Azərbaycanın Pakistandakı səfiri Pakistan Mİlli Assambleyasının sədri ilə görüşüb -

Azərbaycanın Pakistandakı səfiri Pakistan Mİlli Assambleyasının sədri ilə görüşüb

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qayser ilə görüşüb.
Əli Əlizadə Azərbaycanın Pakistanla əlaqələrə xüsusi önəm verdiyi, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd edib. İki ölkə rəhbərləri arasında mövcud olan yaxın dostluq və qardaşlıq əlaqələrinin, onların davamlı görüşlərinin ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə təşəkkül tapmasına şərait yaratdığını bildirən səfir, hər iki ölkənin bütün beynəlxalq məsələlərdə bir-birini dəstəklədiyini bildirib. Ermənistanın Azərbaycana qarşı son təxribatları və məkrli niyyətləri haqqında məlumat verən səfir Pakistan Hökümətinin verdiyi bəyanatla Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə və Ermənistanı qınadığına görə təşəkkür edib. Əli Əlizadə Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin önəmli rolunun olduğunu, 2012-ci ildə Pakistan Senatının, 2017-ci ildə isə Pakistan Milli Assambleyasının xarici işlər üzrə daimi komitələrinin Ermənistanın Azərbaycana qarşı təcavüzünü qəti pisləyən və Xocalı Soyqırımını tanıyan qətnamələrin qəbul etməsinin bu dostluğun və qardaşlığın bir təzahürü olduğunu və daim minnətdarlıqla qarşılandığını vurğulayıb.
Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qayser Azərbaycanın Pakistan üçün qardaş ölkə olduğunu, Pakistanın Azərbaycanla siyasi, iqtisadi və parlamentlərarası əlaqələri daha da artırmaqda maraqlı olduğunu diqqətə çatdırıb. Dağlıq Qarabağ məsələsində Pakistanın daim Azərbaycanın yanında olduğunu və dəstəklədiyini bildirən spiker, Dağlıq Qarabağ və Kəşmir məsələlərinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllinin zəruri olduğunu bildirib. Parlamentlərarası əlaqələrin önəmini vurğulayan Əsəd Qayser Azərbaycan Parlamenti ilə əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində işlərin davam edəcəyini, bununla yanaşı iqtisadi-ticari sahələrdə də əlaqələrin genişlənməsinə səylərin artırılacağını qeyd edib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !