Donald Tramp Ermənistana silah satan Serbiya Prezidentini necə əzdi? - : Azər Həsrət

Donald Tramp Ermənistana silah satan Serbiya Prezidentini necə əzdi? : Azər Həsrət

Dövlət adamı olmaq əlavə məsuliyyət və diqqət tələb edir. Hələ dövlət başçısı olmaq hər yoldan ötənin işi heç deyil. Amma bəzən elə olur ki, dövlət də zəif olur, ona başçılıq edən də. Hətta təsadüfi adamın biri dövlət başına keçəndə lap pis olur.

Bu ilin iyul ayında Ermənistanın Tovuz rayonu istiqamətindən Azərbaycana təcavüzünü və şanlı ordumuzun düşməni geri oturdub mövqelərini darmadağın etməsini qürurla xatırlayırıq. Düşmənin hətta daha içəridəki hərbi obyektləri başına uçuruldu, yerlə-yeksan edildi. Nəticədə Azərbaycanın sərhəd məntəqələri 1700 metrə qədər Ermənistana sarı irəli çəkildi.

O döyüşlərin ardından öyrəndik ki, bizə tuşlanan silahların bir qismi Azərbaycanın uzun illərdir isti münasibətdə olduğu, ən çətin anlarında həyan durduğu Serbiyadan gəlibmiş. Bununla bağlı ciddi narahatlıq yaşandı, təbii ki, Serbiyadan izahat tələb edildi.

Lakin sözümüz ondadır ki, Serbiyanın belə etibarsızlığı və çirkin bir oyuna alət olması təsadüfi deyilmiş. Çünki bu ölkəyə başçılıq edən şəxs – Prezident Aleksandr Vuçiç də elə Ermənistanın baş naziri Nikol Paşinyan kimi naşı, siyasəti anlamayan birisi imiş.

Aşağıda təqdim etdiyimiz videoya baxın. Burada hər şeydən öncə diqqət çəkən odur ki, ABŞ Prezidenti Donald Tramp Serbiya Prezidenti Aleksandr Vuçiçi Ağ Evdə – öz kabinetində qəbul edir. Olsun. Lakin göründüyü kimi D.Tramp öz daimi iş masasının arxasında oturub. Ətrafda yalnız ABŞ-a aid bayraqlar var. Serbiyanın bayrağı isə gözə dəymir.

Bu bir yana, D.Tramp Aleksandr Vuçiçi masanın bir tərəfinə qaçarağı əlavə edilmiş kiçik masada oturdub. Və dövlətlər arasında sənədin imzalanması mərasimidir. Maraqlıdır ki, ABŞ Prezidenti sənəddə Serbiyanın İsraildəki səfirliyini Tel Əvivdən Yerusəlimə köçürməyə hazırlaşdığını öhdəsinə götürdüyünü deyir. Serbiya Prezidenti bunu eşidincə çaşır, təəccüblə sənədi vərəqləyir və başını tutur. Etiraz edəcək, nəsə deyəcək cürətə sahib deyil…
İndi isə aşağıdakı şəklə baxın. Yenə də ABŞ Prezidenti D.Tramp A.Vuçiçi qəbul edir. Sanki bir müəllim tələbəni imtahanda qəbul edirmişcəsinə. Serbiya Prezidenti də müticəsinə ABŞ Prezidentinin qarşısında qoyulmuş stulda oturub.

Bir dövlət başçısı özünü bu qədər aşağılayacaq duruma düşməliydimi? Təbii ki, belə anların yaşanmaması, protokola tam uyğunluğun olması üçün o dövlət başçısının nüfuzu, təcrübəsi, özünə hörməti olmalıdır. Anlaşılan budur ki, hansısa dalğada hakimiyyət başına gəlmiş A.Vuçiç ABŞ Prezidenti qarşısında özünü ən yaxşı halda bir məktəbli kimi aparır…

İndi isə 24 il öncənin bir videosunu təqdim edirik. Dostumuz Umud Rəhimoğlu xatırlatdı onu bizə. 1996-cı ilin mayında Moskvada çəkilib. Çeçenistan lideri Cövhər Dudayev öldürüldükdən sonra Respublikaya başçılıq edən Zəlimxan Yandarbiyevin atəşkəs imzalanması üçün Moskvaya səfərindəndir. Rusiya Prezidenti Boris Yeltsin masanın başında oturaraq onu qəbul etmək istəyir. Lakin Z.Yandarbiyev bərabər tərəflər kimi masa arxasında oturmağı tələb edir. Əks təqdirdə danışıqlardan və sənədi imzalamaqdan çəkiləcəyini bildirir. Nəticədə Boris Yeltsin bərabər tərəflər kimi oturmağı qəbul edir.
Demək istədiyimiz odur ki, bu gün müstəqil Serbiya dövlətinə başçılıq edən şəxs 1990-ların qarmaqarışıq və heç kim tərəfindən tanınmayan Çeçenistanının rəhbəri qədər də təcrübəli və cəsarətli olmadı. İndi belə bir adamın ölkəsinin xarici siyasətdə nala-mıxa vurması bizi və heç kimi təəccübləndirməsin gərək…

İndi bildinizmi bizim kimi insanlar Azərbaycan Prezidenti İlham Əliyevi niyə bu qədər ürəkdən dəstəkləyirik? Səbəb onun belə durumlarda çevik davrana bilməsi, qarşı tərəflə davranışda protokola uyğun hərəkətə nail olmasıdır. Azərbaycan Prezidenti dövlətə rəhbərlik etdiyi illər ərzində bir dəfə də olsun hansısa dövlətin prezidenti qarşısında özünün və dövlətinin belə aşağılanmasına şərait yaratmayıb…

Sözardı: Ümumiyyətlə bu amerikanlar hamıya üstdən aşağı baxmağı sevirlər. Vay o günə ki, bir balaca özünü əzdirdin. Onda sənin qanın getdi. Bunu bildiyim üçün amerikanlarla münasibətdə həmişə onlardan heç də aşağı olmadığımı nümayiş etdirmişəm. İndi olmasa da illər öncə ABŞ-ın Bakıdakı səfirləri ilə görüşlərimizdə bunu mütləq göstərirdim. Örnək üçün, bizi qəbul edən səfir, yaxud da səfirliyin əməkdaşı bir qayda olaraq divana yayxanıb ayağını ayağının üstünə aşırardı. Şəxsən mən də məhz onlar kimi otururdum və bu xoşlarına gəlməsə də söz deyə bilmirdilər. Lakin bənzər görüşlərdə siyasətçilərimizi görmüşəm ki, ABŞ səfirinin qarşısında Serbiya Prezidenti D.Trampın qarşısında oturduğu kimi oturublar… 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !