Mahir Süleymanovun cəbhə albomundan : - 28 İL ƏVVƏLİN SƏRSƏNGİ - ÇƏRƏKDAR DÖYÜŞÜNDƏN QALAN İZLƏR

Mahir Süleymanovun cəbhə albomundan : 28 İL ƏVVƏLİN SƏRSƏNGİ - ÇƏRƏKDAR DÖYÜŞÜNDƏN QALAN İZLƏR


28 İL ƏVVƏLİN SƏRSƏNGİ


Gördüyünüz bu şəkli ötən əsrdə - 1992-ci ilin sentyabrında Ağdərə rayonundakı Sərsəng su anbarı bəndinin üstündə çəkmişəm. O vaxt mənim cəmi 31 yaşım var idi. “Səhər” qəzetinin müxbiri, döyüşən ordunun zabiti idim. Elə bil bu gözəl məkanı bir daha ziyarət edə bilməyəcəyimiz ürəyimə dammışdı. Fürsət ikən su anbarının və kəlbəcərli bozqurdun silueti əks olunmuş anı tarixin yaddaşına köçürdüm.
İndi XXI əsrdir və 60 yaşın içindəyəm. Torpaqlarımız susuzluqdan od tutub yanır, Sərsəng isə hələ də düşmən əlindədir. Mən erməni işğalı altında olan həmin yerlərə yenə getmək, şəkillər çəkmək, məqalələr yazmaq istəyirəm. Amma deyirlər ki, səbrin olsun, LAZIM gəlsə, o qədim Azərbaycan torpaqlarına gedib foto-şəkillər də çəkəcəksən, palaz-palaz yazılar da yazacaqsan.Bir ayağı Moskvada, bir ayağı isə Bakıda olan LAZIM kişi isə gəlmir ki, gəlmir...
Ümid edirəm ki, ulu Tanrı bəndəsinə uzun ömür verəcək və Sərsəng su anbarının bəndi üzərində qalib Azərbaycan əsgərinin şəklini çəkmək mənə yenidən nəsib olacaqdır...

 

***   ***   ***

 

ÇƏRƏKDAR DÖYÜŞÜNDƏN QALAN İZLƏR...

1992-ci ildə yeni yaranmaqda olan Azərbaycan Ordusunun hissələri Ağdərə-Kəlbəcər istiqamətində hərb tariximizə şanlı səhifələr yazmışlar.Belə uğurlu döyüşlərimizdən biri Kəlbəcərin qapısı sayılan Çərəkdar kəndi uğrunda getmişdir. O vaxt təpədən dırnağadək silahlanmış erməni-rus qüvvələrinin güclü hücumunun qarşısı igid əsgər və zabitlərimiz, həmçinin yerli könüllülər tərəfindən mərdliklə alınmış, işğalçılar canlı qüvvə və texnika sarıdan itki verərək Çapar və Qozlukörpü ətrafındakı mövqelərinə geri çəkilmişdilər. Şəkildə gördüyünüz – 366-cı rus alayının ermənilərə hədiyyə etdiyi bu PDM-i də heyəti ilə birlikdə həmin döyüş zamanı cəsur əsgərlərimiz məhv etmişlər.
Sonrakı döyüşlərdə Azərbaycan Ordusu işğalçılara daha ağır zərbələr vuraraq Tərtər-Kəlbəcər yolunu açdı. Təhlükəli olsa da, biz dərhal düşməndən təmizlənmiş yolla Kəlbəcərə getməyi qərara aldıq. Sərsəngin aşağı tərəfində döyüşlər getdiyi üçün su bəndinin üstündən keçib buraların gözəlliyini seyr edə-edə Umudlu, Həsənriz, Çapar, Qozlukörpü kəndlərini arxada qoyduq. Çərəkdara yaxınlaşanda Tərtər çayının kənarında vurulmuş erməni PDM-ni görüb qürur hissi keçirdik və tanınmış jurnalist, “Səhər” qəzetinin baş redaktor müavini, Kəlbəcərdə doğulub boya-başa çatmış Hidayət Elvüsal PDM-in üstünə çıxaraq həm xatirə, həm də tarix üçün şəklini çəkməyimi xahiş etdi. Azad Kəlbəcərin bir anının foto-təsviri düz 28 il əvvəl bax beləcə tarixin yaddaşına köçürüldü...
Sonralar biz nə gözəllikdə tayı-bərabəri olmayan torpaqların qədrini bildik, nə də sözün həqiqi mənasında igid, qorxmaz, qəhrəman döyüşçülərimizin arxasında durduq. İndi işğal altında qalan torpaqlarımızda, o cümlədən Kəlbəcərdə ermənilər çox arxayın, qorxu-hürküsüz yaşayır, məskunlaşır, əkib-biçir,sərvətlərimizlə istədikləri kimi davranırlar. Tərtər çayı boyunca uzanan, asfaltlaşdırılmış yol isə Azərbaycanda ən abad yollardan biri sayıla bilər...
Biz orada şəhidlərimizin, doğmalarımızın məzarlarını qoruya bilmədik. Ermənilər isə şəkildə gördüyünüz PDM-in vurulduğu yerdə öldürülmüş işğalçıların xatirəsini gül-çiçəyə qərq olmuş xüsusi lövhə ilə əbədiləşdiriblər!..

 

 


Mahir Süleymanov,
döyüşçü-jurnalist,
Qarabağ müharibəsi veteranı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !