Fotoqraflar üçrəngli Azərbaycan bayrağını beynəlxalq foto sərgidə dalğalandırlar - -FOTO=2

Fotoqraflar üçrəngli Azərbaycan bayrağını beynəlxalq foto sərgidə dalğalandırlar -FOTO=2

Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) təşkilatçılığı ilə iki ildə bir dəfə baş tutan “20-ci FIAP Təbiət Bienal” adlı beynəlxalq foto müsabiqəsinə yekun vurulub.
FIAP-ın himayədarlığı altında Rusiyanın Çelyabinsk regionunda keçirilən federasiyalararası foto müsabiqənin nəticələri məlum olub. Müsabiqəyə dünyanın 33 ölkəsindən olan fotoqraflar qatılıb. Qaydalara görə, hər bir ölkə (federasiya) özünün təyin etdiyi mövzular üzrə iki kateqoriyada – rəqəmsal şəkildə 20, çap şəklində isə 10 foto təqdim edə bilərdi.
Fotoların qiymətləndirməsi prosesi fərdi və ümümi qrup şəklində olmaqla iki mərhələdə aparılıb. Qaydalara əsasən ən çox bal toplayan federasiya FIAP-ın kuboku, iki, üç və dördürcü yerlərə isə müvafiq olaraq FIAP-ın qızıl, gümüş və bürünc medallar təqdim olunur. 5-10-cu yerlərin sahibləri isə FIAP-ın xüsusi lentlərini qazanır. Yarışmanın hər bir iştirakçısına elektron və çap şəklində müsabiqənin kataloqu göndəriləcək.
“Gilavar” Azərbaycan Foto Klubunun həmsədri, FIAP təşkilatının Azərbaycan üzrə nümayəndəsi, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyev bilidirib ki, Azərbaycan bu biennalda 19 fotoqrafla təmsil olunub: “Ümumiyyətlə bienal iki ildə bir dəfə baş tutan bir foto yarışmadır. Əksəriyyəti “Gilavar” Azərbaycan Foto Klubunun, eləcə də Azərbaycan Fotoqraflar Birliyinin üzvlərindən ibarət peşəkar fotoqraflar tərəfindən “dağlar” (rəqəmsal) və “quşlar” (çap) mövzuları üzrə 30 foto təqdim edilib. Çap və rəqəmsal fotoların fərdi qiymətləndirməsi zamanı həmyerlilərimiz müvafiq olaraq 146 və 89 bal toplayıblar. Ümumilikdə əldə olunan balların sayəsində fotoqraflarımız müsabiqədə hər iki mövzuda 28-ci yerə layiq görülüblər. Ötən il isə rəngli kateqoriyada keçirilən bienalda Azərbaycan 43 ölkə arasında 14-cü yerdə qərarlaşmışdı”.
Fotoqraf Rəşad Mehdiyev əlavə edib ki, avqustun 27-də Rusiyanın Çelyabinsk vilayətində Cənubi Ural Dövlət Tarix Muzeyində müsabiqənin yekunlarına dair sərgi açılıb: “Təntənəli açılış zamanı müsabiqədə iştirak etmiş ölkələrin bayrağları asılıb. Həmin bayraqlar sırasında üçrəngli Azərbaycan bayrağı da yer alıb. O bayraq ora təsadüfən gedib çıxmayıb. O bayrağın orda dalğalanması “Gilavar” Azərbaycan Foto Klubunun, azərbaycanlı fotoqrafların gərgin əməkləri sayəsində baş tutub. Bu hər bir fotoqrafın, hər bir azərbaycanlının uğurudur”.
Azərbaycan fotoqrafiyasını dünya foto müsabiqəsində Vüqar Əmrullayev, İlqar Cəfərov, Dilavər Nəcəfov, Rəşad Mehdiyev, Roman İsmayılov, Aydın Məmmədov, Tofiq Babayev, Fəxrəddin Abdullayev, Rüstəm Məhərrəmov, Cəlal Firidunov, Tapdıq Abdullayev, Elvin Abdulla, Elşən Əliyev, Könül Sülüymanlı, Rəşad Xıdırov, Samir Müştaqov, Elşən Ağalarov, Ruslan Məmmədov və Mahir Rüstəmov təmsil ediliblər.
Qeyd edək ki, Beynəlxalq Foto Sənəti Federasiyası dünyada UNESKO tərəfindən tanınan yeganə fotoqrafiya təşkilatıdır. Bu qurumun üzvlüyünə qəbul edilmiş klublar xüsusi statusa, fotoqraflar isə ömürlük fəxri adlara layiq görülür. Hazırda Azərbaycanda bu qurumun beynəlxalq dərəcə statusuna malik fəxri adlarına layiq görülən 4 fotoqraf var. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !