98 nəfər təşkil edib ki, bu da II Dünya müharibəsindən sonra ən yüksək göstəricidir. Beləliklə, ölkə üzrə ölənlərin sayı ilə yeni doğulanlar arasında fərq 515 min 864 nəfər təşkil edib və bu da həmin müşahidənin aparılmağa başladığı 1899-cu ildən bəri ən yuxarı göstərici hesab edilir.
Yaponiyada yeni doğulan uşaqların sayının azalması ilə bağlı səbəblər sırasında iqtisadi problemlər, işlə uşaqların tərbiyəsi arasında balansın tapılmasının çətinliyi kimi amillər göstərilir. Bununla yanaşı, hazırda davam edən koronavirus pandemiyasının da gələcəkdə artıma mənfi təsir göstərəcəyi qeyd edilir.
BMT-nin qlobal demoqrafik dəyişikliklər və perspektivlər barədə son məruzəsində də qeyd edilirdi ki, əhalinin azalması müşahidə olunan ölkələrin sayı artmaqdadır. Bu, ilk növbədə doğum səviyyəsinin azalması ilə bağlıdır. 2050-ci ilə qədər dünyanın 55 ölkəsində əhalinin sayı minimum 1 faiz azalacaq. Bunların arasında Rusiya, Ukrayna, Belarus, Ermənistan, Latviya və Litva da var. Hazırda Rusiya əhalisinin sayı təqribən 144 milyon nəfərdir. 2050-ci ilə qədər bu göstəricinin 11 milyon nəfər azalacağı gözlənilir.
Bəs niyə az doğulub, çox ölürük?
Şeirlər - Əhməd Qəşəmoğlu 
Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı  danışıb. O qeyd edib ki, doğulanların sayına koronavirus bəlasının təsir etdiyi haqda fikirlər yanlışdır: “Çünki ən azı bir həftə əvvəl doğulanlar 9 ay bundan əvvəl artıq ana bətnində olublar, hansı ki, həmin vaxt pandemiya başlamamışdı. Burada daha çox başqa faktorlar rol oynayır. Bunlar əsasən sosial, iqtisadi faktorlardır. Ölümlərin sayının artması isə koronavirus səbəbindən ola bilər. Məlum olduğu kimi, bu virusdan xeyli insan dünyasını dəyişdi. Həm də unutmaq olmaz ki, ölkəmizdə də koronavirus pandemiyası başlayandan səhiyyə xidməti demək olar ki, dayanıb. Çünki bir çox səhiyyə şəbəkələri koronavirusla mübarizəyə qoşuldu, digərlərinə isə əhali getməyə qorxur. Məsələn, şəxsən mən uzun müddətdir ki, diş həkiminə getməliyəm. Lakin virusa yoluxmaqdan çəkindiyim üçün getmirəm. Çünki xəstəxanaya gedənlər arasında virusa yoluxanlar da oldu. Digər tərəfdən, karantin rejimi, evdə qalmaq insanlara sağlamlıq cəhətdən ciddi zərbə vurdu. Çünki elə insanlar var ki, onlar mütləq mütəmadi olaraq açıq havada olmalı, gəzməli idilər. Onlar ki, uzun müddət evdən çölə çıxa bilmədi, bu onların sağlamlıqlarına təsir etdi. Həmçinin həm virusa yoluxma qorxusu, həm digər sosial-iqtisadi problemlər insanlarda ciddi mənəvi-psixoloji sarsıntılar da yaratdı ki, bunun özü də sağlamlığa birbaşa təsir edir. Beləliklə, deyə bilərik ki, ölənlərin sayının artma səbəblərindən biri koronavirus bəlası ola bilər. Amma hələlik bu məsələ doğulanların sayına təsir etməyib. Bu haqda yalnız yarım ildən sonra danışa bilərik”.
Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqladı
Tibb elmləri doktoru, professor Adil Qeybulla da qeyd etdi ki, pandemiyanın demoqrafiya ilə bağlı fəsadları hələ bir müddət sonra özünü göstərəcək: “Ümumiyyətlə, koronavirusun yaratdığı əsas porblemlərdən biri də demoqrafik vəziyyətdir. İnsanların ailə qurması, toyların gecikdirilməsi, bütün bunlar demoqrafik vəziyyətə təsir edir. Təsəvvür edin ki, 18 ildən sonra əsgər aparmağa gənclər tapılmayacaq. Yəni bu vəziyyətin fəsadları hələ bundan sonra özünü göstərəcək. Həmçinin insanların psixoloji davranışlarında yaranmış problemləri də postpandemiyada daha çox hiss edəcəyik”.
Xalidə GƏRAY
“Yeni Müsavat”

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !