Mahir Süleymanovun cəbhə albomundan 1-ci yazı: - ƏHMƏDLİ KƏNDİNİN İGİD OĞLU

Mahir Süleymanovun cəbhə albomundan 1-ci yazı: ƏHMƏDLİ KƏNDİNİN İGİD OĞLU

Şahin Səmədov Azərbaycan torpaqlarının erməni işğalından azad olunması uğrunda canını qurban vermiş oğullardandır. O, 1992-ci ildə mənim xidmət etdiyim bölüyün əsgəri olub. Pəhləvan cüssəli, qorxmaz, cəsur döyüşçü idi. Silahlardan da düzgün istifadə etməyi əla bacarırdı. Bizim bölüyün 1-ci taqımı Füzuli rayonunun Divanalılar kəndi yaxınlığındakı yüksəklikdə, 2-ci taqım kəndin kənarından axan kiçik çayın sağ-sol tərəflərindəki əsasən sıx tut ağaclarından ibarət meşəlikdə, 3-cü taqım isə qonşu Qacar kəndinin ətrafındakı daşlı-qayalı hündür təpələrdə müdafiə mövqelərində durmuşdu.Mən bölük komandiri Nəvahi Məmmədovla taqımlara baş çəkir, əsgərlərlə söhbət edir, dönə-dönə tapşırırdıq ki, düşmənin artilleriya atışlarından özlərini qorusunlar, bir an belə sayıqlığı əldən verməsinlər.
2-ci taqımın şəxsi heyətində sumqayıtlı əsgərlər daha çox idi. Şahin isə Bakıdan, Əhmədli kəndindən Milli Orduya səfərbər olunmuşdu. Nümunəvi döyüşçü kimi mən Şahinin foto-şəklini çəkdim. Kiçik yazı hazırlayıb mülki iş yerim olan “Səhər” qəzeti redaksiyasına göndərəcəkdim...
Sonradan mən xidmətimi hərbi jurnalistikada davam etdirdim, Şahin və onun səngər yoldaşları isə bilinməyən səbəblər üzündən pərən-pərən düşdülər. Bir çoxu digər hərbi hissələrin döyüşçülərinə qoşuldu, bir hissəsi də ehtiyata buraxıldı. Şahin yenidən cəbhəyə dönərək mərdlik, şücaət göstərdi. Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndinin işğalçı ermənilərdən təmizlənməsi uğrunda gedən vuruş isə Şahin üçün son döyüş oldu. 1994-cü il aprel ayının 21-də ağır yaralanan Şahin dostlarının qolları üzərində gözlərini əbədi yumdu.
Şahinin şəhid olması barədə məlumatı mən Azərbaycan Prezidentinin sərəncamından öyrəndim. Bu sərəncamla igid döyüşçü ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdu. Təəssüfləndim və dərhal axtarıb arxivimdən Şahinin 1992-ci il avqustun 14-də çəkdiyim şəklini tapdım. Həmin şəkil sərəncamla birlikdə “Azərbaycan Ordusu” qəzetində dərc olundu...
İndi Xətai rayonundakı Əhmədli kəndinin ən böyük küçəsi Şahin Səmədovun adını daşıyır. Bu yaxınlarda mən kənd qəbristanlığında şəhid cəbhə yoldaşımın məzarını ziyarət etdikdən sonra Şahinin anası Əsmət xanıma da baş çəkdim. Səmimiyyətlə qarşıladı, evə dəvət etdi, Şahinsiz keçən günlərin, illərin ömrünə yazılmadığını göz yaşları ilə dilə gətirdi. Stolun üstündə çərçivəyə salınmış bu şəkli görüb təəccübləndim. Axı mən Şahinin şəklini indiyədək heç kimə verməmişdim. Söhbət zamanı məlum oldu ki, çərçivədə fotonun əsli deyil, qəzetdən reproduksiya olunmuş variantıdır.
Müharibə dövrünün foto-şəkilləri illər keçəndən sonra daha dəyərli, daha əziz, daha əhəmiyyətli olur. Bu şəkillər həm də xalqımızın erməni işğalçılara qarşı apardığı ədalətli mübarizənin tarix boyu yaşayacaq ayrı-ayrı anlarıdır. 1992-ci ilin yayında fotoaparatın düyməsini basaraq çəkdiyim şəkillə məğrur Azərbaycan əsgərinin bir anını yaşatdığıma görə heç özüm də bilmədən böyük savab qazandığımı Əsmət xanımla görüş zamanı hiss etdim. Hər dəfə bu şəklə baxıb təsəlli tapan, oğlunun igidliyi ilə fəxr edən şəhid anasının savabından dəyərli başqa nə ola bilər axı...

Mahir Süleymanov,
döyüşçü-jurnalist,
Qarabağ müharibəsi veteranı.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !