AMADA-dan Ramin Əzizov haqqında açıqlama -

AMADA-dan Ramin Əzizov haqqında açıqlama

İdmançı Ramin Əzizovdan test nümunəsinin guya idmançı karyerasını bitirdikdən sonra götürülməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
Yığma komandanın üzvü olan idmançı Ramin Əzizovdan 2019-cu ilin 28 dekabrında Azərbaycan Çempionatı zamanı nümunə toplanmışdır. Həmin nümunədə Qadağan edilmiş Maddə və ya onun Metabolit yaxud Markerlərinin mövcudluğu (S8. Kannabinoidlər / Carboxy-THC) aşkarlanıb. Laborator müayinənin nəticəsi məlum olduqdan dərhal sonra yarış zamanı aşkarlanan qayda pozuntusu barədə 12 fevral 2020-ci il tarixində idmançı və müvafiq instansiyalar rəsmi məlumatlandırılmışdır.

Azərbaycan çempionatında iştirak edən idmançılar adətən növbəti il üçün yığma komandaya qatılmaq məqsədilə çıxış edirlər. Həmçinin, 28 dekabr 2019-cu ildə keçirilən dopinq nəzarətindən sonra da idmançı Ramin Əzizov 2020-ci ilin fevral ayında beynəlxalq yarışda iştirak etmişdir.

Antidopinq Qaydalarına əsasən araşıdırılmalar aparılmış və nəticədə idmançı Ramin Əzizova 2 illik diskvalifikasiya sanksiyasının tətbiq edilməsi ilə bağlı təklif edilmiş və o, bununla razılaşaraq sanksiyanın qəbul edilməsi formasını imzalamışdır. Bunun nəticəsində 6 iyul 2020-ci il tarixində AMADA tərəfindən idmançı Ramin Əzizov barəsində 24 ay (iki il) müddətinə idmandan uzaqlaşdırılma qərarı qəbul edilib. Qəbul edilmiş qərar həm idmançıya, həm də müvafiq instansiyalara göndərilmişdir.

Qeyd edək ki, bütün hüquqi prosedurlar tamamlandıqdan sonra 13 avqust 2020-ci il tarixində idmançının barəsində 24 ay (iki il) müddətinə idmandan uzaqlaşdırılma qərarı açıqlanıb. İdmançının sanksiya müddəti 25 fevral 2020-ci il tarixində başlayıb və 25 fevral 2022-ci il tarixində bitəcək.

İdmançı barəsində idmandan uzaqlaşdırılma qərarının verilməsi onun sonradan idmanı tərk etməsi ilə heç bir halda hüquqi ziddiyyət yaratmır. Antidopinq Qaydalarına əsasən AMADA tərəfindən nəticələrin emalı prosesi davam edərkən, idmançı yaxud digər şəxs idmanı tərk edərsə, AMADA nəticələrin emalını başa çatdırır.

Bununla bağlı, əgər idmançı yenidən idmana qayıtmaqla bağlı qərar versə, idmanla məşğul olmaq üçün sanksiya müddətinin bitməsini gözləməli və idmana qayıtmazdan 6 ay öncə AMADA-nı məlumatlandırmalıdır.

Qeyd edək ki, “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qəbul edilmiş qərarların icrası müvafiq respublika idman federasiyaları tərəfindən təmin edilir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !