MOK Olimpiya Oyunları – Uğur hekayələri mövzusunda yazı müsabiqəsinin qaliblərini mükafatlandırıb - - FOTO

MOK “Olimpiya Oyunları – Uğur hekayələri” mövzusunda yazı müsabiqəsinin qaliblərini mükafatlandırıb - FOTO

Avqustun 21-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsində (MOK) 22 iyul – Milli Mətbuat Günü münasibətilə “Olimpiya Oyunları – Uğur hekayələri” mövzusunda yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə MOK-un Azərbaycan idmanının, milli atletlərin təbliği və populyarlaşdırılması sahəsində çoxşaxəli fəaliyyəti haqqında danışıb.  O Olimpiya hərakatının uğurlarının daha geniş auditoriyaya çatdırılması üçün müxtəlif istiqamətlərdə tədbirlərin, o cümlədən yazı, rəsm müsabiqələlərinin keçirildiyini, Olimpiya çempionlarına həsr olunan sənədli filmlərin çəkildiyini qeyd edib. Belə tədbirlərin arasında yazı müsabiqələlərinə MOK-un xüsisi önəm verdiyini qeyd edən Çingiz Hüseynzadə bunu jurnalistlərin Olimpiya hərəkatı və milli olimpiyaçıların qələbəyə gedən yolu araşdırmasına, təhlil etməsinə və Azərbaycan atletinin portretinin vətəndaşlara olduğu kimi çatdırılmasına xidmət etməsi ilə əlaqələndirib. MOK-un  vitse- prezidenti bildirib ki, “Qalib yazıların hər 3 qəhrəmanı  sözün əsl mənasında qəhrəmandılar.”  Çingiz Hüseynzadə  “Dost yolda tanınar mən bu idmançılarla yol yoldaşı olmuşam, yarışlardan əvvəl həyəcanlarının, qalibiyyətlərinin, məğlubiyyətlərinin şahidi olmuşam. Onların vətənə, idmana olan sevgisi, yaşadıqları, həyat yolları maraqlıdır.” fikri ilə sözlərini davam edib.  MOK-un yazı müsabiqələrinə xüsusi dəyər verməsini şərtləndirən səbəblərdən biri də illər keçdikcə oxucu auditoriyası dəyişdiyi halda idmançının karyerasının davam etməsi və onların əvvəlki ilə yanaşı yeni qalibiyyətlərinin də yeni oxucu auditoriyasına çatdırılmasına imkan verməsidir. O Azərbaycan idmançılarının bir səciyyəvi xüsusiyyətini xüsusi olaraq vurğulayıb:  – “Milli atletlərimiz hər dəfə yarışa çıxanda ilk olaraq, Azərbaycan bayrağını yüksəltmək, Dövlət Himnini səsləndirmək, daha sonra isə öz qalibiyyətləri haqda düşünürlər.” İdman jurnalistləri yarışları şərh etməklə yanaşı, idmançılarımız haqda maraqlı araşdırma yazıları ilə də fərqlənməlidirlər.Azərbaycan olimpiyaçılarının fədakarlığının tərənnüm etdirilməsi istiqamətində Olimpiya çempionları haqqında MOK-un təşəbbüsü ilə çəkilən sənədli filmlərin də böyük rolu olduğunu qeyd edən Çingiz Hüseynzadə hazırda inşası davam edən Milli Olimpiya Muzeyinin istifadəyə verilməsindən sonra orada Olimpiya qaliblərinin guşələrinin yaradılacağını, nümayiş olunan eksponat, material və fotoşəkillərin gələcəkdə jurnalistlərə rahatlıqla geniş məlumat almalarına imkan verəcəyini bildirib.


Yazı müsabiqəsinin qalibləri olan jurnalistlər çıxış edərək Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə keçirilən yazı müsabiqəsinin, onlara araşdırma yazı hazırlamaq arzusunda olduqları idmançıları yaxından tanımaq imkanı verdiyini qeyd ediblər. Bu səpgili müsabiqələrin jurnalistin peşəkar kimi inkişafında xüsusi rolunu qeyd edən jurnalistlər eyni zamanda qlobal koronavirus pandemiyası ilə mübarizə ilə əlaqədar elan edilmiş karantin rejimi şəraitində qələm sahiblərinə əlavə dəstək və stumul olduğunu bildiriblər.


2 qat Paralimpiya çempionu İlham Zəkiyev onun haqqında mətbuatda yazıların çox olmasına baxmayaraq müsabiqəyə təqdim olunmuş məqalənin xüsusi yeri olduğunu, boksçular, Olimpiya oyunları mükafatçıları Fuad Aslanov və Şahin İmranov onlar haqqında dərc olunmuş məqalələrin yazı müsabiqəsinin qalibləri arasında olmasından sevinc duyduqlarını qeyd ediblər.


Tədbirin sonunda yazı müsabiqəsinin qaliblərinin mükafatlandırıması mərasimi keçirilib. Münsiflər heyəti Sənan Abdullayevin (xezerxeber.az) Fuad Aslanova (boks) həsr olunmuş “Afina kəşfiyyatçısı” yazısını 1-ci yerə, Sahib Əsədbəylinin (Kaspi.az)  İlham Zəkiyevə (cüdo) həsr olunmuş “Zirvənin yolunu gözüyumulu tapan əsl qəhrəman” yazısını 2-ci yerə, Səbuhi Musayevin (Oxu.az)  Şahin İmranova həsr olunmuş “Karyerasını zədə və Olimpiada medalı ilə bitirən boksçunun hekayəsi” yazısını 3-cü yerə layiq görüb.  Jurnalistlərə, müvafiq olaraq, 500, 300 və 200 manat pul mükafatı, eləcə də, diplomlar təqdim olunub.


Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə milli olimpiyaçıların mübariz və cəsarətli addımları ilə qalibiyyətə gedən həyat yolu haqqında yazdıqları yazılara görə müsabiqədə iştirak edən bütün jurnalistlərə təşəkkürünü bildirib, onlara çətin və məsuliyyətlə işlərində uğurlar arzulayıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !