Azərbaycanlıların 18 mənzili talan edilib, 7 şəxsi evi yandırılıb, 11 nəfər ağır yaralanıb… -

Azərbaycanlıların 18 mənzili talan edilib, 7 şəxsi evi yandırılıb, 11 nəfər ağır yaralanıb…

19-25 iyun 1988-ci il tarixdə Azərbaycanın məsul partiya və sovet işçilərindən ibarət nümayəndə heyəti Ermənistan SSR-də səfərdə olub. Səfərin yekunlarına dair arayış hazırlanıb və məlumat üçün SovİKP MK-ya göndərilib. Həmin arayışdan bir parçanı təqdim edirik:
“Azərbaycan SSR Ali Soveti sessiyasının cari il iyunun 17-də DQMV-nin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-ə verilməsi məsələsinə dair mənfi qərarına narazı münasibətlərini nümayiş etdirən bir qrup xuliqan element Ermənistanın azərbaycanlı əhalisinə qarşı qanunazidd hərəkətlər ediblər. Belə ki, cari il iyunun 17-də onlar tərəfindən Masis, Sayat-Nova, Daştavan, Zəngilər, Sarvanlar və s. qəsəbələrin azərbaycanlı sakinləri kütləvi surətdə döyülüb, əmlakları talan edilib. Azərbaycanlıların 18 mənzili talan edilib, 7 şəxsi evi yandırılıb, 11 nəfər ağır yaralanıb, çoxlarının sifəti tanınmaz hala salınıb. Onlarla ev və mənzilin şüşələri və qapıları sındırılıb, hasar, qaraj, avtomobil və həyətyanı tikililər dağıdılıb. 8 mindən artıq sakin öz evlərini atıb və sərhəd zastavalarının mühafizəsi altında gizlənib. Erməni yoldaşlarla birgə müvafiq iş aparılıb, onlardan 7 mini iyunun sonlarında öz evlərinə qayıdıblar. Daş, armatur, paya və əhalini döymək üçün digər alətlərlə yüklənmiş yük maşınlarının müşayiəti ilə avtobuslarla gələn “əlaltı”ların hərəkətləri xüsusi qəddarlığı ilə seçilib. Yerli mətbuatda çap olunan məqalələrin, respublika televiziya və radiosunda gedən verilişlərin, Yerevan şəhərində və Ermənistanın başqa yaşayış məntəqələrindəki mitinq və yığıncaqlarda aranı qızışdıran çoxsaylı çıxışların da baş verənlərə böyük təsiri olub. Respublika televiziyası ilə guya Şuşa şəhərində azərbaycanlıların ermənilərə hücumunun “şahidləri” olan şəxslərin söhbətlərinin yayımı da təəccüb doğurur. Xuliqanlıq təzahürlərinin cəzasız qalması, zorakılıq faktları baş verməsi barədə xəbərdarlıq etməyən yerli sovet və hüquq-mühafizə orqanlarının fəaliyyətsizliyi diqqəti cəlb edir. Cari il mayın 11-də Ararat rayonunun erməni və azərbaycanlıların birgə yaşadıqları Şirazlı kəndində analoji talanlar olub. Azərbaycanlılara məxsus 57 ev darmadağın edilib, o cümlədən bir ev tamamilə, iki ev isə qismən yandırılıb. Şirazlı kəndinin və dağıdılmış digər kəndlərin azərbaycanlı sakinləri sərhədçilərə sığınıblar. Praktiki olaraq açıq səma altında yaşayan bu qaçqınların düşərgəsi artıq 45 gündür ki, mövcuddur. Burada uşaqlar da az deyil. Yerli hakimiyyət tərəfindən elementar diqqət belə nümayiş etdirilmir, tibbi yardım göstərilmir, ərzaq, su və digər vacib əşyalar gətirilmir, epidemiya yayılması təhlükəsi meydana çıxıb. Aparılmış iş nəticəsində qadın və uşaqları bu düşərgədən yaxınlıqdakı yaşayış məntəqəsinə köçürmək mümkün olub. Bir çox azərbaycanlıların işdən azad edilmələri, daimi pasport qeydiyyatından çıxarılmaları, onların sistematik olaraq fiziki cəhətdən divan tutulacağı ilə bağlı hədələnmələri vəziyyəti daha da gərginləşdirir. Bütün bunlar həyəcanı gücləndirir, qorxu hissini artırır, insanın mənəvi vəziyyətinə təsir göstərir… Masis, Vardenis, Yexenadzor, Əzizbəyov və bir çox digər rayonlarda da bu cür faktlar müşahidə olunur. Bütün bunlar azərbaycanlı ailələrin Ermənistanı tərk etməsinə səbəb olub. Onlar hazırda Azərbaycan SSR-də və ölkənin digər rayonlarındadılar”.
Вестник Аналитики, №3 -2005
Hazırladı: Gündüz Nəsibov  1905.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !