UDUZMAĞIMIZIN 40 SƏBƏBİ VAR - :Aqil ABBAS

UDUZMAĞIMIZIN 40 SƏBƏBİ VAR :Aqil ABBAS

Məşhur anekdotdu. Şah deyir, məni qarşılayanda niyə toplardan atəş açmadınız? Vəzir deyir:

- Şahım, bunun qırx səbəbi var.

- Say görüm.

- Birincisi, barıt yoxdu.

- Day qalanını saymasan da olar.

İndi baxıram Lüksemburqa evimizin içində məğlub olmağımızın bütün günahını Mahir Əmirəlinin üstünə atırlar. Mahir Əmirəli çox ciddi səhvə yol verdi və 26-cı dəqiqədə komandanı pis vəziyyətdə qoydu.

Mahir meydançadan çıxarılanadək yenə də Lüksemburq bizdən yaxşı oynayırdı və iki dəfə də qol epizodu yaratmışdı. Və bir oyunun taleyi ki bir futbolçudan asılıdı , deməli, o komanda yerində deyil. Bundan başqa, çoxlu misallar çəkə bilərəm ki, komanda on nəfərlə qalıb və oyunu aparıb.

Komanda sanki məşqçisiz oynayırdı. De Byazini və özü ilə gətirdiyi bir ZİL-130 italyan məşqçiləri indidən yıxıb sürümək istəmirəm. Onsuz da bir azdan özü də, yığıb gətirdikləri də yıxılıb sürünəcəklər.

Əgər həmin gün «Qarabağ»ı və ya «Neftçi»ni milli komanda adı altında oyuna buraxsaydılar, Lüksemburq burdan gözüyaşlı gedəcəkdi.
Yaxşı ki Qara Qarayev varmış. Yoxsa, Lüksemburq Fransa ilə oyundakı faciəni bizə yaşadardı.

Bir məsələyə də toxunmaq istəyirəm. Millimizə ən çox ona görə lağ edirlər ki, Lüksemburq kimi cırtdan bir ölkəyə (əhalisi 626 min, 2586,4 kv. km) uduzub. Düz yanaşma deyil. Şopenhauer deyir ki, əhalinin çoxluğu hələ onun böyüklüyünə dəlalət eləmir. Əslində o, çox kobud ifadə edib, o cür yazmaq istəmədim və Çinlə Hindistanı misal gətirir. Futbolda əgər əhalinin çoxluğu ölçü vahidi olsaydı, Çinlə Hindistan hər dəfə dünya çempionu olardı.

Dostlar, Lüksemburq Avropanın göbəyindədi, Avropanın ey. Qonşuları da futbol ölkələridi – Almaniya, Fransa və sairə, bizimki kimi Ermənistan, Gürcüstan, Dağıstan, İran deyil.

Heç kimi qınamayın, nə qədər ki Azərbaycanda ölkə çempionatı keçirilmir, Bakı çempionatı keçirilir, nə qədər ki uşaq futbolu yoxdu, nə qədər ki rayonlardakı Olimpiya stadionları axşamlar yalnız imkanlı adamların arıqlamaq meydançasıdı və ən əsası, nə qədər ki özümüzün gül kimi məşqçilərimiz küçədə it döyəcək (ifadəyə görə üzr istəyirəm)…

… Ağdamda Arif Zöhrabov adlı bir dostum vardı, indi də var. Muzeyin direktoru Yusif Əhmədovla həmişə məzələnərdi. Yusif müəllimin olardı 75 yaşı.

Arif müəllim deyirdi:

- Yusif müəllim, bilirsən muzey nəyə deyilir?

- Nəyə deyilir, ə?

- Deməli, işlənib işdən düşmüş, heç kəsə lazım olmayan əşyaları yığırlar işlənib işdən düşmüş, heç kəsə lazım olmayan bir lazımsız binaya. Qapısına da işlənib işdən düşmüş, heç kəsə lazım olmayan bir qıfıl vururlar. Və işlənib işdən düşmüş, heç kəsə lazım olmayan bir adamı da qoyurlar ora müdir…

… Və Avropada işlənib işdən düşmüş, heç bir komandaya lazım olmayan foqtsları gətirib komandaya baş məşqçi qoyacaqlar, artıq həmin milli komanda da, yuxarıda qeyd etdiyim muzeyə dönəcək.

Mahir Əmirəli başda olmaqla bütün futbolçularımızı ruhdan düşməməyə çağırırıq. Özünüz öz oyununuzu qurun və oynayın. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !