Baş nazir müavini Əli Əhmədov: - "Tofiq Yaqublu barəsində çıxarılan məhkəmə hökmündən narazıdırsa..."

Baş nazir müavini Əli Əhmədov: "Tofiq Yaqublu barəsində çıxarılan məhkəmə hökmündən narazıdırsa..."

Tofiq Yaqublunun "həyatı indi radikalların faydalanmağa çalışdığı alətə" çevrilib, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Facebook səhifəsində yazıb.

15-ci gündür ki, barəsində verilmiş məhkəmə hökmünə etiraz olaraq aclıq aksiyası keçirən Tofiq Yaqublu həbsini qanunsuz sayır.

Tofiq Yaqublu xuliqanlıqda ittiham olunur və ona 4 il 3 ay həbs cəzası verilib.

O, bir neçə gün öncə Penitensiar Xidmətin razılığı ilə həbsxanadan özəl xəstəxanaya köçürülüb.

Əli Əhmədov Tofiq Yaqublunun səhhətindən "siyasi reytinq" üçün faydalanmağa çalışanların olduğunu söyləyib.

"Müxalifətin radikal qanadı düşdüyü siyasi koma vəziyyətindən Tofiq Yaqublu "faktoru" vasitəsilə çıxmağa çalışır. Siyasətin əxlaqla toqquşduğu çirkin hadisənin şahidləriyik. Törətdiyi cinayət tərkibli əməllərinə görə bütün prosedurlara uyğun olaraq məhkəmə hökmü ilə cəza almış müxalifətçi Tofiq Yaqublunun həyatı indi radikalların faydalanmağa çalışdığı alətə çevrilib," - Əli Əhmədov qeyd edib.

Baş nazirin müavini bildirib ki, bu gün üçün aktual məsələ Tofiq Yaqublunun keçirdiyi aclıq aksiyası ilə bağlı səhhətində yaranmış problemlərin həllidir.

"Dövlət öz üzərinə düşən vəzifənin yerinə yetirilməsində seçim etmir," - Əli Əhmədov deyir ki, Tofiq Yaqublunun sağlamlığı üçün lazım olan bütün tədbirlər görülür və buna davam ediləcək, - "Lakin təəssüf ki, əks düşərgənin mövqeyi insanın sağlamlığı deyil, ondan siyasi divident qazanmaqdan ibarətdir. Görünür, radikalları onların öz sıralarından olan birisinin həyatından daha çox, yaranmış vəziyyətdən faydalanmaq maraqlandırır".

Əli Əhmədov bildirib ki, Tofiq Yaqublu barəsində çıxarılan məhkəmə hökmündən narazıdırsa, bunun üçün "hüquqi prosedurlara" müraciət edə bilər.

O söyləyib ki, "sağlamlığı hesabına hüquqa qalib gəlmək taktikasını düzgün seçim saymaq çox çətindir". 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !