ADAU-da Azərbaycanda üzümçülük: nəticələr, perspektivlər mövzusunda onlayn elmi-praktik konfrans keçirilib - - FOTO

ADAU-da “Azərbaycanda üzümçülük: nəticələr, perspektivlər” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib - FOTO

2020-ci il avqustun 28-də Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Kənd Təsərrüfatı Nazirliyinin “Meyvəçiliyin, üzümçülüyün təşkili və monitorinqi” şöbəsi, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu və “Az-Granata” MMC-nin birgə təşkilatçılığı, eləcə də AMEA Naxçıvan bölməsinin, Şamaxı DAİM və təcrübəli üzümçü fermerlərin iştirakı ilə “Azərbaycanda üzümçülük: nəticələr, perspektivlər” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.


Konfransın məqsədinin Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş  “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi, sahənin inkişafı məqsədilə həyata keçirilən sistemli tədbirlərin qiymətləndirilməsi və  elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarət olduğunu diqqətə çatdırıb.


İlk olaraq ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək Dövlət Proqramının icrası müddətində universitetdə, o cümlədən Aqronomluq fakultəsində və Tədris-təcrübə təsərrüfatında üzümçülük istiqamətində görülmüş işlər barəsində ətraflı məlumat verib. ADAU-da kadr hazırlığı məsələləri və  fermerlərə göstərilən Aqrar Məsləhət Xidmətindən geniş bəhs edib. Azərbaycanda üzümçülük sahəsində xidmətləri olan alimlər haqqında danışaraq, üzümçü alim professor Famil Şərifovun xatirəsini dərin hörmətlə yad edib.


Növbəti çıxışda Kənd Təsərrüfatı Nazirliyinin “Meyvəçiliyin, üzümçülüyün təşkili və monitorinqi” şöbəsinin müdiri, Tofiq Rzayev Dövlət Proqramının yekunlarını özündə əks etdirən məlumatları statistik rəqəmlərlə məruzə edib, subsidiyalaşma prosesinin mahiyyətindən və tingçilik təsərrüfatlarının əhəmiyyətindən danışıb.


Məruzəçilərdən Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər doktoru Vüqar Səlimov qlobal iqlim dəyişmələri şəraitində Dağlıq Şirvan zonasında dəmyə üzümçülüyün qarşılaşdığı problem məsələləri, İnstitutda görülmüş işləri tədbir iştirakçılarının nəzərinə çatdıraraq, gələcəkdə əməkdaşlıqların inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.


Sonra AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmlər doktoru Varis Quliyev Naxçıvanın yerli üzüm sortları, yeni salınmış üzüm bağları haqqında geniş məlumat verib, sortların beynəlxalq kodlaşdırma əsasında qeydiyyatı, çap olunmuş Ampeloqrafiya kitabı və genofond barəsində təqdimat edib.


Tədbirdə çıxış edən “Az-Granata” MMC-nin direktoru, texnika elmləri doktoru Vüqar Mikayılov sənaye üzümçülüyünün inkişafı barədə fikirlərini çatdıraraq, şərabın qida məhsulu kimi qəbul olunmasının zəruriliyi və alkoqolsuz şərab istehsalının təşviqinə yönəlmiş təkliflərini səsləndirib.


Şirvan bölgəsindən konfransa qoşulan Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Muradlı mərkəzin əhatə etdiyi ərazidə üzümçülük sahəsində görülmüş işləri diqqətə çatdırıb. Mərkəzin təşkil etdiyi təlimlərdə iştirak edən peşəkar üzümçülər isə çoxillik təcrübələri və tövsiyələri əsasında tədbir iştirakçıları ilə maraqlı fikir mübadiləsi aparıb.


Sonra Gəncə Üzümçülük və Şərabçılıq Təcrübə Stansiyasının direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Mehman İsmayılov Dövlət Proqramının icrası müddətdə Stansiyada görülən işlər barəsində ətraflı məruzə ilə çıxış edib.


ADAU-nun Bağçılıq Kafedrasının müdiri a.e.f.d., dosent Hüseyn İdrisov, kafedranın əməkdaşları a.e.f.d., dosent Sevil Abduləliyeva və a.e.f.d., dosent Məhsəti Ələkbərova kafedranın əməkdaşları tərəfindən üzümçülüyə dair son illərdə çap olunmuş dərslik, dərs vəsaiti, terminlər lüğəti və s. materiallar barədə məlumat veriblər.


Sonda konfrans iştirakçıların qarşılıqlı marağına səbəb olan suallar ətrafında geniş müzakirələr aparılıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !