Ağcabədinin pambıq tarlalarında defolyasiya işləri ilk dəfə olaraq dronlar vasitəsilə həyata keçirilib - +FOTO=20 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

Ağcabədinin pambıq tarlalarında defolyasiya işləri ilk dəfə olaraq dronlar vasitəsilə həyata keçirilib +FOTO=20 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

 
Ağcabədinin pambıq tarlalarında defolyasiya işləri ilk dəfə olaraq dronlar vasitəsilə həyata keçirilib
Bu gün dronlardan kənd təsərrüfatının bir çox sahələrində müvəffəqiyyətlə istifadə olunur. Kənd təsərrüfatında tətbiq edilən dronlar əkin sahələrinin müxtəlif istiqamətlər üzrə monitorinqini aparmaqla, qısa müddət ərzində məlumatlar toplayıb sistemləşdirməyə və proqnozlar verməyə imkan verir. Dronlar vasitəsilə aqrokimyəvi məhsulların və pestisidlərin bitkilər üzərinə çilənməsi yüksək nəticə göstərir.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi rayonunun pambıq tarlalarında defolyasiya işləri ilk dəfə olaraq dronlar vasitəsilə həyata keçirilib. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Dövlət Aqrar İnkişaf Mərkəzinin, “MKT İstehsalat Kommersiya” MMC-nin nümayəndələrinin və fermerlərin iştirak etdiyi defolyasiya prosesində dronlar, onlardan istifadə barədə geniş məlumat verilib.
Dronlarla havadan dərmanlama rayonun Pərioğullar, Təzəkənd, Boyad və Yeni Qaradolaq kəndlərində aparılıb. Pərioğullar kəndində fermer Raquf Qasımovun 3 hektar, Təzəkənd kəndində fermer Rizvan Şıxəliyevin 5 hektar, Boyat kəndində Həsən Cəfərovun 3 hektar, Yeni Qaradolaq kəndində Tofiq İsmayılovun 12 hektar pambıq sahəsi defolyasiya olunub.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Etibar İbrahimov dronlar vasitəsilə havadan dərmanlamanın əhəmiyyətindən danışaraq deyib: “Dronların kənd təsərrüfatında tətbiqi bir sıra üstünlüklərə malikdir. Texnikaların girə bilmədiyi sahələr dronlar vasitəsilə asanlıqla dərmanlanır ki, bu da fermerlərin işini asanlaşdırır. İnanıran ki, yaxın gələcəkdə respublimanızda aqrar sahədə dronlar daha geniş tətbiq olunacaq”.
Ağcabədi Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov ölkəmizdə aqrar sahədə müasir innovasiya və texnologiyalardan istifadənin genişləndirildiyini bildirib: “Ötən ay Ağcabədi rayonunun Hacılar kəndində təkrar qarğıdalı əkini sahələrinin ilk dəfə olaraq müasir dronlar vasitəsilə dərmanlanması həyata keçirilib. Dərmanlama prosesini Kənd Təsərrüfatı naziri İnam Kərimov da izləyib. Hazırda isə rayon ərazisindəki pambıq tarlalarında defolyasiya işləri dronlarla aparılır. Defolyasiya işi traktorlar vasitəsilə həyata keçirilməsi bitkilərin zədələnməsinə, pambıq qozalarının tökülməsinə səbəb olur ki, bu da məhsuldarlığa təsir göstərir. Dronlarla dərmanlama zamanı isə heç bir itkiyə yol verilmir. Yaxın gələcəkdə rayonun digər təsərrüfat sahələrində də dronlardan istifadə olunması nəzərdə tutulub”.
Ağcabədi rayonunun Yeni Qaradolaq kənd sakini 1- ci dərəcəli əmək ordenli Tofiq İsmayılov AZpress.AZ - ın müxbirinə bidirib ki, “Bu il 40 hektar sahədə pambıq becərmişəm. Pambığın hər hektarından 2018-ci ildə 57 sentner, 2019-cu ildə isə 59 sentner məhsul götürdük. Bu il isə hər hektardan orta hesabla 60 sentner məhsul gözləyirəm. Bu gün defolyasiya işlərini yeni texologiyadan istifadə etməklə həyata keçirdik. Çox rahat və səmərəli üsuldur” – deyə fermer bildirib.
Qeyd edək ki, bu il Ağcabədi rayonunda 4200 hektarı “Azərpambıq” MMC, 5068,8 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1420 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında 10 min 688,8 hektar sahədə pambıq becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir. Mütəxəssislərin ilkin hesablamalarına görə, rayonda 35 min tondan çox pambıq istehsalı gözlənilir.
Mais Amin AZpress.AZ Ağcabədi.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !