Azərbaycan İlahiyyat İnstitutunda 15 sentyabr – Bilik Günü münasibətilə onlayn iclas keçirilib - - FOTO

Azərbaycan İlahiyyat İnstitutunda 15 sentyabr – Bilik Günü münasibətilə onlayn iclas keçirilib - FOTO

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) yeni tədris ilinin başlanması ilə bağlı onlayn iclas keçirilib. “Microsoft Teams” platforması üzərindən təşkil olunan iclasda Aİİ-nin rəhbər heyəti, müəllimləri və tələbələri iştirak ediblər.


İclasda çıxış edən Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov yeni tədris ilinin başlanması münasibətilə müəllim və tələbələri təbrik edib. Rektor yeni tədris ilinin Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin yeni qaydalarla başlanması haqqında danışıb.


Rektor yeni dərs ilinin distant formada təşkili, xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunmasının təmin edilməsi barədə ətraflı məlumat verib.


Daha sonra Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mübariz Camalov çıxış edərək, yeni qaydalarla başlayacaq tədris ilinin təşkili qaydalarından bəhs edib. Yeni tədris ilində dərslərin Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq, distant (məsafədən) “Microsoft Teams” platforması üzərindən keçiriləcəyini qeyd edən prorektor bu proqramın üstünlüklərindən danışaraq, tələbələrin dərslərdə fəal şəkildə iştirak etmələrini, proqramın üstünlüklərindən yararlanmağı tövsiyə edib.


İclas tələbələri maraqlandıran suallar ətrafında müzakirələrlə davam edib.


Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkə üzrə xüsusi karantin rejiminin tətbiqi qaydalarına uyğun olaraq, həmçinin Təhsil Nazirliyinin müvafiq əmri ilə Aİİ-də 2020-2021-ci tədris ili 15 sentyabr 2020-ci il tarixdə bakalavriat və magistratura səviyyələrinin II və yuxarı kurs tələbələri üçün distant formada başlayıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !