İrland əxlaqı. Biz də Azərbaycan əxlaqını görmək istəyirik… - Azər HƏSRƏT yazır...

İrland əxlaqı. Biz də Azərbaycan əxlaqını görmək istəyirik… Azər HƏSRƏT yazır...

Avropa Birliyinin Ticarət komissarı Fil Hogan (Phil Hogan) avqustun 26-da istefa verib. O, bu vəzifəyə ötən ilin dekabrında seçilmişdi. Anlaşılan budur ki, heç bir il də duruş gətirə bilmədi. Məcbur olub vəzifəsindən getdi.
Fil Hoganın vəzifədən getməsinin səbəbi… bəzi azərbaycanlıları güldürəcək qədər sadədir. Adam avqustun 19-da vətəni İrlandiyada Golf Cəmiyyətinin toplantısına qatılmaqla karantin qaydalarını pozduğu üçün istefa verməli olub. Ümumilikdə 81 nəfərin qatıldığı toplantıda başqa siyasətçilər də olub və onlar da tutduqları vəzifələrdən istefa veriblər. Çünki İrlandiya ictimai rəyi tədbirdən bir gün sonra ayağa qalxıb, onları qaydaları pozmaqda və qeyri-etik davranmaqda ittiham edib. Bu siyasətçilər də öz həmvətənlərinə sayğı əlaməti olaraq istefa yolunu seçiblər. Əlbəttə, bu davranış ədəb və əxlaqın yüksək olmasının göstəricisidir ki, Avropalı siyasətçilər belə məsələlərdə heç özlərinə də güzəştə getməzlər…
Və bizdə…
Bizdə də bir müddət öncə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi gündəmə bomba kimi düşdü. Fil Hoganın öz ölkəsində Golf Cəmiyyətinin toplantısında iştirakından bir gün öncə – avqustun 18-də olmuşdu bu toy. Lakin göründüyü kimi, Fil Hogan istefa versə də Ramiz Mehdiyev o mədəniyyəti nəinki sərgiləmir, hələ birbaşa Prezident İlham Əliyevi şantaj edəcək açıqlamalarla çıxış edir!
İstefa mədəniyyəti sərgiləməkdən yayınan təkcə Ramiz Mehdiyev deyil. Deputat Siyavuş Novruzov və onun xanımı – Ombudsman Səbinə Əliyeva da eyni qaydada dirəniş göstərməkdə, ictimai rəyi heçə saymaqdadır. Düzdür, Siyavuş Novruzov üzvü olduğu partiyadakı vəzifəsindən istefa verib və istefası da qəbul edilib. Amma bu, onun partiyadaxili işidir və şəxsən mənə – partiyasız bir Azərbaycan vətəndaşına əsla isti-soyuğu yoxdur!
Bir dəfə də yazmışdıq, sadəcə Siyavuş Novruzovun həyat yoldaşı olmaqdan başqa heç bir özəlliyi ilə seçilməyən Ombudsman Səbinə Əliyevanın da dirəniş göstərməsi nəinki ümumi ictimai rəyə, hətta Prezident İlham Əliyevin yenilənmə-islahatlar kursuna da hədsiz sayğısızlıqdır. Ümid etmək istərdik ki, bu cütlük indiki mərhələni fürsət bilib hörmətli bir şəkildə tutduqları hər iki postdan getməklə Prezident İlham Əliyevin siyasi komandasına rəqibləri tərəfindən yönələn tənqidləri heçə endirəcək…
Bir də iddia edənlər var ki, Səbinə Əliyeva Siyavuş Novruzovun həyat yoldaşı olduğu üçün deyil, “təcrübəli dövlət adamı Yaşar Əliyevin qızı” olduğu üçün bu vəzifəyə irəli çəkilib. Yəni bir adamın atası təcrübəli dövlət adamıdır, özününsə hər hansı fərqlənməsi yoxdursa belə irəli çəkilməlidir məntiqi! Heç dəxli var? Biz Yaşar Əliyevə də, yeri gələndə Siyavuş Novruzova da hörmətlə yanaşırıq. Elə Səbinə xanımın özünə də. Lakin bu xanım axı Ombudsman vəzifəsini tutmaq üçün gərəkli şəxsi keyfiyyətlərə sahib deyil. N qədər ictimai fəal insan, jurnalist şəxsən mənə deyib ki, Səbinə Əliyevanın adını Ombudsman təyin edildikdən sonra ilk dəfə eşidiblər. Halbuki Ombudsman vəzifəsini cəmiyyət içində kifayət qədər tanınan, öz təcrübəsilə fərqlənən şəxs tutmalıdır. Səbinə xanımda isə bunlar yoxdur. Olmaması azmış kimi karantin qaydalarını pozur, bu günə kimi üzrxahlıq belə etməyə lüzum görmür. Bunu da təbii qarşılayıram. Çünki haqqı çatmayan bir vəzifəni tutur və elə bilir ki, ona hər şey olar…
Haşiyə: Kiminsə “təcrübəli dövlət adamı”nın övladı olması özünün şəxsi keyfiyyətləri uyğun gəlmədikdə belə irəli çəkilməsi üçün əsla səbəb ola bilməz! İndi mən nə edim ki, özümün yetərincə təcrübəm olsa da rəhmətlik atam Hacıqulu heç vaxt dövlət işində işləməyib? Axı atam da xoş günündən sadə kəndli həyatı sürməli olmayıb. Allahın işidir, anadan olub, nənəm dünyasını dəyişib. Südəmər körpəykən anasız qalıb. Məktəbə gedib, 4-cü sinfə qədər oxuyub, bu dəfə də atası dünyasını dəyişib. 10-12 yaşında bir uşaq kimsəsiz qalıb. Bir parça çörək üçün məktəbi belə buraxmalı olub. Toparlanıb, özünə gəlib, böyüyüb, 4 il əsgərlik çəkib, evlənib və sonuncusu mən olmaqla 8 övlad böyüdüb. Ki, bu övladlar da hər zaman Vətənə, millətə, dövlətə sədaqətilə seçilib, haramdan-rüşvətdən uzaq olublar. İndi mən bu halallıqla yetişdirilmiş vətənsevər bir övlad olaraq kimdənsə əskikmi sayılıram?..
Siyavuş Novruzov da, Səbinə Əliyeva da, Ramiz Mehdiyevin özü də, eləcə də o toyda iştirak etmiş başqa vəzifəli şəxslərin hər biri də xalqın qarşısına çıxıb üzr istəməli, vəzifələrindən istefa verməlidirlər. Bunu etməzlərsə Prezident İlham Əliyevə ən böyük pisliyi etmiş olacaqlar. Düzdür, aralarında zatən Prezidentə buynuz göstərənlər açıq şəkildə özlərini göstərir. Amma Siyavuş Novruzov və xanımı Prezidentə sadiq olduqlarını danmırlar. Elədirsə, buyursunlar, istefa verib bunu əməldə sübut etsinlər. Zatən bu adamlara bundan sonra heç bir etimad göstərilməyəcək və ictimai rəydə mövqeləri şkalanın dibinə enib. Deputat üçün də, Ombudsman üçün də ictimai rəydə üstün mövqe çox gərəklidir və onlar da bunu anlamalıdır.
Eyni qaydada Ramiz Mehdiyev də AMEA prezidenti vəzifəsini təhvil verib hörmət-izzətlə istirahətə çəkilməlidir…
Fil Hogan necə ki, öz xalqına sayğısını vəzifəsindən istefa verməklə sübut etdi, haydı, siz də bu şansı qaçırmayın. Əks təqdirdə biz düşünəcəyik ki, siz Prezident İlham Əliyev də daxil olmaqla bütün Azərbaycan xalqının rəyini-münasibətini heçə sayırsınız. Xalq isə onu heçə sayanı bağışlamır… 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !