KƏRAMƏTİ YAYIMA ÇIXARAN KƏRAMƏTLƏR... - -Taleh Şahsuvarov yazır

KƏRAMƏTİ YAYIMA ÇIXARAN KƏRAMƏTLƏR... -Taleh Şahsuvarov yazır

Abırlı-ismətli ziyalılarımız yenə susaraq gündəyməzlərini qorumaqla məşğuldurlar. Bəziləri isə sabiq baş prokuror Eldar Həsənovu hələ məhkəmə zalından təcridxanaya çatmamış "siyasi məhbus" çıxarır və ictimai rəyə mesajlarını verdikdən sonra hakimiyyətin də yanında "yaxşı oğlan" kimi qalmaq üçün statuslarını silirlər. Sədri qlobal bir media şəbəkəsinin on line toplantısında iştirak edən Mətbuat Şurası özü on line toplana və bir məqalədə jurnalistlərin peşə davranış qaydalarının pozulub-pozulmaması haqda müəllifin özünün etdiyi müraciəti cavablandıra bilmir. Azərbaycan hakimiyyətinin opponentləri Belarusda baş verənlərdən siyasi mübarizədə psixoloji üstünlük qazanmaq üçün gen-bol istifadə edir, iqtidarın sayəsində özünə hər cür şərait quranlar da onlarla həmrəylik nümayiş etdirir. Xalqa, dövlətə, prezidentə qarşı olduqca neqativ tendensiyalar aləmi bürüyüb.
Bu neqativ tendensiyalar arasında ən pisi, ən rəzili Azərbaycan insanını Qarabağdan, vətən davasından soyutmaqdır. Bunun üçün cəmiyyətimizdə illərdir məqsədyönlü təbliğat aparılır. "Mənim üçün fərqi yoxdur Zəngilan Ermənistanın ərazisidir, yoxsa Azərbaycanın, mən oraya gedib-gəlmək istəyirəm" deyənlər vardı, yadınızdadırmı? Bax, o layihənin davamıdır Kəramətin addiksiyalarından istifadə edib, içirdib, içmək üçün cibinə beş-on manat qoyub onun dilindən "mənim oğlum 18 yaşına çatanda vətənə niyə borcu olsun ki?" sualını səsləndirmək. Mən Kərəmati çoxdan, 10 il öncə tanıyıram. Müəyyən qədər istedadı olan yanğılı gənc idi. Yaradıcılıq yanğısı, vətən yanğısı vardı. İndi hər iki yanğını yırtıcılıq instinktləri əvəzləyib. Təcili cəmiyyətdən kənarlaşdırılmalı, müalicə olunmalıdır. İçki bütün həyatını param-parça edib, əvəzində o, Azərbaycanda hər kəsi, elə vətənin özünü də param-parça görmək istəyir. Kəramət özü-özlüyündə qorxulu deyil, müalicə olunandan, dövlətin və millətin qayğısını gördükdən sonra səhvini başa düşər, çıxıb üzr də istəyər. Qorxulu olan tendensiyadır.
O tendensiyadır ki, Qabil kimi bir debilin, dələduzun, "Ukrayna Rusiyaya atom bombası atacaq, hazirlaşın inqilab edirik" deyən bir zırramanın hələ də minlərlə izləyicisi var. Qabaqlar bazarlarda ağıldankəmlər olardı, meymunluq edərdilər, camaat başlarına toplaşardı. İndi elənçinə meymunluq edənlər çoxalıb, camaat isə sosial şəbəkələrdə başına toplaşıb qıy verir. Sumqayıt hadisələri ilə bağlı "Qriqoryan işi"ndə azərbaycanlılara ölüm hökmü tələb etmiş, Elçibəyi, Heydər Əliyevi, İlyas İsmayılovu, Rəsul Quliyevi, İlham Əliyevi, Əli Kərimlini, Cəmil Həsənlini hər siyasi mövsümdə bir digərinə satmış, Ulu Öndər Heydər Əliyevə parlament tribunasından ağ yalan danışmış, Milli Şuranın baza təşkilatı olan forumun qurulmasında iştirak etmiş, ağzını müxalifətin mitinq mikrafonuna söykəyib öz bioqrafik məlumatlarını danmış, gah Qazaxda, gah da Gürcüstanda anadan olduğunu deyərək doğum yerini və adını belə dəyişdirmiş, Türkiyə vətəndaşı olan ermənilərdən şəxsən etibarnamə alaraq azərbaycanlı iş adamlarına təhqirlər yağdırmış, Ramil Səfərovun ölkəyə qaytarılması zaman "prezidentin verdiyi əfv sərəncamı qanunsuzdur" deyə ermənilərlə yanaşı bar-bar bağırmış, Xəzərin sahilində torpaq zəbt etmiş, Eldar Həsənova mədhiyyələr demiş, BBC-nin efirindən "İlham Əliyev 15 il Azərbaycanı idarə etməyib" deyə dövlət başçımıza böhtan atmış Aslan İsmayılovu "ziyalı" adı ilə İTV-yə çıxaranda, dövlətin masasında otuzduranda və bunu onun çox "layk toplaması" ilə izah edəndə axırı belə olur.
Dövlətin reflekslərini ardıcıl surətdə işlək görməyən kəramət kimiləri "bu Aslan İsmayılov və oğlu erməni diasporunun nümayəndəsi Kristina Puşaunun layihəsində iştirak edir və ya dəstək verirdi. Əvəzində dövlətin masasında otururlar, televiziyasında "samballı adam" kimi kimi çıxış edirlər. Mən niyə bu yolu getməyim" deyibən layk uğrunda qovğaya çıxırlar. Dünən Aslan İsmayılov kimilər artıq vəzifədə olmayan şəxsləri, bu gün Mikayıl Cabbarovu, Samir Nuriyevi, Fuad Ələsgərovu şantaj edir, onun gənc, təcrübəsiz və içkidən asılı davamçıları isə daha da irəli gedərək prezidentin özünü, vətənə borcunu kişi kimi yerinə yetirmiş oğlunu hədəfə alır. Dünənə qədər dövlət başçısına və onun tərəfdarlarına qarşı söyüşün, təhqirin mərkəzi Avropa idi, bu gün həmin dalğa ölkənin içinə ötürülüb. Azərbaycanın formalaşmaqda olan dövlət ənənələrini, ailə dəyərlər sistemini dağıtmaq üçün mütəşəkkil bir dəstə fəaliyyət göstərir. Mübariz İbrahimovun təhqir edilməsi ilə Sevinc Mirzəyevanın Tovuz döyüşlərində erməniləri müdafiə etməsi arasında bağı görmək o qədərmi çətindir? Prezident tərəfindən sayılıb-seçilən imzalara verilən evin orderini sorğu-sual etmək yerinə, 2018 və 19-cu illərdə NED-dən Azərbaycana ayrılmış milyonlarca qrantın kimə ötürülməsi niyə araşdırılmır? Axı Azərbaycan dövlətinə, xalqına və hakimiyyətinə təhlükə, məsələn, Zahid Nurəliyev, Fazil Əhməd, Aqil Aslan və digərləri deyil, məhz ölkəyə qaçaq pul keçirənlərdir?!. Kəramət kimilər hər nə olsalar da, sarsaq deyillər. Yaxşı görürlər ki, Azərbaycan prezidentini hər gün, ardıcıl, sistemli, intellektual şəkildə müdafiə edən Mirşahin tenderdə iddiaçı olduğu radio tezliyini ala bilmir, Vüsal Məmmədov, bir filmdə deyildiyi kimi, "kontrabasda tək çalır", Sənan Nəcəfov təltiflərdən qıraqda qalır, Taleh Şahsuvarlı məhkəmələrə çəkilir, bunun qarşılığında 2013-cü ildəki prezident seçkilərində Abbas Abbasovun pulları ilə İlham Əliyevi Rüstəm İbrahimbəyovla əvəzləmək istəyənlərin hamısına məclisin yuxarı başında yer göstərilir. Satqınçılıq, ikiüzlülük, riyakarlıq dəyərə çevriləndə, xoş üz görəndə, haça-paça qalanlar, hakimiyyət də qarışıq ölkədəki bütün açıq və gizli siyasi qüvvələrdən pul qopardanlar "müstəqil"lik çətirini başına tutub əda ilə ortalıqda dolaşanda, Heydər Əliyevin yeni azərbaycançılıq fəlsəfəsini dərk etməyə nə intellekti, nə də həvəsi olanlar nazirliklərdə, icra hakimiyyətlərində yüksək vəzifələrə təyin olunanda, əlbəttə söyənlərin dili həm açılacaq, həm də uzanacaq, üstəlik, sayları da çoxalacaq.
Bir zamanlar İstanbulda bir Bəkri Mustafa varmış. Səfil, içki düşkünü, əyyaş imiş. Bir gün başına bir çalma bağlayıb məscidin qabağından keçəndə görür ki, cənazə var, amma meyiti götürəcək imam xəstələnib camiyə gəlmədiyi üçün ölüyə namaz qıldıran yoxdur. Başındakı çalmanı görüb yapışırlar bundan. Bəkri Mustafa cənazə namazını qıldırır, meyiti aparıb qəbrə qoyanda deyir:
- Axirətdə səndən soruşacaqlar ki, o dünyada nə var, nə yox, deyərsən ki, day heç zad, Bəkri Mustafa imam olmuş...
İşdir koronavirus-filan tutub ölsək, vəfat xəbərimiz saytlardan çıxarılsa belə, o dünyada məndən Azərbaycanı xəbər alsalar mütləq deyəcəm:
Day heç zad, iqtidarın ziyalısı Aslan İsmayılov, müxalifətin təbliğatçısı Kəramət Böyükçöl olmuş, camaat da Bayram Nurlu ilə məzələnir.... 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !