Ermənilərin azərbaycanlılara qarşı törətdiyi nifrət cinayətinə dair beynəlxalq işçi qrupunun hesabatı təqdim edilib -

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi nifrət cinayətinə dair beynəlxalq işçi qrupunun hesabatı təqdim edilib

Bu il iyulun 21-də ABŞ-ın Los-Anceles şəhərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi nifrət cinayətinə dair beynəlxalq işçi qrupunun hesabatına dair onlayn mətbuat konfransı keçirilib.



Avqustun 21-də təşkil olunan onlayn mətbuat konfransında BDU-nun Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev çıxış edib. Bildirib ki, universitetin Hüquq fakültəsinin, MG Consulting şirkətinin və “Şəffaflıq Azərbaycan” təşkilatının təşəbbüsü ilə yaradılmış beynəlxalq işçi qrupunun bu il iyulun 21-də ABŞ-ın Los-Anceles şəhərində dinc aksiya keçirən azərbaycanlıların erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiyaya məruz qalması və qeyri-insani nifrət hissi ilə ülzəşməsinə dair elmi-analitik hesabat hazırlanıb. Bu işçi qrupunda beş ölkədən (Azərbaycan, ABŞ, Türkiyə, Rusiya və Ukrayna) 10 nəfər tanınmış hüquqşünas alim iştirak edib.



Hesabatda ermənilər tərəfindən zorakı Los-Anceles hücumunun Kaliforniya qanunlarına əsasən və beynəlxalq hüquqi müstəvidə nifrət cinayəti hesab edilib-edilməməsi barədə mülahizələr yer alır. Ermənilərin azərbaycanlılara qarşı analoji zorakılığı digər dövlətlərdə də baş verib. Praktik təhlil kimi məhz Los-Ancelesin (ABŞ) seçilməsi, fəaliyyəti bilavasitə demokratiya, hüququn aliliyi və insan hüquqlarının mühüm beynəlxalq standartlarla müdafiəsi siyasəti üzərində qurulan ABŞ-da insan hüquqları və əsas azadlıqlarının yüksək səviyyədə təmin edilməsinin uzun illərdir böyük tarixə və təcrübəyə malik olması, məhkəmələrin bu sahədə geniş və əhəmiyyətli praktikasının olması ilə əlaqədardır. Sonda Los-Anceles zorakılığının ABŞ-da ciddi araşdırılacağına və müvafiq praktikanın dünyada bir presedent hal kimi möhkəmlənəcəyinə işçi qrupunda çox böyük inam var.



Təqdirəlayiq haldır ki, ABŞ dövlət orqanlarının da məsələyə münasibəti çox gecikməyib. Belə ki, bu il iyulun 28-də Los-Anceles şəhərinin meri Erik Qarsetti Azərbaycanın bu şəhərdəki Baş Konsulluğuna məktub ünvanlayaraq, iyulun 21-də etnik azərbaycanlılara qarşı törədilmiş zorakılığı kəskin şəkildə qınadığını bildirib. Bundan başqa, kadrlardan və videomüşahidələrdən göründüyü kimi, polisin çox ciddi çalışmasına baxmayaraq münaqişənin qarşısını almaq mümkün olmayıb. Bütövlükdə işçi qrupunun Los-Anceles polisinin etnik ermənilərin etnik azərbaycanlılara qarşı zorakılığını ciddi və qətiyyətlə alması istiqamətində var gücü ilə çalışmasında heç bir şübhəsi yoxdur.



Qeyd edilənlər işçi qrupunda ermənilər tərəfindən Los-Ancelesdə insan hüquqlarının kobud pozuntusuna müvafiq qurumlar tərəfindən real hüquqi qiymət verilməsinə ümidləri bir daha möhkəmləndirib. Sonda işçi qrupu adından professor Əmir Əliyev bir daha ABŞ-da demokratiya və hüququn yüksək aliliyini, tarixən formalaşmış və mühüm beynəlxalq standartlarla bu gün də davam edən insan hüquqları siyasətini, ona işçi qrupunun böyük rəğbəti, hörməti və ümidlərini bildirib. Statistikaya görə, bəzi dövlətlərdə qərəzlilik zəminində cinayətlərin çoxunun qurbanları ya qisasdan qorxduqlarına, ya da zərəri kiçik hesab etdiklərinə görə insidentlər haqqında ümumiyyətlə məlumat vermirlər. 21 iyul zorakılığı bu baxımdan istisnadır və qurbanların hamısı faktların bu hesabata daxil edilməsinə kömək göstərməyə razılıq veriblər, çünki ABŞ-ın ədalət mühakiməsinə tam etibar edir və inanırlar ki, ABŞ hökuməti onları ermənilərin gələcək hücumlarından müvafiq müdafiə ilə təmin edəcəkdir.
 


Əmir Əliyev işçi qrupunun üzvləri adından hesabatın dərc edilməsində dəstəyinə görə BDU-nun rektoru Elçin Babayevə və MG Consulting şirkətinin direktoru Məhəmməd Quluzadəyə minnətdarlıqlarını bildirib.



“Şəffaflıq Azərbaycan” təşkilatının rəhbəri, tanınmış hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, qeyd edilən zorakılıq faktlarına görə Los-Ancelesin hüquq-mühafizə orqanlarının nifrət zəminində cinayət maddəsi üzrə cinayət işi başlaması və iyulun 21-də ermənilər tərəfindən törədilmiş “kütləvi zorakılığı” nifrət zəminində cinayət kimi araşdırması üçün tam olaraq qanunverici və faktoloji əsas var. “Bərabərlik prinsipinə sadiq olan cəmiyyət qərəzlilik zəminində cinayətləri digər cinayətlərdən fərqləndirməli və bu cinayətlərə görə daha ağır cəza təyin etməlidir”. Bunu nəzərə alaraq hesabatın sonunda oxşar hadisələrin ABŞ və digər dövlətlərdə gələcəkdə qarşısının alınmasına yönələn müraciətlər yer alır. Belə ki, müvafiq dövlət, o cümlədən hüquq-mühafizə orqanları etnik azərbaycanlılara qarşı etnik ermənilər tərəfindən ciddi nifrət və kinin olmasında məlumatlı olmalıdırlar ki, gələcəkdə zorakılıqların qarşısını alsınlar.



MG Consulting şirkətinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Quluzadə bu istiqamətdə mühüm faktları əsaslı dəlillərlə təqdim edərək bildirib ki, hesabatın məqsədi şahid ifadələri, foto-video materiallar, elmi mənbələr, məhkəmə işləri və beynəlxalq hüquqi sənədlər əsasında Los-Anceles şəhərində azərbaycanlılara qarşı erməni diasporu nümayəndələrinin törətdiyi əməlləri nifrət cinayəti kimi sübuta yetirmək və ABŞ-ın müvafiq hüquq-mühafizə və digər orqanlarına, eləcə də insan hüquqları sahəsində çalışan təşkilatlara ingilis dilində ətraflı məlumat təqdim etməkdir.



İyulun 21-də Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu ilə üzbəüz 3-5 min erməni etiraz aksiyası keçirərkən buna 30-60 azərbaycanlı etirazçı çıxışı edib. Getdikcə gərginliyin artdığını görən Los-Anceles polisi azərbaycanlılara təhlükəsiz təxliyə dəhlizi yaratmaq qərarına gəlir. Lakin 200-300 aqressiv erməni azərbaycanlıları təqib edib, etiraz aksiyası yerindən təxminən 300 metr aralıda nifrət hissi ilə onları zorakılığa məruz qoyub. Hücum zamanı ermənilər buzlu su butulkaları, daşlar, taxta dəyənək, parkovka konusu, çəkic və digər alətlərdən istifadə ediblər. Hücum nəticəsində 20-yə yaxın azərbaycanlı fiziki zorakılığa məruz qalıb, o cümlədən yeddi azərbaycanlı (bir qadın da daxil olmaqla) və bir polis məmuru bədən xəsarətləri alıb, onlardan dördü tibbi müalicə alıb. Bir nəfər ikinci dərəcəli beyin silkələnməsi diaqnozu ilə evdə üç həftə müalicə olunub.



Üç şahid bildirib ki, etiraz zamanı bir neçə erməninin qadağan edilmiş erməni terror təşkilatı ASALA-nın loqosu və adı olan paltar geyindiyini görüb (bu fakt foto və video sübutları ilə də təsdiqlənib). Hadisədən sonra ermənilər azərbaycanlıları döydüklərini nümayiş etdirən videoları sosial şəbəkədə xüsusi fəxr hissi ilə paylaşıb, etnik türklərin və azərbaycanlıların ünvanlarını tapmaqda kömək edənlərə 500 ABŞ dolları mükafat təklif edib və azərbaycanlı hamilə qadınlarının qətlə yetirilməsinə dair çağırış ediblər.



Daha sonra Məhəmməd Quluzadə qeyd edib ki, Los-Ancelesdə ermənilərin azərbaycanlılara qarşı zorakılığı Kaliforniyanın federal qanunvericiliyində, eləcə də milli və etnik mənsubiyyətə əsaslanan ayrı-seçkiliyi qadağan edən insan hüquqlarına dair beynəlxalq sənədlərdə əks olunmuş nifrət zəminində cinayətlər anlayışının əhatə dairəsinə açıq-aydın düşür.



Hüquq üzrə elmlər doktoru Turqay Hüseynov, Ankara Universitetinin Hüquq fakültəsinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Cavid Abdullazadə, Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru Bəhruz Məhərrəmov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev və digər çıxış edənlər hesabatın əhəmiyyətini və beynəlxalq praktikaya söykəndiyini vurğulayıblar.



Sonda İşçi qrupu tərəfindən ABŞ-ın müvafiq hakimiyyət, hüquq-mühafizə orqanları və digər qurumlarına aşağıdakı istiqamətlərdə müvafiq tədbirlərin həyata keçirilməsi üzrə bir sıra müraciətlər edilib. Məsələn, Los-Ancelesdə etnik ermənilərin nifrət zəminində etnik azərbaycanlılara hücum etməsinə hüquqi qiymət verilməsi və təqsirkar şəxslərin nifrət cinayəti əsasında məsuliyyətə cəlb edilməsi ilə bağlı hərtərəfli araşdırmanı davam etdirməklə bu işə ciddi nəzarət edilməsi; etiraz nümayişini təşkil etmiş ANCA-nın nifrətə əsaslanan zorakılığa təhrikçiliyə görə məsuliyyətə cəlb edilməsi, o cümlədən müsahibəsində nifrət, ayrı-seçkilik və zorakılığı aşılayan fikirlər bildirildiyinə görə ANCA tərəfindən müsahibəni silməklə rəsmi üzr istənilməsi; iki erməni terror təşkilatı – ASALA və “Daşnaksutyun”un ABŞ-da güman edilən gizli dayaqlarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi; Los-Ancelesdə və ondan kənarda etnik ermənilər tərəfindən gələcəkdə nifrət zəminində baş verə biləcək cinayətlərin davamlı monitorinqinin aparılmasının nəzərdə tutulması və s.



Hesabat Azərbaycan və ingilis dillərində dərc edilib. Hesabatın ABŞ-da, Azərbaycanda və digər ölkələrdə 100-dən çox milli və beynəlxalq qurumlara göndərilməsi nəzərdə tutulur.



Hesabat BDU Hüquq fakültəsinin, MG Consulting şirkətinin və “Şəffaflıq Azərbaycan” təşkilatının saytlarında yerləşdiriləcək.



Mətbuat konfransında 30-dan çox kütləvi informasiya vasitəsi nümayəndəsi və digər mütəxəssislər iştirak edib.



Hesabatın sonunda mətbuat nümayəndələrinin sualları İşçi qrupu tərəfindən cavablandırılıb.


https://azertag.az/xeber

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !