Teleqüllədən daha davamlı - -Rafael Hüseynov xatırladır (VİDEO=2)

Teleqüllədən daha davamlı -Rafael Hüseynov xatırladır (VİDEO=2)

Dostumuz Vasif Babayevin 80 yaşı mübarək olsun!
Çox illər öncə, hələ tələbə ikən gendən-genə sehrli, möcüzəli məkan kimi baxdığım Azərbaycan Radio və Televiziyasının həyətinə ilk dəfə qədəm basanda təsəvvür etməzdim ki, bu yer mənimçün son dərəcə doğmalaşacaq və daha heç vaxt oradan ayrılmayacağam.
Öncə radiodan başladım. 1974-cü ildə ilk verilişim səsləndi.
Ardınca isə televiziyaya ayaq açdım.
Həm də iş elə gətirdi ki, Televiziyada ilk çıxışımdan dərhal sonra mənə ayrıca veriliş aparıcılığını həvalə etdilər.
Onillər boyu birgə çalışdığımız insanların hansısa artıq həyatda yoxdur, hansısa radio-televiziyadan haçandır ki, ayrılıb, hansılarısa artıq xeyli yaşlı olsalar da, ruhən cavandırlar, yenə doğma ünvanla təmaslarını, iş birliklərini davam etdirirllər.
O köhnə əməkdaşlarla studiyanın həyətindəmi, dəhlizlərindəmi, ya Bakı küçələrindəmi rastlaşanda sevinirəm, ovqatım durulur, istər-istəməz ötən illərə, Azərbaycan radio-televiziyasının çox parlaq insanlarla dolu illərinə qayıdıram.
İlk rejissorlarımdan biri Solmaz Həmzəyevanı yenə şux, yenə əvvəlki kimi həyat eşqi ilə dolu görəndə, yaxud indi Vətəndən uzaqlarda yaşayan, yenə ilk rejissorlarımdan olmuş Rauf Mirzəyevin hər təzə sorağını alanda bircə anda qayıdıram ilk gəncliyə.
1970-80-ci illərin məşhur teleradio işçilərinin hərəsi bir tarix idi və onları gördükcə də deyil, hətta barələrində düşündükcə içərim işıqlanır.
Xalq artisti, rejissor Vasif Babayev o zamanlar, ilk dəfə gördüyüm çağlarda artıq çox məşhur idi, təbii ki, cavan idi, enerji ilə daşırdı, özü də yeni axtarışlar, tapıntılar, təzə layihələr istəyi ilə çırpınırdı, başqa həmkarlarını da bu əhvala kökləməyi bacarırdı.
40 ildən çox vaxt keçib.
Vasif Babayev 80-ninə çatdı, amma həmin şövq, həmin eşq, həmin işgüzarlıq və yenilikçi damar yenə onunladır.
Həm də elə dünənlərdəki kimi qıvraqdır, gümrahdır, cavandır.
Sanki onillər onun içərisindən keçməyib, yanından ötüb.
1970-ci illərdə birinci dəfə üz tutduğum doğma Radio-Televiziyada illər boyu çox şeylər dəyişib.
Hətta efirimizin rəmzlərindən olan və studiyanın həyətində ucalan teleqüllə də daha yoxdur.
İndi yuxarı tərəfdə, dağın üstündə keçmişdəkindən qat-qat möhtəşəm və müasir teleqüllə ucalmaqdadır.
Vasifsə elə həmin Vasifdir.
Vasif müəllim mənə həmin keçmiş Teleqüllə kimi gəlir.
Vaxtın bütün sınaqlarına tab gətirmiş, yenə əvvəlki vüqarı və coşqun həvəsi ilə ucalan, köhnə Teleqüllədən də davamlı Vasif Babayev!
Doxsana doğru başlanan yolu sağlam, xoşbəxt, fərəhlərlə dolu olsun! 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !